İlham İsmayıl: “Seks şantajı xüsusi xidmət orqanlarının populyar metodlarından biri olub”
Tarix: 14-06-2016 12:44 | Bölmə: Slayd


Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclunun "MTN işi” ilə bağlı verdiyi müsahibədə "2800 seks videosu" barədə səsləndirdiyi iddialar mediada ciddi ilgi gördü və manşetlərə daşındı.

Ümumiyyətlə, seks videosu ilə şantaj xüsusi xidmət orqanlarının nə vaxtdan vazkeçilməzi olub?

Reyting.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı bu sualla təhlükəsizlik məsələrəi üzrə tanınmış ekspert, MTN-nin sabiq əməkdaşı İlham İsmayıla müraciət edərək aşağıdakı cavabı alıb:

"Hörmətli Ərəstun bəyin "MTN işi" kimi qəbul olunan proses barədə məlum müsahibəsi kifayət dərəcədə rezonans doğurub və müsahibədə proses əsasən düzgün qiymətləndirilib. Xüsusilə, işin yalnız istintaqdan deyil, daha çox siyasi qərarlardan asılı olan bir proses olduğu dəqiq göstərilib.

Ərəstun Oruclunun qaldırdığı suallar da cəmiyyəti həm maraqlandıran, həm də narahat edən məsələlərdir. Bu deyilənlər öz yerində, amma hiss olunur ki, əksər mətbuat nümayəndələri və sosial şəbəkədəkilər "2800 ədəd seks videokaseti" barədə olan informasiyanı önə çəkərək, şantaj materialların hədəflərinin kimlər olduqları ilə daha çox maraqlanırlar.

Kasetlər barədə fikir bildirməzdən əvvəl qeyd edim ki, seks şantajı tarixən xüsusi xidmət orqanlarının populyar metodlarından biri olub. Ərin və ya arvadın xəyanəti video, foto görüntülərlə qeyd olunandan sonra istər kəşfiyyat, istərsə də əks kəşfiyyat bu metodla istədiyinə nail olmağa çalışıb. Yəni hədəfi casusluq etməyə cəlb etmək üçün həmin materiallardan istifadə ediblər. Bu metod həmişə də uğurlu alınmır. Xüsusilə diplomatlara ( bəzi müsəlman ölkələri istisna olmaqla) qarşı işlədəndə onlar adətən bunu gülə-gülə qarşılayıblar.

Qeyd olunan kasetlərin 90 faizi proses üçün siyasi qərar verilməsinə təsir edə bilməz, yəni hansısa məmurun, ictimai şəxsin, lap bəzi nazirlərin də, onların ailə üzvlərinin də görüntüsü son anda siyasi qərara təsir edə bilməz. O deyilən görüntülərin 10 faizi (rəqəmlər nisbidi) xüsusi narahatlıq yarada bilər ki, görünür hələ də istintaq bu işdə hüquqa əsaslanan qərar verə bilmir.

İkincisi, 2800 ədədin demək olmaz ki, hamısının təşəbbüskarı və sifarişçisi yalnız MTN işçiləridi.Ola bilsin ki, sifariş daha yuxarıdan gəlsin və kasetlərdə bunlar qeyd edilsin və məlumdur ki, belə sifarişlərin bəziləri televiziyalara, internetə qədər çıxarılıb. Sifarişlərin içərisində yalnız yataq səhnələri deyil, ölümlə nəticələnən qətllərin, rüşvət vermə-alma proseslərinin də olması mümkündür.

Ərəstun Oruclunun konkret adlar çəkərək, onların niyə bu günədək istintaqa cəlb olunmamasının cavabını da məhz qeyd etdiyimiz sifarişlərdə, tapşırıqlarda axtarmaq lazımdır. İlk baxışda aydın olmayan bütün məqamlar şantajla bağlıdır.

Vaxtilə qanunsuz, dövlətə, dövlətçiliyə xidmət etməyən sifarişlərin, tapşırıqların gözünə öz şəxsi maraqlarını da qoşub quldurluq edənlər bir gün cinayətlərin üstünün açılacağının fərqində olublar, hazırlıq görüblər. O hazırlıqla da onları ittiham edənləri şantaj edirlər”.

İ.İsmayıl bildirib ki, vaxtilə Moderator.az saytına verdiyi açıqlamada "MTN işi"nin tezliklə bitməyəcəyini və gözlənilməz hadisələrin baş verəcəyini istisna etməyib:

"Hələ ki, bir zabit intihar edib, intiharın şahidi də "özünə qəsd" edib, bir zabit də içəridən hədə-qorxu gəlir ki, məni buraxın, yoxsa özümü öldürərəm. Ümumiyyətlə, məhkəmənin olması belə çətin görünür. Məhkəmə çox güman ki, qapalı keçirilsin, ya da müttəhimlərin bəzilərilə əvvəlcədən razılaşdırılmış mövqe qoyulması şərti kəsilsin. Gedişatın istintaqdan çox, siyasi qərardan asılı olacağı açıq hiss olunur".

 





Bölməyə aid digər xəbərlər