Sahibkar Mehriban Əliyevadan kömək istədi: “...sürücü və dispetçirləri döyürlər”
Tarix: 02-05-2016 18:15 | Bölmə: Slayd

 

 

 


18 ildən artıqdır 94 saylı marşrut xəttini istismar edən "İ-Qafqaz” firmasının həmtəsisçisi Qafqaz Maqsudov Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevaya müraciət edib. Sahibkarı M.Əliyevaya müraciət etmək məcburiyyətində qoyan üzləşdikləri özbaşınalıq və cinayət tərkibli əməllərə qarşı tədbir görülməməsidir. Q.Maqsudov aidiyyəti üzrə bəzi yüksək çinli məmurlara müraciət etsə də, qanunun aliliyi rəhbər tutularaq heç bir tədbir görülmədiyini bildirir.

İş adamının müraciətində deyilir:

"İ-Qafqaz” firması tərəfindən 18 ildən artıq müddətdir istismar olunan 94 nömrəli marşurut xəttinin əvvəlcədən təşkil olunmuş mütəşəkkil dəstənin qanunazidd əməlləri nəticəsində iflic vəziyyətinə salınması və bu dəstənin durdurulması üçün qısa müddətdə dəfələrlə müraciət etdiyimiz aidiyyatı hüquq-mühafizə orqanlarının üzləşdiyimiz təhlükə ilə bağlı heç bir tədbir görməməsi məni Sizə müraciət etmək məcburiyyətində qoyub. Ümidimiz Sizədir”.

Üzləşdiyi özbaşınalıqlara hüquq-mühafizə orqanlarının seyriçi qaldığını ürək ağrısı ilə qeyd edən iş adamı müraciətində bildirir ki, təqdim etdikləri əyani sübutlara, video, foto və audiolarda şikayətinin tam sübut olunmasına baxmayaraq, aidiyyatı orqanlar öz vəzifə borclarını yerinə yetirmir və vəzifə səalhiyyətlərini icra etməmələrini onların "İ-Qafqaz” firmasının üzləşdiyi problemin həllində maraqlı olmadığını göstərir:

"İ-Qafqaz” firması 18 il ərzində Yeni Yasamal –"Xalqlar Dostluğu” metrostansiyası aralığında təsdiq olunmuş sxem üzrə fəaliyyət göstərmiş, yalnız Birinci Avropa Oyunları zamanı şirkətin istifadəsində olan avtobusların təzə və səliqəli olması əsas götürülməklə dövlət orqanlarının istəyinə uyğun olaraq paytaxın mərkəzi hissəsində, 6 saylı marşrut xəttindəki avtobusları əvəzləmişdir. Bu ilin aprel ayının 13-dən öz əvvəlki marşrut xətti, yəni 94 saylı marşrut üzrə işləməyə başlayan "İ-Qafqaz” firması gözləmədiyi problemlərlə üzləşib. Belə ki, 36 saylı marşrutun xəttin daşıyıçısı, əslən laçın rayonundan olan Babək Aslanovun öz həmyerlilərindən ibarət muzdlu qoluzorlu dəstəsi Nizami rayonu, "8-ci km” qəsəbəsi ərazisində "Neftçilər dairəsi” adlanan ərazidə dayanaraq 94 saylı marşrut avtobuslarının qarşısını kəsir, sərnişinləri avtobuslardan düşürür, sürücü və dispetçirləri döyürlər”.

Şikayətçi yazır ki, B.Aslanovun maliyyələşdirdiyi bu dəstəyə vaxtı ilə dövlət əleyhinə silahlı qiyama görə həbs olunmuş Ərşad Dadaş oğlu Quliyev rəhbərlik edir:

"B.Aslanovun maliyyələşdirdiyi, Ə.Quliyevin rəhbərlik etdiyi dəstənin zorakılıqlarının qarşısının alınması üçün 15 aprel 2016-cı ildə Daxili İşlər Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktubla müraciət etsək də, heç bir tədbir görülmədi”.

Aprel ayının 25-də adları çəkilən qurumlara bir daha müraciət etdiyini yazan Q.Maqsudov bütün şikayətlərinin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə göndəriliyini qeyd edir. Şikayətçinin yazdıqlarından belə qənaət yaranır ki, 24-cü Polis Bölməsi B.Aslanovun muzdlu qoluzorlu dəstəsinin qarşısını almaqdan imtina edir.

Q.Maqsudov yazır ki, 15-16 aprel tarixlərində "102” xidmətinə etdiyi müraciətlərə görə 8 gün ara ilə ondan iki dəfə izahat almaqdan başqa heç bir tədbir görülməyib. B.Aslanovun dəstəsinin zorakı əməlləri sayəsində 94 saylı marşrutun tam gücü ilə işləyə bilmədiyini və buna görə 16 gün ərzində 40500 manat zərərə düşdüklərini yazan Q.Maqsudov M.Əliyevadan xahiş edir ki, dövlət orqanlarının onun qanuni müraciətləri ilə bağlı heç bir tədbir görməməsinə son qoyulsun.

Qeyd edək ki, şikayətçi Mehriban xanım Əliyevaya göndərdiyi məktubun bir sürətini də Baş prokuror Zakir Qaralova ünvanlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər