Zülfüqarov: “Azərbaycanın Ermənistanla yeni sərhədləri 1920-ci ildəki kimi olmalıdır”
Tarix: 07-09-2023 14:33 | Bölmə: Slayd
Zülfüqarov: “Azərbaycanın Ermənistanla yeni sərhədləri 1920-ci ildəki kimi olmalıdır”

“Laçın dəhlizi, eləcə də Ağdam-Xankəndi yolu haqqında çox adam danışır. Amma bu məsələlərin arxasında nəyin durduğunu bilməliyik”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan münasibətlərində yaranmış son vəziyyəti şərh edərkən deyib.

Tofiq Zülfüqarovun sözlərinə görə, müharibədən sonra Azərbaycan tərəfi altı prinsip əsasında Ermənistana təklif edib ki, sülh sazişi bağlansın: “Bu məqsədlə üç məkanda - Moskva, Brüssel və Vaşinqtonda danışıqlar aparıldı. Danışıqlar prosesi zamanı yekun nəticə olmasa da, bəzən hansısa mərhələdə müəyyən razılaşmalar oldu, hansısa razılıq əldə edildi. Lakin Ermənistan hər dəfə davranışları ilə göstərir ki, vaxt udmaq niyyəti güdür, əslində anneksiya siyasətini davam etdirməkdə maraqlıdır”.

Tofiq Zülfüqarov xatırladıb ki, müharibədən sonra Ermənistanda yenidən seçkilər keçirilib və Nikol Paşinyanın partiyası seçkinin qalib olub:

“Həmin partiyanın proqramında Qarabağ məsələsinə də yer verilib. Baxmaq lazımdır ki, orada nələr və niyə yazılıb. Hər halda indi bu partiya hökumətdədir və proqramlarına əsasən Qarabağı Azərbaycandan kənarda görürlər.

Müharibədən sonra Paşinyan elan etdi ki, Qarabağ siyasəti yeni şəraitdə davam edəcək. İndi bir növ Azərbaycanın sülh təklifini Ermənistan neytrallaşdırıb və köhnə anneksiya - işğalçı mövqeyini davam etdirir. Məsələn, Qarabağdakı ermənilərə status tələb edir, guya orada yaşayan ermənilər öz müqəddaratını həll etmək imkanına malik olmalıdır. Bu da müstəqillik və ya Ermənistana birləşmək deməkdir. Hazırda məhz işğalçılıq nəticəsində Xankəndidə qurulan xunta rejimini Ermənistan hökuməti maliyyələşdirir, faktiki olaraq sülh yoxdur və işğalçılıq siyasətini davam etdirir”.

Zülfüqarov bildirib ki, son günlər Ermənistan Azərbaycana qarşı təbliğati həmlələr edir: “Müxtəlif ölkələrdə yaşayan və işləyən ermənilər fəallaşdırılır, onların vasitəsilə beynəlxalq qurumlar və müxtəlif təşkilatlar prosesə cəlb olunaraq Azərbaycana siyasi həmlə edirlər. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini de-fakto qəbul etmək istəmirlər. Azərbaycanın mövqeyi isə Qarabağ hadisəsinin ilk günündən buna müqavimət göstərmək olub”.

Keçmiş nazir xatırladıb ki, vaxtilə ermənilər Xocalıda soyqırım törədib, böyük bir ərazidə azərbaycanlıların yaşadığı torpaqlar işğal edilib, evləri dağıdılıb, etnik təmizləmə aparılıb: “Ancaq Azərbaycan hər zaman buna müqavimət göstərib. 2020-ci il müharibəsi zamanı isə Azərbaycan düşmənə zərbə vuraraq demək olar ki, ərazi bütövlüyünü təmin edib. İndi də suverenliyinin bərpası üçün Qrabağda yaşayan ermənilərə inteqrasiya təklifi verib. Şübhə yoxdur ki, Azərbaycanın mövqeyi suverenliyinin bərpası məsələsidir və bunu təmin edənə qədər dəyişməyəcək”.

Mümkün hərbi qarşıdurma ehtimalına gəldikdə, Zülfüqarov belə qarşıdurmanı iki istiqamətdən gözləyir:

“Birinci istiqamət müvəqqəti sülhməramlıların nəzarət etdiyi bölgədədir. Burada sülhməramlılarla yanaşı mövcud olan işğal administrasiyası sadə erməniləri öz siyasətinin qurbanına çevirir. Sadə ermənilərə deyirlər, siz acından ölməlisiniz ki, biz pis vəziyyətdə olduğumuzu, blokada şəraitində yaşadığımızı göstərə bilək. Mən güman edirəm ki, ağıllı ermənilər bu siyasətə etiraz edəcək, səsini qaldıracaq və bu məqamda Azərbaycan onlara köməklik göstərə bilər. Qısası, Xankəndi şəhərindəki xunta rejimi məhv olmalıdır.

İkinci istiqamət şərti Azərbaycan-Ermənistan sərhədidir. Nikol Paşinyan hakimiyyətə gəldikdən bu yana sərhədlərlə bağlı dörd dəfə bəyanat səsləndirib. Birinci dəfə elan edib ki, “Qarabağ Ermənistan deməkdir”. Yəni Ermənistanın sərhədlərini Qarabağdan bu yana qədər görüblər. Digər tərəfdən, Ermənistan konstitusiyası və Müstəqillik Haqqında Aktları Qarabağı Ermənistan ərazisi sayır. Nikol Paşinyan da bu konstitusiyaya əl qoyaraq and içib. Eyni zamanda Paşinyan Praqada elan edib ki, 1991-ci il sərhədlərini tanıyır, amma Qarabağın da Azərbaycan olmadığını düşünür.

Nəhayət, dördüncü bəyanatında bildirib ki, 1975-ci il sərhədlərini əsas götürməyə hazırdır.

Deməyim odur ki, Ermənistanın sərhəd mövzusunda 4 bəyanatı var, indiki sərhədlər şərtidir. Bu halda Azərbaycan deyə bilər ki, 1920-ci ildə - Rusiya Azərbaycan cümhuriyyətini işğal etdikdən yarım il sonra Zəngəzur və Göyçə Ermənistana verilib. Halbuki bu zaman Azərbaycan xalqının rəyini soruşmayıblar. Xalqla hesablaşmadan qəbul edilən qərarları Azərbaycan xalqı tanımağa borclu deyil. Odur ki, Azərbaycanın mövqeyi 1920-ci il sərhədləri olmalıdır. Mən hesab edirəm ki, bu vacib məsələdir və nəzərə alınmalıdır”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər