Köhnə komanda Paşinyanı devirmək istəyir
Tarix: 24-07-2023 10:31 | Bölmə: Slayd
Köhnə komanda Paşinyanı devirmək istəyir

"Ermənistanın keçmiş rəhbərləri Köçəryan, Sarkisyan və onları təmsil edən Oskanyan, Oqayan və başqa əlaltıları yekdilliklə baş nazir Nikol Paşinyanı qondarma “arsax”ı xaincəsinə təslim etməkdə ittiham edirlər”.

Bunu Reyting.az-a Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov bildirib ki, buna baxmayaraq, həmin komanda təklif etdiyi alternativ hərəkətlərin uğurunu rasional olaraq əsaslandıra bilmir.

Onun sözlərinə görə, güc balansı, eləcə də İrəvanda mövcud olan resurslar və imkanlar əsasında edilə bilən hər şeyi Paşinyan hökuməti həyata keçirməyə çalışır.

Musabəyovun fikrincə, Paşinyanın opponentləri, əslində, hakimiyyətə qayıtmağa çalışır.

Buna baxmayaraq, 2018-ci ildə devrilən klanlar diplomatik səylərlə İkinci Qarabağ müharibəsini təkrarlamaq və ya itkiləri minimuma endirmək iqtidarında deyillər. Musabəyov əlavə edib ki, həmin klan “miatsum”un şərəfsiz sonunun bütün məsuliyyətini Paşinyanın üzərinə qoyaraq, onu yıxmaq və oğurlanmış əmlakın qalıqlarını hədələyici müsadirədən xilas etməyə can atır.

Deputat sonda xatırladıb ki, baş nazir Paşinyan bu yaxınlarda komplementarizmi (V. Oskanyanın Xarici İşlər Nazirliyinin rəhbəri olarkən hər cür işləri və reklam etdiyi prinsipi) Ermənistan üçün fəlakətli səhv adlandırıb. Yəni bu, Oskanyana dolayı xəbərdarlıqdır. Çünki devrilmiş klanın təkcə siyasi və diplomatik deyil, həm də maliyyə baxımından çoxlu şübhəli işləri var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər