











Tarix: 28-06-2016 16:23 | Bölmə: Slayd
Ötən həftə Lənkəranda dövlət tərəfindən mühafizə olunan dahi Nizami Gəncəvinin heykəli və onun adını daşıyan tarixi memarlıq abidəsi - "Nizami" kinoteatrının sökülməsi mətbuatın gündəmində oldu.
Bu barədə "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi məlumat yayaraq, bildirib ki, Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülmüş Lənkəran şəhərindəki Nizami adına kinoteatrın binası heç bir hüquq müəyyənedici sənəd olmadan "Neon-111" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülərək, yerində "Neon" Şadlıq Sarayı üçün tikinti işləri aparılır. O cümlədən, kinoteatrın qarşısında olan dahi şair Nizami Gəncəvinin heykəli də sökülüb.
Maraqlıdır ki, bu fakta münasibətini açıqlayan Lənkəran İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi Marifə Əhmədova bildirib ki, "Nizami" kinoteatrı heç zaman memarlıq abidəsi olmayıb:
"60-cı illərə aid olan bir tikilidir. Uzun müddət istifadəsiz olub, yararsız vəziyyətə düşüb. Kinoteatrlar istifadə olunmadığından bina qəzalı vəziyyətə düşmüşdü. Özü də dövlət səviyyəsində 5 il bundan öncə özəlləşdirilən bir əmlakdır. Onun yerində hər hansı ictimai iaşə obyekti tikilir".
N.Gəncəvinin heykəlinə gəlincə, M.Əhmədova onun adi betondan tökülmüş bir heykəl olduğunu deyib: "Onu sökməyiblər, götürüb bir müəssisəyə veriblər, orada istifadə olunur".
Lakin az sonra Lənkəran Rayon İcra Hakimiyyəti adıçəkilən məmurun dediklərini təkzib edən, hətta konkret olaraq, nazir Əbülfəs Qarayevlə komitə sədri Kərəm Həsənovu hədəfə gətirən rəsmi açıqlama yaydı.
Bu açıqlamanın hansı mqəsədlə yayıldığı nə qədər diqqətçəkəndirsə, orada yer alan faktlar da bir o qədər real duruma aydınlıq gətirir. Azərbacan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran ŞİH-nə ünvanladığı 10.10.2014-cü il tarixli məktubda Nazirliyin Lənkəran Şəhər Mədəniyyət və Turizm şöbəsinin balansında olan, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, 4 ünvanında yerləşən "Nizami" kinoteatrının binası uzun müddət istifadə olunmadığı, həmin binanın əsaslı təmir edilmədiyi, yarasız hala düşdüyü qeyd edilir, bu binanın gələcəkdə bərpası və kinoteatr kimi istifadə olunması nəzərdə tutulmadığı bildirilir.
Eyni zamanda məktubda sözügedən kinoteatr binasının qarşısında qoyulmuş Nizami Gəncəvinin heykəlinin baxımsız hala düşdüyü qeyd olunaraq heykəlin bu ərazidə saxlanılmasının məqsədəuyğun olmadığını nəzərə alaraq heykəlin qorunub saxlanması, şəhərin daha münasib hissəsinə köçürülməsi üçün tədbirin görülməsi xahiş edilib. Bu məktuba əsasən icra hakimiyyəti tərəfindən Nizami Gəncəvinin heykəlinin şəhərin Paşa Təhmazov küçəsində yerləşən mərkəzi kitabxananın qarşısına köçürülməsi təmin edilib.
İcra hakimiyyətindən bildiriblər ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakını özəlləşdirərkən balanssaxlayıcısının rəyini (bu əmlakın balanssaxlayıcısı Mədəniyyət və Turizm Nazirliyidir) nəzərə almaqla əmlakın özəlləşdirilməsini həyata keçirib:
"Nizami" kinoteatrı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılmış, "Neon-111" MMC tərəfindən satın alınmış və Daşınmaz Əmlakın Reystri Xidməti tərəfindən 27.11.2014-cü il tarixində seriya RX0521676 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında çıxarış verilib.
"Neon-111" MMC əmlakı özəlləşdirdikdən sonra mülkiyyət hüququna dair sənədlə mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsini həyata keçirməyə başlayıb".
Göründüyü kimi, Lənkəran Rayon İcra Hakimiyyəti Nizaminin heykəlinin adi betondan olmadığını, tarixi abidə olduğunu təsdiq etməklə yanaşı, dövlətin iki qurumunu tarixi abidənin yerləşdiyi ərazini satdığını bildirib.
Hətta icra hakimiyyəti heykəl və onun qoyulduğu ərazinin fotosunu da yayıb. Aydın olur ki, heykəl heç də memarın dediyi kimi, bərbad gündə olmayıb. Başqa sözlə, bir qrup məmur şəxsi mənfəətlərini düşünərək "Qəsr" İB-nin aşkarladığı rüsvayçı hərəkəti həyata keçiriblər.
"Reytinq"in əldə etdiyi məlumata görə isə, Lənkəran Rayon İcra Hakimiyyətinin iki dövlət qurumunu fakt qarşısında qoyan açıqlaması qarşı tərəflərdə ciddi narazılıq yaradıb.
Məlumatda bildirilir ki, bu məsələ artıq yuxarı dairələrin dqiqətinə düşüb: "Sovetski"dəki tarixi binalarla bağlı yaranmış gərginliyin bu dəfə Lənkəranda, özü də bir özəl şirkətin dövlət ehtiyacı olmayan ərazidə təkrarlaması, əlbəttə, diqqət çəkməyə bilməzdi. Mənim bildiyimə görə, İcra Hakimiyyətinin Əbülfəs Qarayevlə Kərəm Həsənovu fakt qarşısında qoyan açıqlaması bu qurumların rəhbərlərinin də kəskin narazılığına səbəb olub. Onlar bu açıqlama ilə icra başçısı Taleh Qaraşovun məsuliyyətdən yaxa qurtarmaq cəhdi ilə yanaşı, həm də onları bilərkdən mətbuatın hədəfinə çıxarmaqda ittiham edirlər. Çox güman ki, nazir və komitə sədri zamanla bunun qısasını Taleh Qaraşovdan almağa çalışacaqlar".
Mənbə deyib ki, T.Qaraşovun abidə qalmaqalına tələsik reaksiyasının da səbəbi ciddidir. Çünki ona bir neçə dəfə xəbərdarlıq edilib. Bu səbəbdən o, istənilən an vəzifədən kənarlaşdırılacağını dərk edir.
Məlumatda həm də bildirilir ki, T.Qaraşovun karyerasına təhlükə yaranıb: "Artıq onun yaxın dostu olan, Lənkəranda uzun illər həmfikir və ortaq kimi bir yerdə işlədiyi polis rəisi Möhübbət Hüseynovun bir neçə gün əvvəl təqaüdə göndərilməsi, oğlu Vüsal Qaraşovun isə Səbaildəki 8-ci Polis Bölməsinin rəisi vəzifəsindən daha ağır zona sayılan Yasamaldakı 29-cu Polis Bölməsinə transfer edilməsi də qarşıdakı "tufan"ın əlaməti kimi yozula bilər".
Məlumatlı şəxs T.Qaraşovun Lənkəranda yol verdiyi qalmaqallı hadisələrdən, o cümlədən Hirkan dövlət qoruğu ərazisində özünə tikdirdiyi möhtəşəm villadan da söz açıb.
Bildirib ki, T.Qaraşov özünə "CEEP" və digər bahalı avtomobillər alan məmurları da bu əməllərinə görə "cazalandırır". Onlara bildirir ki, bahalı avtomobil almaq yuxarı dairələrin diqqətini çəkir və buna görə müəyyən qədər xərc çəkmlədirlər. Hətta bu zaman Zeynal Nağdəliyevin adından da öz məqsədləri üçün istifadə edir.
Reyting.az
Bölməyə aid digər xəbərlər