17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Azərbaycanın maliyyə kralları bankların birləşdirilməsinə imkan vermir
Tarix: 09-06-2016 18:04 | Bölmə: Slayd

 


2014-cü ildən dünya bazarında neftin qiymətində başlayan ucuzlaşma Azərbaycan iqtisadiyyatına mənfi yöndə ciddi təsir göstərdi. Bu səbəbdən manat da devalvasiyaya məruz qaldı. Manatın dəyərdən düşməsi isə ölkənin bank sektoruna təsirsiz ötüşmədi - problemli kreditlər artdı, hətta bəzi banklar fəaliyyətini dayandırmağa məcbur oldu.

Hökumət böhrandan çıxmağın yolunu həm də bəzi bankların birləşməsində - konsolidasiyada görsə də, hansısa səbəbdən digər iqtisadi islahatlar kimi, bu proses də ləngiyir.

Qeyd edək ki, Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda prezident İlham Əliyev də bank sektorunda islahatlardan danışaraq konsolidasiyanın vacibliyini vurğulamışdı.

Reyting.az-a daxil olan məlumata görə isə, bankların konsolidasiyasına mane olan ciddi səbəblər var. İddia edilir ki, bu məsələdə Azərbaycandakı bankları de-fakto nəzarətlərində saxlayan oliqarx-məmurların rolu böyükdür.

Mənbəmiz bildirib ki, ölkənin bəzi bankları istisna olmaqla, əksəriyyətində vəziyyətin kritik olmasına baxmayaraq, konsolidasiyaya meyl etmirlər. Çünki ölkədə fəaliyyət göstərən bankların əksəriyyəti de-fakto hakimiyyətdəki rəqib qruplaşmalarda təmsil olunan yüksək vəzifəli şəxslərə məxsus olduğundan onların birləşməsinə problem yaranır. Bu isə banklara, ümumilikdə Azərbaycanın bank sektoruna müsbət sonluq vəd eləmir.

İqtisadçı-ekspert Natiq Cəfərli Reyting.az-a deyib ki, bank sektorunun sağlamlaşdırılması ilə əlaqəli verilən qərar doğrudur. Amma Mərkəzi Bankın ictimaiyyətə doğru və dolğun informasiya verməməsi panikaya səbəb olur. Bu isə sağlam banklardakı depozitlərin də geri çəkilməsi ilə nəticələnir. Buna görə də, Mərkəzi Bank birləşdirməni dayandırdığını bildirdi.

Sağlamlaşdırma və təmərküzləşdirməni doğru hesab edən iqtisadçı, reallaşdırılmalı olan islahatların uğurlu olması üçün Mərkəzi Bankın düzgün mexanizmlər hazırlayıb, xalqa izah etməli olduğunu da bildirib:

"Bunun üçün ictimaiyyətlə işləmək, televiziyalarda diskussiyalar təşkil etmək, insanları bilgiləndirmək lazımdır ki, sonradan bu addımlar atıla bilsin. Təəssüf ki, bunu görmürük”.

Beynəlxalq Reytinq Agentliklərinin Azərbaycan bankları ilə bağlı bəyanatlarına gəlincə, iqtisadçı-ekspert banklarda ciddi struktur və institusional problemlərin olduğunu söyləyib. Onun fikrincə, bu problemləri həll etmək əvəzinə onların ört-basdır edilməsi vəziyyəti daha da çətinləşdirə bilər.

Bankların birləşməsinin bazar iqtisadiyyatının qanunlarına uyğun və müsbət hal olduğunu deyən N.Cəfərli ləngimənin səbəblərindən biri kimi həm də, Mərkəzi Bankın düzgün mexanizm seçmədiyini göstərib.

"Azərbaycanda klassik biznes qanunları işləmədiyindən çox güman ki insanlararası münasibətlər bankların da birləşlməsinə mane olur',- deyən N.Cəfərli qeyd edib ki, bütün bunlar keçirilən islahatların yarımçıq qaldığını göstərir.

İqtisadçı bazar iqtisadiyyatlı ölkələrdə islahatların bir-biri ilə əlaqəli olmaq şərtilə, ilk olaraq bank sektorunun sağlamlaşdırılmasında olduğunu da diqqətə çatdırıb.







Bölməyə aid digər xəbərlər