Hökumət böhranla mübarizədə ləngiyir: Ölkə iqtisadiyyatına daha dağıdıcı zərbə dəyə bilər
Tarix: 16-05-2016 16:51 | Bölmə: Slayd


Dünya bazarında neftin kəskin ucuzlaşması büdcəsini əsasən "qara qızıl”ın satışından gələn gəlirlə formalaşdıran Azərbaycan iqtisadiyyatı üçün acınacaqlı oldu. Öz təsirini həm də milli valyutanın ciddi şəkildə devalvasiyası ilə biruzə verən iqtisadi böhran, ölkənin digər sahələrinə də sərt "sığal”ını çəkdi.

İqtisadi böhran ölkənin bank sektorunu da ciddi itkilərə məruz qoydu, eyni zamanda ÜDM aşağı düşdü, əsas istehlak məhsullarının qiyməti artdı.

Vəziyyətdən çıxış yolu kimi ölkədə islahatların aparılması təklif olunsa da, bu sahədə də proses zəif gedir.

Məsələni şərh edən tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli Reyting.az saytına deyib ki, keçən ilin sonu, bu ilin əvvəlində hökumət tərəfindən islahatlara açıq bir ritorika olsa da, hələlik dəyişikliklər kosmetik xarater daşıyır:

"Ən azından köklü islahatlar olmalı, dəyişikliklər aparılmalıdır. Amma çox təəssüf ki, dəyişikliklər hələlik kosmetik xarakter daşıyır, köklü islahatlara qədər gedib çıxmır.

Bəzi atılan addımlar isə müsbətdir. Gömrüklə əlaqəli dəyişiklik buna misaldır.

Amma vergi ilə bağlı problemlər hələ də yerində qalır.

Əsas problem odur ki, idxal olunan malların dərəcələndirilməsi, yəni gömrük rüsumuna cəlb edilməsi 0-15 faiz intervalındadır. Bu da insan faktoruna yer saxlayır, yəni gömrük işçiləri istədikləri zaman o faiz dərəcələrində "oynaya” bilirlər.

Ona görə də bəzi kosmetik dəyişiklikləri nəzərə almasaq, bizim gözləntimiz o idi ki, ciddi struktur dəyişiklikləri olacaq, ciddi idarəetmə islahatları aparılacaq”.

"Fundamental dəyişikliklər baş vermir”

Azərbaycanın çox şişmiş hökumətinin olduğunu deyən Natiq Cəfərlinin sözlərinə görə, hökumət və dövlət qurumları həddindən artıq çoxdur: 

"Azərbaycan kimi kiçik ölkədə təqribən 44-ə qədər dövlət və hökumət qurumu var. Bu da çox şişmiş modelə dəlalət edir. Gözləntimiz ondan ibarət idi ki, burada ciddi islahatlara gedilsin. Yəni, həm birləşmə olsun, həm də bir-birlərini təkrarlayan strukturlar ləğv edilsin. Məsələn, 11 dövlət və hökumət qurumu var ki, birbaşa tikintiyə nəzarət eləmək funksiyasını yerinə yetirir. Onların funksiyalarını birləşdirmək, bəzilərini ümumiyyətlə ləğv etmək olardı.

Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının da bir mənası yoxdur, dünya praktikasında buna nadir hallarda rast gəlinir. Bu, Rusiyadan götürülmüş modeldir.

Amma dünyanın bir çox ölkəsində gömrük ya Vergilər Nazirliyinin, ya da Maliyyə Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərir. Belə struktur dəyişikliklərinə ehtiyac olsa da, təəssüf ki, biz gözlədiyimiz köklü, fundamental dəyişikliklər baş vermir”.

Hökumətin addımlarında uyğunsuzluqlar var

Hökumətin apardığı yolda bəzi uyğunsuzluqların da olduğunu qeyd edən iqtisadçı-ekspert bildirib ki, keçən ilin, sonu bu ilin əvvəlində bəyan olundu ki ciddi özəlləşmə planları həyata keçiriləcək:

"Bu çox yaxşı qərardır, əgər yerinə yetirilsəydi. Amma bunun əvəzinə sonradan büdcədən maliyyələşən bir neçə dövlət qurumları yaradıldı. Burada bir uyğunsuzluq var, əgər biz büdcənin yükünü azaltmaq istəyiriksə, özəlləşmə ən yaxşı və ən ideal çıxış yollarından biridir. Amma özəlləşmənin bir kənarda saxlanılması ilə yanaşı, büdcədən maliyyələşən yeni strukturlar - Dövlət İmtahan Mərkəzi formatında dörd ictimai qurum yaradıldı. Faktiki olaraq, bu qurumlar dövlət büdcəsindən maliyyələşir. Çünki onların heç biri təsərrüfat hesablı deyillər ki, pul qazansınlar. Bütün bunlar isə uyğunsuzluğa gətirib çıxardı”.

"Hüquqi islahatlar aparmasan, iqtisadi islahatlar uğur qazanmır”

Azərbaycanda biznes mühitinin inkişafını əngəlləyən faktorlardan biri də inhisarçılığın mövcudluğudur. İqtisadçı-ekspert isə iddia edir ki, əslində bunu ləğv etməyin çox sadə yolu mövcuddur:

"Bir çox dünya ölkələrinin praktikası var. Bu, azad rəqabətdən keçir. Azad rəqabət olmayan yerdə inhisarçılıq həmişə baş qaldırır. Azad rəqabətin yolları isə bəllidir: biznes strukturlarına normal şəraitdə işləmək üçün normal şərtlər təmin edilməlidir.

Bir də dünya ölkələrinin təcrübəsinə baxanda görürük ki, hüquqi islahatlar, məsələn, məhkəmə islahatları aparmadan heç bir ölkədə iqtisadi islahatlar uğur qazanmır. Sinqapur və Cənubi Koreya modellərində ilk görülən iş ədalətli məhkəmə sisteminin yaradılması oldu. Və iqtisad məhkəmələri ilkin olaraq yenidən "dizayn” edildi.

Qazaxıstan 2017-ci ildə iqtisad məhkəmələrində sırf anqlo-sakson hüququnu tətbiq etməyə başlayacaq - həm də ingilis dilində. Hakimləri isə Britaniyadan dəvət ediblər. Sırf biznes mübahisələrinə, iqtisadi mübahisələrə, iqtisadiyyatda baş verən proseslərə o məhkəmələr nəzarət edəcək. Tamamilə ayrı olacaq. Bu, ona görə lazımdır ki, xarici investorlar hər hansı bir ölkəyə gələndə,dünyanın hər yerində gördükləri oyun qaydalarını görmək istəyirlər.

Azərbaycanda məhkəmə sisteminin zəif olması isə xarici investorları qorxudur. Çünki Azərbaycanla bağlı çox məşhur hadisələr baş verdi. Paolo Pərvizlə, Hüseyn Arabulla və başqaları ilə bağlı.Bu isə investorları qorxudur”.

Qanunlarımız xarici investorları qorxudur

Azərbaycana gələn investorları qorxudan əsas məsələnin daxili qanunvericiliklə bağlı olduğunu qeyd edən müsahibimizin fikrincə, ölkə qanunvericiliyində yaşanan problemlər həllini tapmalı, normal məhkəmə sistemi qurulmalı və mülkiyyət toxunulmazlığı təmin edilməlidir.

Qanunvericilikdən söz düşmüşkən onu da qeyd edək ki, uzun müddətdir Rəqabət Məcəlləsinin qəbulu ləngiyir. Milli Məclisin bu məsələyə həssas yanaşmaması əlavə problemlərə səbəb olmaqdadır.

Hökumətdəki güclər ÜTT-yə üzvlüyü əngəlləyir

Natiq Cəfərli isə iddia edir ki, hökumət daxilində ciddi lobbi qrupları var ki, bu sənədin qəbuluna mane olurlar:

"Artıq 11-ci ildir bu qanun layihəsi müzakirədədir, birinci oxunuşdan da keçib, amma sonradan dayandırılıb. Rəqabət Məcəlləsi çox vacibdir. Bu qanun qəbul edilsə, ən azından iş adamlarının istinad edəcəyi qanunvericilik bazası olar.

Əslində Rəqabət Məcəlləsinə oxşar qanun ölkəmizdə var.

Bazarın 33 faizindən yuxarısına nəzarət edən - istər dövlət, istərsə də özəl şirkətlər olsun - bunlar inhisarçı sayılır. Azərbaycanda da belə şirkətlər həddindən artıq çoxdur. Bəzi hallarda eyni adama məxsus müxtəlif şirkətlər bazarın müəyyən seqmentinə nəzarət edirlər. Rəqabət Məcəlləsinin qəbul olunması isə ən azından iş adamlarına, əsasən də orta və kiçik sahibkarlara imkan yaradacaq ki onlara maneçilik törədən şirkətlərin cəzalandırılmasını tələb etsinlər.

Bundan başqa, Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır. Yeganə ölkədir ki, uzunmüddətli danışıqlara baxmayaraq, bu quruma üzv olmaq istəmir.

ÜTT Azərbaycanın irəli sürdüyü bütün şərtləri qəbul etdi. Azərbaycan hökumətinin gətirdiyi yeganə arqument o idi ki biz daxili istehsalı qorumaq, kənd təsərrüfatında dotasiyaların qalmasını istəyirik.

ÜTT-nin yeni qaydalarına uyğun olaraq 10 il yeni üzv ölkələrə müəyyən güzəştlər verilir ki, dotasiya proqramlarını həyata keçirsinlər. Ətraf ölkələrin hamısı ÜTT-yə üzv olublar. Bəs, Azərbaycan bunu niyə gecikdirir?

Mənim düşncəmə görə, ÜTT-nin öz oyun qaydaları var. Gömrük və vergi qanunvericiliyini ona uyğunlaşdırmalısan və yaranan iqtisadi mübahisələri ÜTT-nin məhkəmə qolu ilə həll etməlisən. Azərbaycan hökumətinin daxilində olan lobbi qruplar - hansı ki idxala və ixraca nəzarət edirlər - düşünürəm ki, onlar bunu istəmirlər. Çünki Azərbaycanın ÜTT-yə üzv olması ilə gömrük və vergi qanunvericiliyində dəyişikliklərin aparılması onlara sərfəli deyil”.

Mərkəzi Bankın səhv siyasəti: ÜDM azaldı, iqtisadi aktivlik zəiflədi

Ölkənin pul siyasəti ilə bağlı məsələyə gəldikdə, iqtisadçı-ekspert qeyd edib ki, Mərkəzi Bankın (MB) 1-ci devalvasiyadan öncəki siyasəti ilə, sonrakı siyasətini bir-birindən ayırmaq lazımdır:

"İlk devalvasiyaya qədər aparılan siyasət kökündən yanlış idi. Çünki Mərkəzi Bankın 15,6 milyard dollara qədər vəsaiti var idi və Bank da, hökumət də ümid edirdi ki, neftin qiyməti müvəqqəti düşüb, yaxın zamanlarda qalxacaq. Ona görə də manatın məzənnəsini saxlamaq üçün külli miqdarda vəsait xərcləməli oldu. 1-ci devalvasiyaya çatanda, artıq Mərkəzi Bankın vəsaitlərində 10 milyarda yaxın azalma var idi. Bu,yolverilməz addım idi, çünki hamıya məlum idi ki, 1 USD-0,78 AZN məzənnəsini saxlamaq mümkün olmayacaq. Amma israrla bunu təqribən ilyarım gözlədilər. Bu da iqtisadiyyatda ciddi fəsadlara gətirib çıxardı və məcburən çox kəskin devalvasiyaya getməli oldular. İlk olaraq 34 faiz, ikinci dəfə 47 faiz. Nəticədə manat 2 dəfəyə qədər ucuzlaşdı. Bu biznesə böyük zərbə oldu. Əsas problemlər də bank sektorunda yaşandı. MB sonradan, yəni son iki ayda manatın məzənnəsini stabilləşdirmək üçün manat dövriyyəsini azaltmağa başladı. 11,8 milyardlıq manat dövriyyəsi təqribən 2 dəfə azaldılaraq 6 milyard manat dövriyyəsi təşkil edildi. Bu, manatın stabilləşməyinə yardım etdi. Bunu qısa vadədəmüsbət addım kimi dəyərləndirmək olar. Amma mənfi fəsadları orta və uzun vadədə daha pis oldu. Ölkədə iqtisadi aktivlik xeyli dərəcədə zəiflədi, iş yerləri qapanmağa başladı, ticarət dövriyyəsi və gəlirlər azaldı, kreditləşmə demək olar ki, sıfırlandı. Ölkədə kreditləşmə çox aşağı səviyyəyə düşüb. Bu ilin ilk 3 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 1.6 milyard manat az kredit verilib. Bu, böyük rəqəmdir. MB-nin sərt manat siyasəti ona gətirib çıxardı ki, məzənnə müvəqqəti də olsa, stabilləşdi, amma iqtisadi aktivlik zəiflədi. Bunun nəticəsidə ilin ilk rübündə Ümumi Daxili Məhsul 3.5 azaldı azaldı. Uzun zaman sərt manat siyasətilə manatın səviyyəsini indiki səviyyədə saxlamaq mümkünsüzdür. MB-nin ən böyük səhvi də budur. Manatın məzənnəsini, manatın dövriyyəsini azaltmaqla bu səviyyədə saxlayıb, amma bu, əks effekt yaradıb. İqtisadi aktivlik azalır, problemli kreditlərin həcmi artır. Problemli kreditlərin həcmi 2 dəfə artaraq, 1.8-1.9 milyard manata çatıb. Halbuki 700-800 milyon manat idi 1 il öncə. Bəzi banklarda problemli kreditlərin həcmi 70-80 faizə çatıb. Ölkənin ilk beşliyinə daxil olan "Bank Standart”ın az qala defolt olması, dövlət idarəsinə keçməsi bunu bir daha sübut etdi. 600 milyon depoziti olan bank idi, depozitləri qaytara bilmir, kreditləşmə yox dərəcəsindədir, kreditlərin qaytarılmasında problemlər yaşanır.

"Bank Standart”ın timsalında digər banklarda da eyni problemlər yaşanır. Və MB bu problemi görmək, həll etmək istəmir. Bu, gələcəkdə daha böyük fəsadlara yol açacaq. MB bank sisteminin dayanıqlığını təmin edə bilməsə, bir müddət sonra bankların çökməsi 'domino' effekti versə, bu, iqtisadiyyatımıza o qədər böyük zərbə vuracaq ki, sonralar dövlət milyardlarla vəsait xərcləsə belə, bunun altından çıxmaqda çətinlik çəkəcək”.

Banklara zamanında dövlət dəstəyinin verilməli olduğunu diqqətə çatdıran müsabimiz "Bunun da ən sadə yolu bank uçot dərəcəsi səviyyəsində banklara kredit verilməsidir”,-deyib: "MB bunu dayandırıb. Müraciət edən bankların heç birinə uçot dərəcəsi səviyyəsində manat kredit verilimir. MB-nin məntiqi anlaşılandır. Ölkədə iqtisadi vəziyyət o qədər çətindir ki, MB düşünür manatla kreditləşməni sürətləndirsə az sonra o manatların böyük bir qismi dollara yönələcək. Və yenidən məzənnənin artmasını müşahidə edəcəyik. Bu nöqteyi-nəzərdən sıx manat siyasəti yeridir. Amma bu bir yerə qədərdir. Bu addımlar bir neçə ay davam etsə, iqtisadi aktivlik daha da zəifləyəcək. Bu da gəlirlərin, və nəticədə büdcəyə ödəniləcək vergilərin azaldılması deməkdir. Bu isə çox ciddi problemlərə gətirib çıxaracaq”.

 

Rəhim İMRANOV

Reyting.az





Bölməyə aid digər xəbərlər