Alman generalının casus qızları: onlar Stalinə nələr ötürüb? - Foto
Tarix: 25-07-2023 18:50 | Bölmə: Slayd
Alman generalının casus qızları: onlar Stalinə nələr ötürüb?

Hitler hakimiyyətə gələndə yüksək rütbəli alman generalının iki qızı Kommunist Partiyasının casusu oldu. Yeni tərcümeyi-halına dair yeni faktlar təkcə həmin iki qızın həyat hekayətindən bəhs etmir. Faşizmə və onun aristokratik qaydalarına nifrət onların öz sinfinin satqınlarına necə çevirdiyini göstərir.

Reyting.az
xəbər verir ki, bu barədə “Fararu” yazıb.

Məqalədə qeyd olunur:

1930-1934-cü illərdə Kurt fon Hammerştayn alman ordusunun ali komandanlığının rəhbəri olub. Qızı Mariya-Luiza həyatının çox hissəsini sağçı elit dairələrdə keçirirdi, lakin o, sədaqətli kommunist idi və hakim sinfə yaxınlığından istifadə edərək atasından məxfi sənədləri oğurlayır və solçu qəzetlərə təqdim edirdi. Bu marksist qız Almaniya Kommunist Partiyasının (KPD) kəşfiyyat xidmətində işləyirdi. Ailəsi onu "Butzi" adlandırırdı. Mariya-Luiza fon Hammerştayn sərbəst bir inqilabçı idi. O, Verner Şolem adlı bir hüquq tələbəsi ilə qısa və ehtiraslı münasibət qurdu. Lakin Şolemin ifrat yanaşması və Sovet lideri İosif Stalinə qarşı çıxması onun Almaniya Kommunist Partiyasının rəhbərliyindən qovulmasına səbəb oldu.

Kanadada təqaüdçü bir professor olan Yacoben alman dilində Hammerştaynın üç böyük qızının tərcümeyi-halını - "Hammerştayn qızları: Ənənə ilə Müqavimət Arasında Əsl Ailə" başlıqlı kitab nəşr etdirib.

Onun köməkçisi Qotfrid Paş Kurt fon Hammerştaynın nəvəsi və həmin generalın ikinci qızı Mariya Terezanın oğludur. Paşe ailə arxivlərinə və qohumları ilə şəxsi söhbətlərinə istinad edərək, sadəcə, ailə sirlərinin açılmasından daha çox əhəmiyyət kəsb edən bir hekayət təqdim edib.

Ailədə bir yox, iki cəsur casus var idi.



1929-cu ildə Mariya-Luiza atasının masasından bir məktub oğurladı. Həmin sənəd tezliklə kommunist “Die Rote Fahne” qəzetində dərc olundu.

Kiçik bacı Helqa 17 yaşında casusluğa başlayıb. 1933-cü ilin əvvəlində Helqa Adolf Hitlerin alman generallarına verdiyi gizli çıxışın mətnini oğurlayıb. Kommunist casuslarının dərhal Moskvaya göndərdiyi həmin çıxışda Hitler Sovet İttifaqına qarşı təcavüzkar niyyətlərini ortaya qoyurdu.

Alman tarixinin böyük bir hissəsi bu kiçik aristokrat evinin hekayətində cəmləşib.

Kurt fon Hammerştaynın iki oğlu 20 iyul 1944-cü ildə Hitlerə qarşı sui-qəsddə iştirak etdi. Onun iki qızı kommunist idi. Digər tərəfdən, onların babası, Kurtun qayınatası Valter fon Lutvitz, 1920-ci ildə Veymar Respublikasına qarşı çevrilişə rəhbərlik edən ifrat sağçı general idi.

Hammerştayn ailəsinin ziyafətlərində dövrün bütün siyasi spektrinin nümayəndələri iştirak edirdi. Bu mühafizəkar prussiyalı generalı uşaqlarına çoxlu fəaliyyət azadlığı vermişdi. Ailənin övladlarının meylindən narahat olduğunu bildirən dostlarına isə adətən deyirdi: “Onlar azad respublikaçılardır”.

Ailənin qızları gecə-gündüz malikanələr və məktəblər arasında gedib-gəlir, yeri gəlmişkən, burjua sinfi əleyhinə gənclərin “Vandervogel” hərəkatına qoşulmuşdular. Onlar Berlinin zəngin qərb məhəlləsindəki evlərindən uzaqlaşaraq sosialist tələbə klubuna qoşulub Karl Marksın düşüncələri ilə tanış olmuşdular. Butzi hətta 1929-cu il mayın 1-də Berlində keçirilən qanunsuz "Qanlı May Günü" nümayişləri zamanı həbs olunub. Mari-Luiza və onun dostu Almaniya Kommunist Partiyasına üzv olmaq üçün müraciət etdikdə general evində yaşayırdılar. Kim onlardan daha yaxşı məlumat mənbəyi ola bilər?

Onlar nasist Almaniyasında Sovet İttifaqı nəfinə casusluqda böyük rol oynayan və tezliklə Helqanın ən yaxın dostuna çevrilən gənc yəhudi Leo Rotla tanış olurlar.

1920-ci illərdə Kurt fon Hammerştayn bəzən "Qırmızı General" adlandırılırdı. Sosializmə rəğbət bəslədiyinə görə yox, ona görə ki, o, Almaniya Vermaxtı ilə Qırmızı Ordu arasında gizli əməkdaşlığa cəlb olunmuşdu və Sovet İttifaqına dostcasına hörmət bəsləyirdi.

Alman zabitləri arasında solçuluğun hər hansı bir izi "qırmızı" olaraq etiketlənirdi. Hammerştaynın ordudakı qüvvələr nisbətinə real baxışı ruslara qarşı müharibə etmək niyyətinə “yox” deyirdi. Hitler hakimiyyətə gələndə Hammerştayn dərin narahatlıq hiss etdi.

Mühafizəkarlar və liberallar onu tez-tez anti-faşist döyüşçü və ya müqavimət döyüşçüsü hesab edirdilər. Rəsmi rəvayətdə vurğulanır ki, Hitler hakimiyyətə gəldikdən sonra Hammerştayn fövqəladə vəziyyət elan etmək, Hitleri həbs etmək və Almaniya Sosial Demokrat Partiyası ilə birləşmək ideyası ilə məşğul olub.

O, 1918-1919-cu illər inqilabı zamanı sülh və asayişin bərqərar olması üçün Berlinə göndərilmişdi. Hammerştaynın əsgərləri minlərlə inqilabçı fəhləni qətlə yetiriblər. Sonradan general nasist partiyasına birləşən Freikorps və ifrat sağçı paramilitar qrupların yaradılmasına kömək edib. Təbii ki, Hammerştayn 1920-ci ildə hərbi diktatura qurmaq istəyərkən qayınatası Lutvitslə əlbir olmayıb. O, aristokratların rəhbərlik etdiyi mühafizəkar respublika qurmaq niyyətində idi. Hitler soyqırımı başlamazdan əvvəl 1934-cü ildə alman ordusundan tərxis olunub və 1943-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.

Gestapo illərlə Mariya-Luizanı izləyib və 1929-cu ildən onun gizli casusluq sənədlərini üzə çıxarıb. Müharibənin son aylarında onun bir neçə ailə üzvü həbs edilib. 1945-ci ildən sonra Mariya-Luiza nəhayət ki, Almaniya Kommunist Partiyasının Münhen şöbəsinə üzv olub. Bir müddət ailəsi ilə birlikdə Qərbi Berlində yaşadıqdan sonra o, övladlarını nasist müəllimləri və hakimləri olmayan bir ölkədə böyütmək istədiyi üçün sovetlərin nəzarətində olan Şərqə köçüb. Almaniya Demokratik Respublikasında (Şərqi Almaniya) vəkil kimi çalışıb və öz adından "fon" aristokratik titulunu çıxararaq Mariya-Luiza Hammerştayn olub. O, casusluq fəaliyyətinə görə anti-faşist müqavimət döyüşçüsü kimi medal və təqaüd alıb.

Bunun əksinə olaraq Helqa Qərbi Berlində yaşayıb və məşhur memarla (başqa bir keçmiş kommunist) evlənib. Qadın ömrünün sonuna kimi susub. 1936-cı ildə sevgilisi Leo Rot 1937-ci ildə güllələnib. O vaxt Rotun cəmi iyirmi yeddi yaşı var idi. Helqa hətta ağrısını heç kimlə bölüşə bilməyib.

Hammerştaynın digər qızı Mariya Tereza da bacılarının sosial mühiti sevmədiyini və faşizmə dərin nifrətini bölüşüb, lakin heç vaxt kommunist olmayıb. O, əvvəlcə sionizmə meylləndi və yəhudi dostları ilə Fələstində icma yaratdı, sonra isə sağçı ezoterik Rudolf Stayinerin antroposofiya təriqətinə qoşuldu. Daha sonralar əri ilə Yaponiyaya köçdü. Daha sonra Amerikaya getdi.

Alman kommunist casuslarının böyük faciəsi onların fədakarlığının bağlı olduğu ümidin tamamilə puç olması idi. Müxtəlif ölkələrdəki “qırmızı agentlər” 1941-ci ildə faşistlərin Sovet İttifaqına hücum planları barədə dəqiq və vaxtında xəbərdarlıq edirdilər. Lakin Hitlerlə bağladığı müqaviləyə arxalanan Stalin bütün bu xəbərdarlıqlara məhəl qoymadı.

Tarixçi Herman Veberin dediyi kimi, Stalin alman kommunistləri üçün Hitlerdən daha ölümcül fiqur idi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər