











Tarix: 12-06-2016 21:25 | Bölmə: Slayd
İsmayıllı rayonunun bir neçə kəndində evləri və əkin sahələrini sel suları basıb.
Reyting.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 15:00
radələrində 2 saat ərzində güclü küləklə müşayiət olunan leysan yağışın yağması
nəticəsində yaranan sel suları rayonun 10-dan çox kəndində təsərrüfatın
ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Dağlardan gələn güclü sel suları Kürdmaşı, Quşencə, Qarakolluq, Balik,
Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı
sahələri, evlərin zirzəmisini basıb, taxıl və üzüm sahələrini, meyvə-tərəvəz
bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfat var.
Təbii fəlakət zamanı yenidən asfaltlanaraq bu
günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu dağılıb. Sel
suları yolun 8 və 23-cü kilometrliyində hərəkət zolağını dağıdaraq nəqliyyatın
hərəkətinin tamamilə dayanmasına səbəb olub. Təbii fəlakət nəticəsində
Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometrlik hissəsi tamamilə dağılaraq
yararsız hala düşüb. İsmayıllının 10-a yaxın kəndi ilə Qaraməryəm-İsmayıllı
avtomobil yolu arasındakı Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki
körpüləri sel suları yuyub apardığı üçün yerli əhalinin rayon mərkəzi ilə
avtomobil əlaqəsi kəsilib. Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı
içməli su kəməri üçün təhlükə yaratdığından əraziyə ağır texnikalar və
işçi qüvvəsi cəlb olunub.
Dörd tərəfi dağlarla əhatə olunan bu kəndlərdə sel suyunun hündürlüyü bəzi
yerlərdə bir-iki metrdən çox olduğu üçün sakinlər evlərin eyvanlarına və damına
çıxıblar. Ümumilikdə 200-dən çox evin zirzəmisi və həyətyanı sahələri su basıb,
10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililər dağılıb, küçələrdə dərin
yarğanlar, keçilməz su gölməçələri və lil qatı əmələ gəlib, təbii qaz xətti qırılaraq
yararsız hala düşüb. Kənd sakinləri görünməmiş təbii fəlakətlə üzləşdiklərini
və heç vaxt belə güclü yağış və sel sularının şahidi olmadıqlarını bildiriblər.
Kəndlərin daxilindən keçən su arxları daşaraq kənardakı evlərə, əkin sahələrinə
ciddi ziyan vurub, həyətləri qalın lil qatı örtüb. Hazırda kəndlərdə sel və
daşqınlar davam edir.
Güclü külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb,
bəzi yerlərdə sel suları elektrik dirəklərini aşırıb, kəndlərə enerji verilişi
dayanıb. Bəzi yerlərdə rabitə və elektrik dirəkləri, meyvə ağacları yıxılıb,
naqillər qırılıb, meyvə-tərəvəz sahələrinə xeyli ziyan dəyib. Hadisə baş verən
əraziyə Fövqəladə Hallar
Nazirliyinin ( FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin, İsmayıllı
rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol istismar idarəsinin
işçiləri cəlb olunub.
Bölməyə aid digər xəbərlər