Abutalıbov Qarabağ probleminə biganə yanaşır; Bakı meri vətənpərvərlik ruhunun aşılanmasını istəmir
Tarix: 09-05-2016 13:28 | Bölmə: Slayd

 


Azərbaycan Ordusunun 2-5 aprel döyüşlərindəki uğuru ölkə vətəndaşlarında yüksək vətənpərvərlik ruhu, döyüş əhval-ruhiyyəsi yaradıb. Belə bir əhval-ruhiyyənin qorunub saxlanması, hətta yüksəldilməsi istiqamətində görülən işlər isə, müharibə şaraitində olan, torpaqları işğal edilən və Ermənistan tərəfindən Xocalı soyqrımına məruz qalan bir ölkə üçün xarakterik deyil. Müvafiq qurumların bu istiqamətdə gördükləri işlər demək olar ki, nəzərə çarpmır. Hətta Bakı küçələrində belə, vətənpərvərlik ruhu aşılayan reklamlar, xalqımızın üzləşdiyi böyük faciələri özündə əks etdirən informasiya lövhələrinə rast gəlinmir.

Ehtiyat olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov məsələni reyting.az şərh edərkən deyib ki, bu haqda fikirlərini həm yazılı mətbuatda, həm də bəzi tədbirlərdə səsləndirib: "Dəfələrlə demişəm ki, müharibə aparan, torpaqlarının 20 faizindən bir qədər çoxu düşmən tapdağında olan paytaxtımız Bakıda bu mənzərəni əks etdirən, həm sakinlərə, həm də şəhərimizin qonaqlarına xatırladan heç bir əyani vəsaitimiz yoxdur. Bəlkə də hardasa var, amma onlar çox zəif və yox dərəcəsindədir. Bunun da günahkarı Bakı şəhərinin meri Hacıbala Abutalıbov və bu işlərə cavabdehlik daşıyan hökumət və dövlət qurumlarının yetkililəridir”.

Ü.Cəfərov bildirib ki, həm Bakının, həm də respublikamızın rayon və şəhərlərinin küçə və meydanlarında daha geniş, daha əhatəli şəkildə vətənpərvərlik ruhunu aşılayan və onu daha da yüksəklərə qaldıran poster və bilbordlar, plakat və şəkillər çoxdan asılmalıydı:

"Hesab edirəm ki, bunun çox böyük tərbiyyəvi və maarifləndirici əhəmiyyəti olardı. Əslində bu işi yerli qurumlar görməlidir”.

Bu məsələdə Müdafiə Nazirliyinin fəliyyətinə gəlincə, ehtiyatda olan polkovnik-leytenant deyib ki, qurumun bütün hərbi hissə və birləşmələrində, o cümlədən hərbi şəhərcik və qarnizon zabitlər evlərində bu iş yüksək səviyyədə təşkil edilib:

"Elə son vaxtlar nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr üzrə İdarəsinin demək olar ki bütün ölkə üzrə keçirdiyi saysız-hesabsız mədəni-kütləvi, qəhrəmanlığı, yüksək vətənpərvərlik hisslərini aşılayan tədbirləri nəyə desən deyər. Sağ olsun müvafiq idarənin rəisi, hörmətli general-mayor Rasim Əliyev və Silahlı Qüvvələrimizin ən enerjili və patriot polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbanini, hansı ki, gecəli-gündüzlü respublika üzrə bu tip hərbi-vətənpərvərlik tədbirləri keçirirlər. Bu, çox sevindirici və qürurvericidir. İnanıram ki, bizim gündəlik mətbuatımız da bu işdə üzərinə düşən lazımi işləri görəcək və biz doğma Vətənimizin haqq işini lazımi şəkildə həm təbliğ, həm də tərənnüm edəcəyik”.

Rəhim İMRANOV

Reyting.az





Bölməyə aid digər xəbərlər