Qarabağda gərginlik yenidən artır
Tarix: 06-09-2023 15:10 | Bölmə: Slayd
Qarabağda gərginlik yenidən artır

Qarabağdakı separatçı ermənilərin keçmiş başçısı Araik Artunyanın istefas”ndan sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndi və ətraf ərazilərdə qarşıdurma yeni mərhələyə keçib. Sentyabrın 9-na nəzərdə tutulan qondarma “seçkilərə” hazırlaşan separatçılar arasında ciddi fikir ayrılığı var. Xüsusilə Samvel Babayanın hazırkı prosesə yanaşması diqqət çəkir.

Babayan sentyabrın 8-i saat 10:00-a mitinq təyin edib. O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaq.

Diqqətçəkən əsas məqam Babayanın təşkil etdiyi mitinqin Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırkı rəhbərliyinə qarşı olmasıdır.

“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, - Babayan deyib.

Babayan faktiki olaraq “İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir”,- deyərək özünün seçilməsini istəyir. O, hətta bu istiqamətdə Bakının da dəstəyini almağa ümid edir.

S. Babayan Xankəndi yolunu bloklayan separatçı rejimin hazırkı rəhbərliyinə qarşıdır. O, son çıxışında Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb.

Babayanın separatçıların qondarma seçkilərindən bir gün əvvələ mitinq təyin etməsi Xankəndidə proseslərin gərginləşəcəyini, hətta silahlı insidentə keçə biləcəyini göstərir. Əgər bu baş verərsə, rəsmi Bakı öz ərazisində iğtişaşları yatırmaq üçün Xankəndiyə qoşun yeridə bilər.

O ki qaldı Babayanın erməni icmasının lideri kimi Bakı ilə danışıqlara başlamaq istəməsinə, proseslər Azərbaycanın istədiyi ssenari ilə getsə və Samvel Xankəndidə “troya atı” missiyanı yerinə yetirsə, onu müvəqqəti icma rəhbəri saymaq olar. Lakin Babayana etibar etmək olmaz. Bir dəfə separatçılığa başlayan gələcəkdə bunu yenidən davam etdirə bilər. Erməni icmasının rəhbəri ya Bakı ermənisi, ya da rəsmi Bakının təyin edəcəyi şəxs olmalıdır.

Turan RZAYEV
Politoloq




Bölməyə aid digər xəbərlər