Hökumət Azərbaycanı daha bir problemlə üzləşdirib
Tarix: 21-06-2016 11:43 | Bölmə: Slayd


Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatında ciddi problemlər yaradıb. Buna paralel olaraq Azərbaycanın xarici borclarının artması ölkənin iqtisadi vəziyyətini daha da gərginləşdirib. Çünki bir müddət əvvəl götürülən xarici borcları qaytarmağın zamanı çatıb. Bu isə ağır vəziyyətdə olan ölkə iqtisadiyyatında daha bir gərginliyə səbəb olur.

Məlumat üçün bildirək ki, Maliyyə Nazirliyi 1 aprel 2016-cı il tarixinə Azərbaycanın xarici borcunun məbləğini açıqlayıb. Deyilən tarixə qədər xarici dövlət borcu 7 milyard 448,7 milyon ABŞ dolları (11 milyard 486,6 milyon manat, adambaşına 1210 manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21,0 faiz təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər də daxildir.

Xarici dövlət borcunun 82,3 faizi əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17,7 faizi beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb olunub.

Tanınmış iqtisadçı alim Teyyub Əliyev "Reytinq"ə deyib ki, ölkə iqtisadiyyatı normal axarında inkişaf etsəydi, xarici borcu qaytarmaq problem olmazdı.

T.Əliyevin sözlərinə görə, beynəlxalq iqtisadi münasibətlərin subyekti olan ölkələrin də qarşılıqlı xarici borcları var və bu, obyektiv prosesdir.

İqtisadçı bildirib ki, məsələ xarici borcun həcmində və onun ölkənin ÜDM-ə olan nisbətindədir:

"Azərbaycanın xarici borcunun mövcud həcmi o qədər də yüksək deyildir və hələlik onun qaytarılmasında hansısa problem, narahatlıq görmürəm. Ölkəmizdə məlum səbəblərdən yaranmış maliyyə çatışmazlığı yeni xarici borcların cəlb edilməsi zərurətini yaradıb ki, hökumət bu istiqamətdə fəaliyyətini gücləndirməlidir. Ancaq alınacaq xarici borclar infrastruktur layihələrinə yox, istehsal sahələrinə yönəldilməlidir və onlardan istifadəyə ciddi nəzarət edilməlidir ki, korrupsiya yeminə çevrilməsin. Yəni, "Azərenerji"nin, "AZAL"ın aldığı kreditlərin gününə düşməsin".

Müsahibimizin fikrincə, yanlış iqtisadi siyasət nəticəsində Azərbaycan idxaldan asılı vəziyyətə düşüb. Yanlış iqtisadi siyasətin, eləcə də, yanlış məzənnə siyasətinin nəticəsidir ki, həm istehsal istehlakı, həm də şəxsi istehlak mallarının qiyməti artmaqda davam edir: "Ona görə də hökumətin bir nömrəli vəzifəsi ölkənin idxaldan asılılıq səviyyəsinin azaldılmasına nail olmaqdır. Bunun üçün əsas diqqət istehsal sahələrinin inkişafına yönəldilməlidir. Əks halda manatın üçncü və kəskin devalvasiyası qaçılmaz ola bilər".

T.Əliyev qeyd edib ki, neftin qiymətinin artacağına arxayın olub iqtisadi islahatları gecikdirmək olmaz və ölkədə real iqtisadi islahatlara ciddi ehtiyac var.

Digər ekspert Azər Mehtiyev isə məsələyə daha geniş spektrdən yanaşmağın vacibliyini vurğulayıb. A.Mehtiyevin fikrincə, dövlət borclanması özü bir az geniş termindir. İqtisadçı hesab edir ki, həm daxili, həm də xarici borclanma dövlətin özünün müəyyən inkişaf proseslərini həll etmək üçündür: "Büdcədə vəsait çatışmazlığı və yaxud müəyyən islahatların - struktur islahatlarının həyata keçirilməsi prosesi zamanı buna gedilir".

Ekspertin sözlərinə görə, geniş yayılmış yanaşmalardan biri də ondan ibarətdir ki, dövlətin xarici borcu dövlət büdcəsinin 10 faizindən çox olmalı deyil: "Xüsusilə bu borcun həcmi dövlət büdcəsinin həcminin 10 faizindən çox olarsa, bu, artıq təhlükəli hal sayılır. Kreditlərin verilməsi zamanı nəzərə alınan şərtlər ondan ibarətdir ki, hökumətin nə dərəcədə ödəniş qabiliyyətli olması, mövcud borcların ÜDM-ə nisbəti və sair kimi öhdəliklər əsasında qiymətləndirilir. Beynəlxalq reytinq şirkətlərinin ölkəyə verilən reytinq, kredit qabiliyyəti reytinqi burada önəmli yol oynayır. Bundan asılı olaraq həmin kreditlərin faizləri yüksəlir. Beynəlxalq maliyyə qurumları həmin kreditlərin qaytarılmasında maraqlıdır. Zaman-zaman dünyada, xüsusilə neft ölkələrində, neft qiymətlərinin aşağı düşdüyü dövrlərdə həmin ölkələr ciddi problemlərlə üzləşiblər. Azərbaycan indiki halda təbii ki, bir tərəfdən büdcə gəlirlərində də ciddi problemlərlə üzləşir.

Bank sektorunda da problemlər var. Ancaq hələ ki ölkənin güvənə biləcəyi Neft Fondu mövcuddur. Beynəlxalq qurumlar da bunu nəzərə alırlar. Mövcud Neft Fondunun ehtiyatları bu kreditlərə xidmət etməyə imkan verir. Bu şərtlər nəzərə alınmaqla kreditlərin verilməsi həyata keçirilir".

Ekspertlərin də rəylərinə nəzərən demək olar ki, Azərbaycanın xarici borcunun həcmi kifayət qədər böyükdür. Qarşıdakı dövr üçün ölkə iqtisadiyyatı ilə bağlı verilən bədbin proqnozları da nəzərə alsaq, o qənaətə gəlmək olar ki, xarici borc Azərbaycan xalqının boynundan asılmış ağır daşı xatırladır.

Reyting.az





Bölməyə aid digər xəbərlər