











Tarix: 03-06-2016 16:38 | Bölmə: Slayd
Hələ əski zamanlardan xalqımız toy-düyünü əsasən yay aylarında edərmiş. Bunun bir səbəbi havaların əlverişli olması idisə, digər səbəbi toylarda istifadə edilən məhsulların bu aylarda bolluğu – ucuzluqla bağlı idi.
Ancaq bu il Ramazan ayı iyunun 7-də başladığından toylar təxirə salınacaq. Bu müqəddəs ayın 30 gün davam edəcəyini nəzərə aldıqda, həm də günün uzunluğuna görə iftarın saat 21:30-a qədər olan vaxta təsadüf etdiyini düşünsək, bu ayda əksər şadlıq evlərində izdivac şənliyi, demək olar keçirilməyəcək.
Bir də xalq arasında "Mayda toy etməzlər, edənlərin övladı olmaz”,- deyiminin də çox güman ki, təsiri səbəbindən may ayında da əksər restoranlarda toylar az oldu.
Qeyd edək ki, Ramazan ayından sonra İslam Peyğəmbərinin nəvəsinin şəhid edildiyi Məhərrəm ayı başlayır. Muhərrəm ayının ilk 10 günü, İmamın şəhid edildiyi Aşuradan sonra qırx gününün tamamlanması, Ərbəin də səfər ayına düşür. "Bu ay ağır aydır”,- deyən müsəlmanlar 10 gün ərzində də şənlik məclisi qurmurlar. Ümumi götürdükdə isə bu səbəblərdən ilin 1/3 müddəti restoranlarda toy olmur.
Reyting.azsaytının əməkdaşı məsələyə iqtisadi tərəfdən yanaşaraq, qısa araşdırma aparıb. Bəlli olub ki, bu aylar ərzində şadlıq evlərinin inzibatçısı, zal inzibatçısı, onun 2 köməkçisi olan baş ofisiantlar - minimum 30 ofisiant, hər iki ofisianta bir köməkçidən hesablasaq, bu təxminən 50 nəfərdir. Mətbəx və zalda işləyən xanımların sayını da minimum olaraq 20 nəfər götürdükdə, bəlli olur ki, bir şadlıq sarayında güzəran keçirən ailə sayı 70 nəfər arasındadır. Hələ bəlkə də çox...
Maraqlıdır, bəs görəsən, bu aylar ərzində həmin işçilərə minimum da olsa əməkhaqqı verilirmi?
Kiçik araşdırma nəticəsində bəlli oldu ki, bu aylar ərzində əksər şadlıq sarayları yalnız inzibatçı və baş aşpazlara maaş verirlər. Digər işçilərə isə minimum da olsa, belə bir haqq tanınmır. Baxmayaraq ki, ölkədə iqtisadi böhrandır, əhalinin güzəranı aşağı düşüb, amma əksər şadlıq saraylarında ofisiantlar, mətbəx işçiləri və xadimələr bu aylarda hətta ən minimum maaş almırlar. Yəni əlavə iş tapmayanlar səbrsizliklə toyların başlayacağı günü gözləmək məcbiriyyətində qalır.
Apardığımız sorğu zamanı şadlıq saraylarının işçiləri dedilər ki, Ramazanın iyun ayına düşməsi onları bir qədər sevindirib. Çünki işsiz qalan əksər ofisiantlar dənizkənarı və digər istirahət mərkəzlərində iş tapmağa çalışırlar. Tapmayanlar isə...
Şadlıq evlərinin əksər xanım işçiləri isə bu aylarda 'məcburi məzuniyyət”də olurlar.
R.İMRANOV
Reyting.az
Bölməyə aid digər xəbərlər