











Tarix: 16-05-2016 11:34 | Bölmə: Slayd
Rusiyanın Krımı ilhaq etməsi ilə başlayan ikinci soyuq müharibə ABŞ-ın Şərqi Avropada ilk yerüstü raket əleyhinə müdafiə bazasını yaratması ilə yeni, sonuncu mərhələyə qədəm qoydu. Bu mərhələnin sonu ya üçüncü dünya müharibəsi, ya da birinci soyuq müharibənin sonunda olduğu kimi, Moskvanın siyasi-diplomatik məğlubiyyəti ilə bitəcək.
Əksər siyasi ekspertlər düşünür ki, ikinci soyuq müharibənin sonu birincinin sonluğu kimi, yəni Mosk-vanın siyasi-diplomatik məğlubiyyəti ilə yekunlaşacaq. Bu proqnozların əsaslı olub-olmadığı yaxın illərdə - fikrimcə, 2020-ci ilə kimi məlum olacaq.
Hələlik isə onu qeyd edək ki, ABŞ-ın Rumıniyada raket əleyhinə müdafiə bazasını işə salması Moskvanı bərk qəzəbləndirib. Rusiya prezidenti Vladimir Putin yaradılan bazanın müdafiə deyil, hərbi hücum xarakterli olmasını bəyan edərək, ökəsinin buna uyğun reaksiya verəcəyini bildirib.
Rusiya rəsmilərinin sərt bəyanatları isə, deyəsən, Qərbə gedib çatmır. Çünki Şərqi Avropada ilk yerüstü raket əleyhinə müdafiə bazasını Rumıniyada artıq işə salan ABŞ, Polşada həmin bazanın ikincisini tikməyə başlayıb. Polşanın Redzikovo qəsəbəsində tikilən bazanın təməlqoyma mərasimində Polşa prezidenti Andjey Duda, ABŞ-ın müdafiə nazirinin müavini Robert Vork, bu ölkənin Avropadakı hərbi-dəniz qüvvələrinin komandanı Mark Ferqünson, eləcə də Rumıniyanın müdafiə naziri Mixne Motok iştirak ediblər. Polşa prezidenti Andjey Duda bunu Avropanın təhlükəsizliyi baxımınından yeni mərhələnin başlanğacı adlandırıb.
Rusiyanın təcavüzkar siyasətinə qarşı Avropanın atdığı addımlar isə yalnız ABŞ-ın "köhnə qitə"də hərbi qüvvələrini artırmasından ibarət deyil. Belə görünür ki, bütün Avropa Rusiya təcavüzü qarşısında birləşmək istəyir.
Almaniya Avropanın vahid ordusunun yaradılması təklifi ilə çıxış edib və Avropa Birliyinin iyunun 28-29-da Brüsseldə keçiriləcək sammitində bununla bağlı layihəsini müzakirəyə çıxarmaq niyyətindədir. Almaniyanın təklif etdiyi bu layihəyə vahid baş qərargahın, müdafiə nazirləri şurasının yaradılması, eləcə də silah və hərbi texnikanın eyniləşdirilməsi kimi məsələlər daxildir.
Almaniyanın bu təşəbbüsü Avropada artıq ilk dəstəyini qazanmaqdadır. Avropa ordusunun yaradılması təşəbbüsünə ilk dəstək Finlandiya prezidenti Erkk Tyomioyadan gəlib. Helsinkidə hesab edirlər ki, Avropa Birliyinin yeni təhlükəsizlik strategiyasını vahid Avropa ordusu olmadan təsəvvür etmək çox çətindir.
Avropanın vahid ordusunun məhz Rusiyanın təcavüzkar siyasətini dayandırmaq məqsədilə yaradıldığını Avropa Birliyinin rəhbərlərindən biri olan Jan-Klod Yunkerin sözlərindən də görmək olar. Yunker bəyan edib ki, Avropanın vahid ordusunun yaradılması Rusiyaya verilmiş dəqiq siqnal olacaq.
Avropa Birliyinin komissarı hesab edir ki, Avropanın vahid ordusu NATO-nun üzvü olmayan "köhnə qi-tə" ölkələrini Rusiyanın təcavüzündən qoruya bilər.
Avropa Birliyi sərhəd və sahil sularının mühafizəsi ilə bağlı xidməti də keyfiyyətcə yüksəltmək niyyətindədir. Avropa Birliyinin təhlükəsizlik məsələlərinə bu qədər diqqət ayırması məhz soyuq müharibənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Rusiya prezidenti Vladimir Putinin son günlər ard-arda ölkənin ordu rəhbərliyinin və hərbi-sənaye kompleksinin rəhbərləri ilə keçirdiyi görüşlər də Moskvanın Qərblə münasibətlərinin yeni mərhələyə keçdiyinə verdiyi reaksiya kimi qəbul edilməlidir.
Ən nəhayət, mayın 13-də Ağ Evdə Danimarka, Finlandiya, İsveç, İslandiya və Norveçin dövlət və hökumət başçılarının ABŞ prezidenti Barak Obama ilə görüşündə əsas müzakirə mövzusu Rusiyanın təcavüzkar siyasəti oldu. Belə görünür ki, bütün dünya soyuq müharibənin son mərhələyə keçdiyinin fərqin-dədir.
Xəqani CƏFƏRLİ
Reyting.az
Bölməyə aid digər xəbərlər