Rusiyanın Şərq layihəsi iflasa uğrayır; Kremlin xaricdəki məğlubiyyəti daxildə əks-səda verəcək
Tarix: 23-05-2016 13:23 | Bölmə: Slayd


Rusiyanın xarici siyasəti tarixin ən uğursuz mərhələsini yaşayır.

Qərbin təcridi ilə üzləşən Rusiya üzünü Şərqə çevirdiyini elan etsə də, deyəsən, Şımal qonşumuzun bu dönüşünü şərqlilər də istəmir.

Rusiyanın Çinlə yaxınlaşmaq cəhdini Pekin Şərq müdrikliyi ilə, çox incə şəkildə rədd etdi. Rəsmi və nümayişkarənə şəkildə olmasa da, çinlilər ruslara aydın mesaj verdilər ki, onlar Rusiyaya görə ABŞ-la münasibətlərini pozmaq istəmirlər.

Rusiyanın Qərbə qarşı siyasi və iqtisadi güc mərkəzi yaratmaq cəhdləri də iflasa uğradı. Moskvanin son illər çox böyük hay-küylə təbəliğ etdiyi Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını özündə birləşdirmək istəyi də alınmadı. Xüsusiylə də Braziliya prezidenti Dilma Rusefin vəzifəsindən kənarlaşdırılması beş dövətin birləşdiyi qrupun dağılmasını qaçılmaz etdi.

Lakin bu, Rusiyanın Latın Amerikasında aldığı ilk və belə görünür ki, son məğlubiyyət deyil. Braziliyadan əvvəl Moskva Argenitada məğlubiyyətə məruz qaldı.

ABŞ-la yaxınlaşmaq tərəfdarı olan Maurisio Makri ötən ilin dekabrında prezident seçildi və bununla da Nestor və Kristina Kirşnerlərin 12 il sürən hakimiyyəti bitdi. Kirşnerin, xüsusiylə də xanım Kristinanın hakimiyyət illərində Buenos-Ayres Moskva ilə yaxınlaşmaq, Vaşinqtonla qarşıdurma kursu götürmüşdü.

Lakin ötən ilin dekabrından sonra Argentinada yeni dönəm başlayıb və Buenos-Ayresin xarici siyasətində Vaşinqtonla münasibətlər xüsusi önəm daşımağa başlayıb.

Rusiyanın ABŞ-ın "arxa cəbhəsi”ndə - Cənubi Amerikada möhkəmlənmək arzusu Argentina və Braziliyada baş verən hakimiyyət dəyişikliyindən sonra iflasa uğradı. Bu iflasın son nöqtəsini isə Venesuelada hakimiyyət dəyişikliyi qoyacaq.

Rusiya Cənubi Amerikada olduğu kimi, Avropada da məğlubiyyəti ard-arda yaşamaqdadır. Moskvanın Avropada birsaylı, hətta təbii müttəfiqi kimi gördüyü Serbiyada parlament seçkilərində Avropa Birliyi və NATO tərəfdarları qalib gəldi. Ardınca Qaradağ (Çernoqoriya) NATO-ya rəsmən üzv olmaqla Şimali Atlantika Alyansının Avropda daha da məhkəmlənməsinə, Rusiyanın "köhnə dünya” ilə bağlı xam xəyyalarının dağılması istiqamətində bəlkə də, son addımı atdı.

Rusiya uzun illər idi ki, Qaradağ Respublikasına külli miqdarda sərmayə qoymaqla bu ölkənin NATO-dan kənarda qalmasını təşviq edə bilirdi. Ancaq indi belə görünür ki, Qaradağ NATO-nun təhlükəsizlik çətirini Rusiya sərmayəsindən üstün tutur.

BRİKS dövlətlər qrupunun siyasi birliyə çevrilmədən dağılmağa başlaması, Qaradağın və serblərin Rusiyanın deyil, NATO-nun xeyrinə seçim etmələri rəsmi Moskvanın xarici siaysətinin reallıqlar üzərində deyil, xam xəyallar üzərində qurulduğunu təsdiqlədi. Moskvanın xarici siyasətdə aldığı bu məğlubiyyətlər tezliklə Rusiyanın daxili siyasətində əks-səda verəcək. Məhz o zaman ötən ilin sonlarından başlayaraq Rusiyanın xarici siyasətdə məruz qaldığı məğlubiyyətlərin önəmi məlum olacaq. Çünki bir imperiyanın çöküşü onun xarici siyasətinin çöküşündən başlayır. Bu çöküşün obyektiv səbəblərlə yanaşı, Putin-Lavrov cütlüyünün əsassız və xam xəyallar üzərində qurulmuş xarici siaysətinin də önəmli rol oynadığını gələcəkdə tarixçilər hökmən qeyd edəcəklər.

Xəqani CƏFƏRLİ

Politoloq

Reyting.az





Bölməyə aid digər xəbərlər