











Tarix: 17-05-2016 15:13 | Bölmə: Slayd
Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilmə məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb. Məlumata görə, layihədən bu müddəaların çıxarılması müharibə və hərbi əməliyyatlarla bağlıdır. Müharibə şəraitində olan Azərbaycan üçün bu, normal hesab olunsa da, ölkənin düşünən beyinlərinin cəbhəyə aparılması ilə bağlı fikirlər fərqlidir.
Millət vəkili Fazil Mustafa "Elm haqqında" Qanunda magistratura ve doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi kimi vacib müddəanın yer almamasını ciddi yanlışlıq hesab edir:
"Fasiləsiz təhsil olduqca vacibdir. Biz onsuz da peşəkar ordu qurmadan Qarabağı azad edə bilməyəcəyik. Əlbəttə, hamı hərbi xidmətə getməlidir, ancaq təhsili tamamlamağa mütləq imkan verilməlidir ki, istedadlı övladlarımız elmi sferada öz töfhələrini verə bilsinlər. Təəssüf ki, möhlət imkanı bu qanunla tanınmır və bunun ciddi fəsadları olacaq”.
Vətəndaş və İnkişaf Partiyasının sədri, Tibb Universitetinin müəllimi Əli Əliyev də Reyting.az saytına açıqlamasında bu dəyişikliyi mənfi qiymətləndirib. Onun sözlərinə görə, elmi və peşə hazırlığı fasiləsizlik tələb edir:
"Hesab edirəm ki, daha yüksək səviyyə hazırlığına nail olmaq üçün gənclərin möhlət hüququ olmalıdır. Ölkənin, xüsusiylə müharibə şəraitində olan dövlətin intellektual ağırlıqlı gənclərə yanaşmasında differensasiya tətbiq etməlidir. Ancaq təəssüf ki, belə məsələlər icra orqanlarının həssas yanaşdığı sfera deyildir. Misal üçün, son əməliyyatlar zamanı tədrisdə xüsusi fərqlənən gənclərin şəhid olması Azərbaycanın gələcəyinə ikiqat zərbədir. Hökumət bütün vəziyyətlərdə ölkənin sabahını, onun intellektual səviyyəsini qorumalıdır. Aydındır ki, təhsilə çox vaxt ayırmış gəncin səngərdəki çevikliyi, cəldliyi əksər hallarda idmana vaxt ayırmış, enerjisini hərəki fəaliyyətə həsr etmiş gəncdən zəif olacaq. Bu baxımdan cavabdeh qurumlar da, bütövlükdə hökumət də üzləşdiyimiz terror problemində cəmiyyətin savad potensialını hifz etmək haqqında düşünməlidir".
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə deyib ki, bu ideyanı və ya təklifi verən, onu dəstəkləyən şəxslərin hərbi xidmət haqqında təsəvvürləri yoxdur, ya da bu şəxslər Azərbaycanın gələcəyini "şikəst" etmək istəyirlər. Onun fikrincə, belə bir absurd və gələcəkdə çoxsaylı problem və çətinliklərlə müşaiyət olunacaq ideyanı reallaşdırmaq istəyən şəxs və ya şəxslər, nədən anlamaq istəmirlər ki, təhsilin fasiləsizliyi anlayışı geniş və dərin məna kəsb edir: "Bu metodu təklif edən ağıllı insanlar bunu elmi cəhətdən sübut etmiş olan şəxslər olublar. Yoxsa, indi hər yerindən duran bir şəxs, az qala yatıb yuxusunda nə görürsə, onu səhərisi gün gətirib elmə, təhsilə tətbiq etməyə çalışır. Olmaz, əzizlərim! Bu çox təhlükəli, həm də gələcəkdə ağır nəticələr verə biləcək yanaşmadır”.
Ü.Cəfərov bildirib ki, Milli Məclisdə o qədər müzakirə olunası və qəbuluna ehtiyac olan qanun və təkliflər var ki, nədənsə bizim hörmətli millət vəkilləri özlərinə əziyyət vermək istəmirlər: "Dəfələrlə həm mətbuat, həm də biz ictimaiyyət nümayəndələri olaraq yazmışıq ki, ailənin tək oğul övladları, Şəhid övladlarının hərbi xidmət keçməsi ilə bağlı təcili addımlar atmaq lazımdır. Ən azından onların arxa cəbhədə xidmət keçmələri qanunvericilik şəkilində öz təsdiqini tapmalıdır. Amma biz deyib, biz eşidirik. Hər dəfə bu və buna oxşar mövzulardan danışanda, ortalığa Konstitusiyanın 25-ci maddəsini - Bərabərlik maddəsini atırlar. Razıyam, amma bizim Ana Qanunumuz sayılan Konstitusiyada həm Təhsil almaq, həm də Yaşamaq hüquqları deyilən ən ali məqamlardan biri də öz əksini tapıb. Konstitusiyanın 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır".
Ekspert millət vəkillərinin diqqətinə onu da çatdırıb ki, ali məktəbə daxil olmuş şəxsin hərbi xidmətə gedib, sonra təhsilini davam etdirməsi, ümumiyyətlə, təhlükəli və sonradan bir çoxlarının ali təhsildən imtina etməsinə və ya ali təhsildə çox böyük çətinliklərlə üz-üzə qalmasına səbəb olacaqdır:
"Hamı gözəl bilir ki, ordu sıralarında - istər ali təhsilli olsun, istərsə də orta təhsilli - onlar üçün hərbi xidmət zamanı hər hansı bir imtiyazmı deyim, üstünlükmü deyim, yoxdur ki, onlar həm xidmət etsinlər, həm də orta məktəbdə əldə etdikləri bilik və bacarıqları qoruyub saxlasınlar. Bu da ona gətirib çıxaracaq ki, çoxları təhsillərində fasilə yarandığına görə ya ali təhsil almaqdan imtina edəcəklər, ya da oxumağa davam etmək istəsələr belə, çox böyük əziyyət çəkməli olacaqlar. Deməli, biz bilərəkdən öz gələcək savadlı kadrlarımızı öz əllərimizlə ya məhv edirik, ya da şikəst kimi cəməyyətə təqdim etmək istəyirik. Bunun özü çox böyük cinayət, həm də xalqına qarşı mən deyərdim ki, ən yaxşı halda, xəyanətdir.
Millət vəkillərinin təklif və müzakirə etmək istədikləri məsələlər arasında ali təhsil alanların sahələrinə uyğun qoşun növlərində xidmət etmələri təklifi hardasa dəstəklənə bilən bir addım sayıla bilər. Əgər mayın 17-də Milli Məclis bu ideya və təklifə "yaşıl işıq" yandıracaqsa, onda bundan sonra həqiqi hərbi xidmətə çağırışla bağlı 35 yaşa qədər çağırış məsələsinə də baxılmalıdır. Onda bu yaşa qədər möhlət verilməsi də öz aktuallığını itirmiş olacaq".
Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.
Reyting.az
Bölməyə aid digər xəbərlər