Zelenski dünya liderləri ilə görüşə hazırlaşır: masada 10 bəndlik sülh planı da olacaq
Tarix: 14-09-2023 17:35 | Bölmə: Slayd
Zelenski dünya liderləri ilə görüşə hazırlaşır: masada 10 bəndlik sülh planı da olacaq

Gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası başlayır.

Reyting.az
xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski dünya liderlərinin illik görüşündə şəxsən iştirak etməyi planlaşdırır.

Ukrayna hökumətindəki mənbələr Zelenskinin səfər planını “Politico” nəşrinə təsdiq ediblər. Nəşrin “xüsusi diplomatik əməliyyat” adlandırmağı təklif etdiyi səfərin məqsədi Ukrayna prezidentinin təkbətək görüşlərdə “cazibədarlığından istifadə etmək”dir ki, hələ də hansı tərəfdə olacağına tərəddüd edən bir neçə ölkənin liderlərini razı sala bilsin. Bundan əlavə, Zelenski BMT Baş Assambleyasının tribunasından çıxış etməyi planlaşdırır.

Qeyd olunur ki, əsas problem Afrika, Asiya və Latın Amerikasının əksər ölkələrinin öz milli maraqlarına zərər vurmamaq üçün dünyanın böyük dövlətləri arasında heç kimlə münasibətlərini korlamaq istəməməsidir. Hətta Rusiyanın işğalını şifahi şəkildə pisləyənlər belə, öz sözlərini dəstəkləmək üçün mənalı iqtisadi və diplomatik addımlar ata bilməyiblər. Üstəlik, Moskvanı pul axını ilə təmin edənlər də onlardır.

Adının çəkilməsini istəməyən Ukraynanın rəsmi şəxslərindən biri deyib ki, bir çox ölkələri, o cümlədən Qlobal Cənub ölkələrini prosesə cəlb etmək istəyirlər, çünki onların səsi önəmlidir.

Xatırladaq ki, keçən il Zelenski BMT üçün görünməmiş bir halda Baş Assambleyada nümayiş etdirilməsinə icazə verilən videoçıxış edib. Müharibənin uzanması və qlobal iqtisadiyyatın gərginləşdiyi bir vaxtda Zelenski yenidən Nyu-Yorkdakı tədbirdə şəxsən görünməyi zəruri hesab edir.

Məlumata görə, Zelenskinin səfərinin əsas məqsədlərindən biri də Ukraynanın 10 bəndlik sülh planını dünya liderlərinə şəxsən təqdim etməkdir.

“Ölkələrin bu planın bütün bəndlərini təsdiqləməsi vacib deyil. Onlar özləri üçün əlverişli olan müxtəlif bəndləri seçə, onları təşviq etmək və həyata keçirmək üçün qüvvələri birləşdirə bilərlər”, - mənbə deyib.

İkinci mühüm vəzifə Qara dəniz taxıl dəhlizinin bağlanmasından sonra Ukrayna taxılının ixracı üçün yeni mexanizmlərin axtarışıdır. Xüsusilə, Zelenski Qlobal Cənub ölkələrini Kremlə təzyiq göstərməyə inandırmağa ümid edir. O, bununla Rusiyanın Qara dənizdə aqressiv hərəkətlərini dayandırmağa nail olmaq istəyir. Ukrayna tərəfi düşünür ki, Rusiyanın Qara dənizdəki aqressiv hərəkətləri həm də dünyada ərzaq qiymətlərinin sürətli artımına səbəb olur.

Mənbələr həmçinin hazırkı Baş Assambleya zamanı BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzusuna həsr olunmuş xüsusi iclasının keçiriləcəyini və bu tədbirə Zelenskinin də dəvət olunacağını bildirirlər. Lakin bu məsələ hələ razılaşdırılmayıb.

Bundan əvvəl Ukrayna mediası yazmışdı ki, BMT Baş katibi Antonio Quterreş Rusiya xarici işlər naziri Sergey Lavrovla taxıl sazişinin bərpası müqabilində Rusiyaya qarşı sanksiyaların genişmiqyaslı ləğvi ilə bağlı gizli danışıqlar aparır. Jurnalistlər Quterreşdən Lavrova avqustun 28-də “BMT Katibliyi ilə Rusiya Federasiyası arasında razılaşmanın dörd konkret təməl daşını” təklif etdiyi gizli məktub alıblar.

Bu məlumatı şərh edən Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak BMT-ni “müharibə tərəfdarı” adlandırıb ki, bu da Rusiyaya hərbi əməliyyatları davam etdirməyə imkan verir. Onun sözlərinə görə, BMT Baş katibi dünyanı açıq şəkildə Rusiya qarşısında diz çökməyə dəvət edir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər