Rusiya üçün bədbin proqnoz: Ölkə parçalanma təhlükəsi ilə üzləşib
Tarix: 02-05-2016 18:50 | Bölmə: Slayd


Aprel ayı başlayandan Azərbaycan vətəndaşlarının diqqəti cəbhə xəttindən gələn xəbərlərə yönəlib.

Beynəlxalq ictimaiyyətin əsas müzakirəsi isə Suriyadakı məzhəb savaşı, ABŞ-da prezidentliyə namizədlərin müəyyənləşməsi üçün keçirilən ilkin seçkilər, Türkiyə-Rusiya arasındakı söz savaşı və buna bənzər digər mövzulardır.

Azərbaycan ictimaiyyətinin diqqəti cəbhə xəttindən gələn xəbərlərə yönəldiyi bir zamanda Qərbdə ekspertlər yenidən Rusiyanın gələcək taleyi ilə bağlı bədbin proqnozlar səsləndirirlər. Məsələn, Ukrayna əsilli ABŞ tarixçisi Aleksandr Motıl bu yaxınlarda dərc olunan araşdırmasında Rusiyanın parçalanma ərəfəsində olduğunu bəyan etdi.

Motıldan fərqli olaraq rusiyalı tarixçi Liliya Şvetsova hesab edir ki, Rusiyanın parçalanması prosesi artıq başlayıb.

Ötən həftə isə Avropa Beynəlxalq Münasibətlər Şurasının dərc etdiyi hesabatda Rusiyanın çökməsi zamanı yaşana biləcək ssenariləri təsvir edilib.

Hesabatın müəllifi, rusiyalı alim Nikolay Petrov hesab edir ki, Rusiyadakı siyasi sistem islahatlara qadir olmadığı halda dağılmağa məhkumdur.

Petrovun fikrincə, neftin qiyməti aşağı olarsa və Qərbin tətbiq etdiyi sanksiyalar qüvvədə qalarsa Rusiyanın siyasi sistemi dağılacaq: Yalnız bahalı neft və Qərblə əməkdaşlıq Rusiyanı dağılmaqdan xilas edə bilər!

Petrov belə bir ssenarini də mümkün sayır ki, Putinin yerinə başqa bir lider hakimiyyətə gələ və Rusiyanın təcridinə son qoymaqla onun Qərblə əməkdaşlığının yüksəlməsinə, bununla da dağılmasının qarşısını ala bilər.

Ancaq Petrovun son iki variantı real hesab olunmur.

Birincisi, neftin qiymətinin yüksək olduğu dövrlərin bir daha qayıtmayacağını və Qərbin Moskva ilə əməkdaşlığında inkişaf olmayacağını proqnozlaşdıran ekspertlər buna görə Rusiyanın islahatlara qadir olmadığı, dağılmağa məhkum olduğu haqqında xəbərdarlıq edirlər.

İkincisi, ekspertlər Putini başqa bir liderin əvəz edəcəyini və Rusiyanın Qərblə yenidən əməkdaşlıq yolunu seçəcəyini də real saymırlar.

Ekspertlərin fikrincə, Putin hakimiyyətdən getməyi əsla düşünmür, əksinə, öz hakimiyyətini möhkəmləndirməyə çalışır. 400 minlik Milli Qvardiyanın yaradılması da Putinin şəxsi hakimiyyətini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, Rusiyada ən xırda yad fikirlilik artıq təqib olunmağa və Putin rejiminin tərəfdarlarının hücumlarına məruz qalmağa başlayıb.

Neftin ucuzlaşmasından sonra daha da təcavüzkar davranmağa başlayan Rusiya hakimiyyətini tənqid edənlərin təqibini sərtləşdirdiyi haqqında məlumatların sayı kəskin artıb. Hətta artıq vətəndaş cəmiyyətinin təmsilçiləri olan qadınlar da təqiblə üzləşirlər ki, müasir Rusiyanın tarixində belə hala rast gəlinməyib.

Rusiyada siyasi və ictimai fəalların təqibinin sürətlə artdığı bir zamanda Putin rejiminin beynəlxalq aləmdə ifşası sürətlənir. Rejimin ifşasına yönəlmiş filmlərdən biri də Vaşinqtonda - Hudson İnstitutunda nümayiş etdirilib. "Xuizmisterputin" sənədli filmi Putin rejiminin cinayət aləmi ilə bağlılığı haqqındadır.

Rusiya parlamentindəki yeganə müxalifətçi deputat Qudkov hesab edir ki, azad və demokratik seçkilər keçirilmədiyi halda Rusiyanın böyük vətəndaş müharibəsinə yuvarlanması qaçılmaz olacaq. Müxalifətçi hesab edir ki, böhranın qarşısını cəza aparatını gücləndirməklə almaq mümkün olmayacaq. Demokratik seçkilər əvəzinə dövlətin cəza aparatını gücləndirmək isə gözlənən siyasi böhranı qanlı vətəndaş müharibəsinə çevirə bilər.

Qudkov hesab edir ki, sistem böhranı Kommunist Partiyasını məhv edib, SSRİ-ni dağıtdığı kimi Rusiyanı da dağıdacaq.

 

Xəqani CƏFƏRLİ

Reyting.az





Bölməyə aid digər xəbərlər