











Tarix: 13-06-2016 12:53 | Bölmə: Slayd
Leysan yağışlar İsmayıllı rayonu ilə yanaşı digər bölgələrə də ciddi ziyan vurub.
Yağan güclü leysan Göyçay rayonunda evləri və əkin sahələrini sel sularına qərq edib.
Reyting.az APA-ya istinadən xəbər verir ki, dağlardan gələn sel rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, İnçə, Qarayazı kəndlərində də fəsadlar törədib.
Sel suları həyətyanı sahələrə, mənzillərin zirzəmilərinə, tövlələrə dolub, bostan və otlaq sahələrinə xeyli ziyan vurub, kənd sakinlərinə məxsus ev quşlarını, meyvə ağaclarını, xırda buynuzlu heyvanları və bir ədəd minik avtomobilini aparıb.
Həyətlərdə gölməçələr yaranıb, beton və metal suötürücüləri, eləcə də su arxları üzərindəki kiçik körpülər dağılıb. Sel suları küçələrdə dərin yarğanlar əmələ gətirib, hektarlarla taxıl sahəsinə ciddi ziyan vurub.
Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsi bir saata yaxın bağlı qalıb. Sel suları Dəvəbatan çayı, Aşağı Qaraməryəm və İnçə kəndləri ərazisindən keçən xırda adsız dağ çayları üzərindəki körpüləri də dağıdıb.
Şamaxıda da güclü yağışdan sonra əmələ gələn sel suları rayonun bəzi ucqar dağ kəndlərində ciddi fəsadlar törədib, fərdi təsərrüfatlara, əkin sahələrinə, taxıl və otlaq sahələrinə xeyli ziyan dəyib, 10-a yaxın xırda buynuzlu heyvan və ev quşu tələf olub.
Bir həftədir, rayona yağan yağışlar çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.
Rayonun əsasən Pirsaat çayı ətrafındakı kəndlərini sel basıb. Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolda, çayın uzərində yerləşən körpüləri sel aparıb. Buna görə də kəndlərin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib.
Bu arada mütəxəssislər həyəcan təbili calıblar.
Reyting.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, Böyük Qafqazın cənub, cənub-şərq yamaclarında, Gəncə-Qazax, Lənkəran-Astara zonasında vəziyyət çox gərgindir: "Buradakı çaylardan daşqına keçən gursululuq bu gün davam edir. Bununla əlaqədar çaylara yaxın kəndlərin subasma ehtimalı yenə də var. Buna görə də ehtiyatlı olmaq lazımdır".
Çaylarda gursululuğun daşqınlara keçdiyini deyən E.Əlizadənin sözlərinə görə, hazırda ölkədə çaylarla bağlı vəziyyət çox gərgindir: "Yağışların yağması, normadan artıq yağıntının düşməsi xüsusilə Böyük Qafqazın cənub, cənub-şərq yamaclarında, Gəncə-Qazax, Lənkəran-Astara zonasında çaylarda daşqına keçən gursululuq yaranıb".
E.Əlizadə qeyd edib ki, yağıntı nəticəsində Şamaxıda sürüşmə zonasında fəallıq müşahidə edilir: "Orada su birbaşa yola tökülür və çaylarda daşqın var, dünən də səhər tezdən müşahidə edilib. Dünən ən böyük daşqın İsmayıllıda Dəvəbatan çayda olub. Bu çay çox balaca olsa da, orada gursululuq daşqına çevrilib və çayın dərəsinə yaxın olan bütün kəndləri su basıb. Bu hal həmçinin Böyük Qafqazın cənub yamacındakı bütün çaylarda - Şinçayda, Kişçayda, Kürmükçayda, Türyançayda, Göyçayda, Girdimançayda müşahidə olunur. Eynilə Böyük Qafqazın şimal-şərq yamacındakı çaylarda da - Qusarçay, Qudyalçay, Vəlvələçayda, eləcə dəLənkərançaylarında müşahidə edilir".
Daşqının bütün təsərrüfata, xüsusilə dağətəyi kəndlərdə təsərrüfatlara çox böyük ziyan vurduğunu deyən E.Əlizadə qeyd edib ki, intensiv yağışlar nəticəsində bütün sürüşmə sahələrində aktivlik var.
Bu gün yağışlı hava şəraitinin davam etdiyini deyən E.Əlizadənin sözlərinə görə, hazırda da adıçəkilən çaylarda gursululuq davam edir və bu da daşqına keçir: "Yəqin ki, sabah da davam edəcək. Yaxın 2-3 gün ərzində hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq, bu prosesin nisbətən zəifləyəcəyini güman edirik. Amma sürüşmə sahələrində stabilləşmə isə ən azı, yaxın bir həftə ərzində gözlənilmir. Çünki sızılan sular hələlik gərginliyi saxlayacaq".
Bölməyə aid digər xəbərlər