











Tarix: 16-06-2016 16:23 | Bölmə: Slayd
Gənclər və idman nazirimiz Azad Rəhimov Rusiyanın "TASS" xəbər agentliyinə müsahibəsində deyib ki, 2019-cu il - II Avropa Oyunlarını Rusiya keçirməlidir.
Azad Rəhimov bu istəyini Avropa Oyunlarının yaxşı yarış və idmançılar üçün nəhəng mübarizə təcrübəsi olması, buna görə də Rusiyanın idmançılara kömək edə biləcəyi ilə əsaslandırıb.
Cənab Rəhimovun bu istəyi öz yerində, bəs, Rusiyanın II Avropa Oyunlarını keçirməyə gücü və imkanı varmı?
Rusiyanın dövlət kimi əsas maliyyə mənbəyi neft və qazın ixracından əldə etdiyi gəlirlərdir. Neftin və qazın qiymətinin kəskin ucuzlaşması isə şimal qonşumuzu bu gəlirlərdən mərhum edib. 2016-cı ilin yanvar-aprel aylarında Rusiyanın neft-qaz ixracından gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz az olub. Neft və qazın qiymətlərinin kəskin ucuzlaşması nəticəsində indi Rusiyada elə vəziyyət yaranıb ki, dövlət nəinki sosial öhdəliklərini, hətta həyati əhəmiyyət kəsb edən infrastruktur layihələri də yerinə yetirə bilmir. Məsələn, ilhaq edilmiş Krım sakinlərinin pensiyalarının indeksləşdirilməsi tələbinə Rusiyanın baş naziri "Pul yoxdur",-cavabını vermək məcburiyyətində qalıb.
Rusiyanı Krımla birləşdirəcək körpünün inşası da pul çatışmazlığı ucbatından dayanıb. Kerç boğazı üzərindən çəkilən körpünün inşaasını həyata keçirən "Stroyqazmontaj" şirkəti tikinti üçün dövlətin son dəfə ötən il ödəmə etdiyini, maliyyə çatışmazlığı ucbatından inşaat işlərini dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb.
Bəzi iqtisadçılar hesab edirlər ki, Rusiyanı ilhaq edilmiş Krımla birləşdirəcək körpünün inşaası çox böyük ehtimalla mümkün olmayacaq, çünki dövlətin maliyyə ehtiyatları tükənmək üzrədir.
A.Rəhimovun II Avropa Oyunlarını Rusiyanın keçirməsi ilə bağlı istəyini dilə gətirdiyi günün səhəri Rusiya informasiya agentlikləri məlumat yaydılar ki, 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının da taleyi şübhə altına düşüb.
Məsələ ondan ibarətdir ki, Azad Rəhimovun rusiyalı həmkarı Vitali Muto bəyan edib ki, 2018-ci il dünya çempionatının keçiriləcəyi futbol meydançalarının 75 faizinin inşaası hələ davam edir və dövlət tez-tez bu məqsədlə ayrılan pulları azaltmalı olur. Ötən il bu məqsəd üçün nəzərdə tutulan büdcə 30 milyard rubl azaldılıb, bu il isə daha 10 fazi ixtisara məruz qalıb.
Vətəndaşları qarşısında sosial, 2018-ci il dünya çempionatına hazırlıqla bağlı beynəlxaql ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyən Rusiya ABŞ-la girdiyi rəqabətdə geri qalmamaq üçün kosmik tədqiqatlara və hərbi sahəyə sərmayə qoymaq planlarını da təxrə salıb. Bu sahələrdə qarşıya qoyulan məqsədlərdən indi imtina olunur. Səbəb, Rusiya baş nazirinin dediyi "Pul yoxdur",-məsələsidir.
Moskvanın Vaşinqtonla yeni rəqabətin sonluğunun Rusiya üçün həyati əhəmiyyətli olacağı tarixdən və siyasətdən azacıq anlayışı olan hər kəsə aydındır. Bu rəqabətdə uduzmamaq üçün ən vacib layihələri maliyyələşdirməyə pul tapmayan Rusiyanın II Avropa Oyunlarını həyata keçirmək üçün maliyyə mənbələri tapacağı da mümkünsüz görünür...
Xəqani CƏFƏRLİ
Reyting.az
Bölməyə aid digər xəbərlər