AZAL qanunlara tabe olmur
Tarix: 26-07-2023 19:01 | Bölmə: Slayd
AZAL qanunlara tabe olmur

Azərbaycanda bu ilin yanvar-iyun aylarında hava nəqliyyatından 2 milyon 464 min nəfər istifadə edib. 2022-ci ilin 6 ayı ərzində bu göstərici 1 milyon 634 min nəfər olub. Deməli, sərnişindaşıma 1,5 dəfə artıb.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

N. Cəfərli rəsmi məlumatlara istinadla qeyd edib ki, hava nəqliyyatı ilə sərnişindaşımanın yarıdan çoxunu - 50,18 faizini Azərbaycanın ən iri aviaşirkəti olan AZAL həyata keçirib, yerdə qalan 49,82 faizi isə müxtəlif xarici şirkətlərin payına düşüb.

İqtisadçının sözlərinə görə, xarici şirkətlərin bir çoxu öz reyslərini AZAL-la birgə həyata keçiriblər, yəni AZAL həmin reyslərdən də pay alıb.

N. Cəfərli əlavə edib ki, ən çox sərnişin “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb.

Bundan başqa, qiymətin formalaşmasına təsir göstərən yerüstü xidmətlər də AZAL-ın nəzarətindədir və o, xarici şirkətlərə yerüstü xidmət qiymətlərini diktə edir, bu isə biletlərin baha olmasına birbaşa təsir göstərir.

N. Cəfərli bildirib ki, qonşu Gürcüstanda 2022-ci ildə hava limanlarından 4,4 mln. sərnişin istifadə edib: “Gürcüstanda quru sərhədlər həmişə açıq olub, amma təyyarələrdən istifadə edənlərin sayı 2021-ci ilə görə 78 faiz artıb. Deməli, quru sərhədləri bağlı saxlamaqla hava nəqliyyatını inkişaf etdirmək tezisi mənasızdır”.

N. Cəfərli Gürcüstanda şirkətlərin bazar payını da maraqlı hesab edir:

“Gürcüstan bazarında 41 aviaşirkət 60-dan çox istiqamət üzrə uçuşlar həyata keçirir. Birdən düşünərsiz ki, bu ölkənin dövlət şirkəti olan “Georgian Airways” da yəqin böyük bazar payına malikdir. Yox, “Georgian Airways” şirkətinin sərnişindaşımada bazar payı cəmi 3 faizdir, 1-ci yerdə 12,9 faizlə “Wizz Air” şirkətidir. Hətta AZAL belə bazarda 5 faizlə “Georgian Airways” şirkətindən öndədir”.

Gürcüstanın hava limanlarında yerüstü xidmətlərə gəlincə, bunu özəl şirkətlər həyata keçirir, yəni bu sahə dövlət şirkətinin əlində deyil.

İqtisadçı bildirib ki, rəsmi rəqəmlərlə 50 faizdən çox birbaşa bazar payına malik olan AZAL inhisarçıdır: “Bunu mən yox, qanun belə deyir. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsində yazılıb ki, bazarda payı 35 faizdən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur və ona qarşı qanun işə düşür. Bəs AZAL-a qarşı bu qanun niyə işləmir?!”

N. Cəfərli sonda əlavə edib ki, qanunla dövlət AZAL-ın qiymətqoyma siyasətinə müdaxilə edə, tənzimləyə bilər, amma hansısa səbəbdən bunu etmirlər.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər