Professor: “Belə təxribatlarla Azərbaycanı nəyəsə məcbur etmək mümkün deyil”
Tarix: 27-07-2023 12:13 | Bölmə: Slayd
Professor: “Belə təxribatlarla Azərbaycanı nəyəsə məcbur etmək  mümkün deyil”

“Azərbaycan Dövlət Sərhəd Xidməti hələ bir neçə gün əvvəl xəbərdarlıq etmişdi ki, Ermənistan tərəfindən təxribatlar gözlənilir. İndi baş verənlər əslində “humanitar yardım” adı altında növbəti erməni təxribatıdır, siyasi şoudur. Əslində Xankəndi şəhərində ağır vəziyyət yaranmayıb ki, humanitar yardıma da ehtiyac olsun. Üstəlik, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan insanların təminatı Ağdam-Bərdə yolu vasitəsilə təmin edilə bilər və bu baxımdan problem yoxdur. Ancaq Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edir, digər tərəfdən də dövlət sərhədimizi qanunsuz keçmək üçün siyasi şou düzəldir. Əlbəttə, bütün bunlar əsassızdır və erməni xislətinin növbəti təzahürüdür”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev Ermənistanın Azərbaycan dövlət sərhədinin “Laçın” sərhəd-keçid məntəqəsi ətrafındakı siyasi şousundan danışarkən bildirib.

Hüquq professorunun fikrincə, bütün bu təxribatların bir məqsədi var - Azərbaycan dövlətinin siyasi iradəsini qırmaq!

C. Nuriyevin sözlərinə görə, ermənilər və onun havadarları göstərmək istəyirlər ki, Azərbaycan dünyanın təzyiqi qarşısında geri çəkildi: “Unutmaq olmaz ki, bunu etsələr, deməli, biz sərhədlərimizə nəzarət edə bilmirik. Həm də bununla Ermənistan daxili cəmiyyətinə göstərməyə çalışacaqlar ki, ciddi təzyiqlər qarşısında Bakını geri çəkilməyə məcbur etmək olar. Eyni zamanda bu planın baş tutması Xankəndi şəhərindəki separatçıların əl-qolunu açar, onları daha dözülməz həddə gətirib çıxara bilər. Üstəlik, Bakının buna məcbur edilməsi Azərbaycandakı bəzi qüvvələrə də arqument verər. Ən əsası, sərhəd-keçid məntəqəmizdən bu yükü keçirsələr, davamı gələcək və Azərbaycan “sərhədlərinə nəzarət edə bilməyən ölkə” kimi görünəcək. Odur ki, buna imkan verilməməlidir və verilməyəcək də. Bu səbəbdən də prezidentin köçəkçisi Hikmət Hacıyev mesaj verdi ki, oyun artıq bitib. Bəli, oyun bitib və təminat baxımından daha yaxşı infrastuktura malik Bərdə-Ağdam yolu var”.

Professor əlavə edib ki, bu prosesdə Avropa İttifaqının da aktiv rolu gözə dəyir: “Sanki erməni təxribatının arxasında Avopa İttifaqı dayanır. Çünki ittifaqın səfirləri də şou prosesində iştirak edirlər. Eyni zamanda bu məsələdə Rusiyanın hərbi elitasının da marağı var. Amma Azərbaycan dövləti belə addımların atılmasına imkan verməyəcək. Qısası, həmin yüklər “Laçın” sərhəd-keçid məntəqəsindən buraxılmayacaq. Belə şoularla Azərbaycanı nəyəsə məcbur etmək mümkün deyil”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər