Partiya sədri, deputat qızı və ailənin digər üzvləri məhkəməyə verilib
Tarix: 27-11-2024 13:56 | Bölmə: Slayd
Partiya sədri, deputat qızı və ailənin digər üzvləri məhkəməyə verilib

Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib.

Reyting.az
“Qaynarinfo”-ya istinadla xəbər verir ki, iddiaçı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).

QSC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.

"Aqrarkredit" QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, "Agricola" şirkətini, Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu və İmanova Suğra Sevindik qızı adlı vətəndaşları da məhkəməyə verib.

Məlumata görə, Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalı keçmiş deputatın nəvələridir.

"Agricola" MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında belə, şirkətin adına rast gəlinmir.

Fəzail Ağamalı məlumatı təsdiqləyib. F. Ağamalı bildirib ki, kredit bir neçə ilə əvvəl "Agricola" şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi “axsayıb”:

"Bu baxımdan, kredit ödənilməsində müəyyən problem yaranmışdı. Artıq "Aqrarkredit"in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub".

Keçmiş deputat kreditin məbləğini açıqlamaq istəməyib. Amma məlumata görə, söhbət böyük məbləğdə kreditdən gedir.

Fəzail Ağamalı Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub. O, cari ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Bu dəfəki seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər