Professor: “Xankəndi şəhərindəki aksiyadan bir həftə keçir, amma...”
Tarix: 25-07-2023 13:22 | Bölmə: Slayd
Professor: “Xankəndi şəhərindəki aksiyadan bir həftə keçir, amma...”

“Xankəndi şəhərində yaşayan ermənilər aqoniya içindədir. Hesab edirəm ki, bir neçə gün əvvəl Şuşa şəhərində keçirilən Qlobal Media Forumunda prezident Əliyev həm çıxışı zamanı, həm də sualları cavablandırarkən ermənilərə bəlli mesajlar verdi. Bu mesajlarla deyildi ki, Azərbaycan mövqeyini dəyişməyib, hər hansı güzəştdən söhbət belə gedə bilməz, ermənilərə dialoq üçün üçüncü şans verilmir, qeyri-qanuni qurum nümayəndələri ilə əlaqə olmayacaq və s. Yəni ermənilərə açıq deyildi ki, Azərbaycan dövlətinin mövqeyində dəyişiklik yoxdur. Həmçinin Xankəndidəki separatçı erməniləri dəstəkləyənlərə, onlara təlimat verən xarici qüvvələrə də açıq mesajlar verildi”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev deyib.

C. Nuriyev bildirib ki, artıq ermənilərin əli hər yerdən üzülüb, problemləri olduğu kimi qaldığından və daha da dərinləşdiyindən aqoniya içindədirlər:

“Ermənilər anlayırlar ki, çıxılmaz vəziyyətə düşüblər və oradan necə çıxacaqlarını bilmirlər. Çünki belə vəziyyətə düşəcəklərini gözləmirdilər. Öyrənmişdilər ki, hər şeyi pulla, lobbi qrupları vasitəsilə əldə etsinlər, havadarlarından dəstək alsınlar və s. Amma son illər buna əks proses baş verdi”.

Professor əlavə edib ki, ermənilər son yüz ildə çox şey əldə ediblər, o cümlədən qarış-qarış Azərbaycan torpaqlarını:

“İndisə bütün bunlara görə, cavab vermək zamanı gəlib. Anlayırlar ki, bu yol onlar üçün qorxuludur. Odur ki, Xankəndidə başlatdıqları aksiyadan bir həftə zaman keçir, amma dəyişən heç nə yoxdur. Varsa da, onların əleyhinədir”.

C. Nuriyev xatırladıb ki, Ağdamın Şahbulaq kəndindən Xocalıya məsafə cəmi 3-4 kilometrdir. Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunu Əsgəran istiqamətindən bağlamaq daha ağlabatan olardı, amma ermənilər bu addımı Xocalı hava limanına yaxın ərazidə həyata keçirirlər: “Bütün bunlar oyundur. Prezident Əliyev Xocalının Çanaqçı və Sığnaq kəndinə səfər etdi və Sığnaqda qayanın üzərinə çıxdı. Həmin qayadan baxanda Xankəndi ovucun içindəki kimi görünür. Prezident bununla mesaj verdi ki, biz buradayıq, istədiyimiz an gələ bilərik, xarici havadarlarınıza o qədər də güvənməyin. Odur ki, həm Araik Artunyan, həm də digər separatçılar boş şeydir, onların nəsə etmək imkanı yoxdur və düşdükləri vəziyyətdən çıxmaq ümidləri sıfırın altındadır”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər