











Tarix: 02-05-2016 19:45 | Bölmə: Slayd
Bir sıra dövlət qurumlarının büdcə vəsaitlərinin xərclənməsində qanunsuzluqlara yol verməsi artıq adiləşib. Hesablama Palatası bu istiqamətdə yoxlamalar apararaq nöqsanlar aşkarlasa da, bəzi qurumların rəhbərləri hələ də qanunsuz əməllərinin davam etdirirlər.
Məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, "Azərenerji" ASC, Milli Arxiv İdarəsi və Xızı Rayon İcra Hakimiyyətinin rəhbərliyi büdcə vəsaitinin artıq və səmərəsiz istifadəsinə yol vermiş əməkdaşları ilə bağlı intizam tənbeh tədbirlərini tətbiq etməyiblər. Bu kimi hallar isə gələcəkdə nöqsanların təkrarlanma riskini artırır.
Qeyd edək ki, bu barədə Hesablama Palatasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabatında bir sıra məqamlar öz əksini tapıb. Hesabatda qeyd edilir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə müəyyən vəsaitin ödənilməsi təmin edilib.
"Ümumilikdə, məlumatların təhlili göstərir ki, audit olunan bəzi qurumların nöqsanların aradan qaldırılması ilə bağlı fəaliyyəti qənaətbəxş olmayıb. Belə ki, hesabat tərtib olunan dövrə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və "Azərsu" ASC tərəfindən Hesablama Palatası Kollegiyasının qəbul edilmiş qərarları tam icra edilməyib", - deyə sənəddə qeyd olunur.
Xatırladaq ki, artıq bir neçə dəfədir Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə "Azərenerji" ASC-nin adı Hesablama Palatasının nöqsanlar aşkarladığı qurumlar sırasında çəkilir. Təbii ki, hər dəfə Milli Məclisdə müzakirə zamanı da bu iki qurumun büdcə vəsaitlərini düzgün xərclənməməsi ilə bağlı sərt fikirlər səslənir.
Aldığımız məlumatda iddia edilir ki, Hesablama Palatasının bu iki qurumu vaxtaşırı hədəfə gətirməsi təsadüfi deyil. Son vaxtlar adıçəkilən qurumların ləvğ olunması, yaxud eyni funksiyanı yerinə yetirən başqa bir qurumun tabeliyinə verilməsi də mümkündür:
"Bildiyiniz kimi, prezident İlham Əliyev hələ ötən ilin əvvəlindən ölkədə ciddi struktur islahatlarının aparılacağını bəyan edib. İndiyə qədər artıq bir sıra dövlət qurumları ləğv olunub, yaxud birləşdirmə həyata keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə "Azərenerji" ASC-nin də aqibəti bu cür olacaq. Diqqət yetirirsinizsə, ictimai rəydə də hər iki qurumun rəhbərləri ilə bağlı mənfi rəy yaradılmaqdadır. Yəqin ki, komitə sədri Ramiz Həsənovla ASC prezidenti Etibar Pirverdiyevi Qərib Məmmədov kimi "yola salmaq" istəyirlər. Çox güman ki, bu iki qurumla bağlı birləşdirmə qərarı veriləcək".
Bizi bilgiləndirən şəxs nəzərə çatdırıb ki, Hesablama Palatasının "qara siyahısı"nda olan digər qurumlar, xüsusən də icra hakimiyyətləri ilə bağlı qəti qərarlar veriləcək.
İqtisadi böhran artıq hakimiyyəti büdcə vəsaitlərinin xərclənməsinə daha həssaslıqla yanaşmağa məcbur edib. Bu səbəbdən də büdcə pullarının xərclənməsində məsuliyyətsizliyə yol verən məmurlara qarşı daha sərt addımların atılması gözlənilir.
Məlumatda bildirilir ki, bir müddət öncə "vurulan" icra başçıları ilə bağlı da analoji fikirlər səsləndirilirdi. "Yəni, hakimiyyətə yaxın şəxslərin diliylə "vurulan" başçılar büdcə vəsaitlərini düzgün xərcləməməkdə ittiham olunurdular. Qarşıdakı dövrdə bu istiqamətdə tələblər daha da sərt olacaq",- deyən mənbəmiz bildirib ki, maliyyə fırıldağına görə yüksək vəzifəli məmurların "vurulma” ehtimalı var.
Reyting.az
Bölməyə aid digər xəbərlər