17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Maliyyə böhranı kritik həddə çatır; Manatın yenidən ucuzlaşması sosial gərginliyə səbəb ola bilər
Tarix: 28-06-2016 17:02 | Bölmə: Slayd

Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı dünya iqtisadiyyatında ciddi gərginliyə səbəb olub. Adıçəkilən ölkənin milli valyutası dəyər itirib, dollar isə sürətlə qalxır.

Bu prosesdə Azərbaycan da mənfi istiqamətdə təsirlənib. Belə ki, Azərbaycan Dövlət Neft Fondu 12 saat ərzində 90 milyon dollara yaxın zərərə düşüb.

Bundan başqa, qərarın açıqlanmasından sonra dünya bazarında Brent markalı neftin qiyməti 48,56 dollar səviyyəsinə enib. Avropa fond birjaları isə çöküb. Böyük Britaniyanın aparıcı fond indeksi təxminən 9 faiz enib. Referendumdan sonra funt sterlinq 1985-ci ildən bu yana dollar qarşısında ən aşağı səviyyəyə düşüb.

Nəzərə çatdıraq ki, artıq neçə gündür Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını dayandırmışdı. Buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır. Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşırlar. Hətta bəzi banklar dolları daha yüksək qiymətə satışa çıxarırlar. Eyni zamanda, qara bazar da fəaliyyətini aktivləşdirib. Maraqlısı odur ki, Azərbaycanın Mərkəzi Bankı (AMB) mövcud durumla bağlı insanların narahatlığına son qoyacaq açıqlama vermir. Verilən məlumat isə manatın məzənnəsinin qorunub saxlanacağı ilə bağlıdır.

"Azərbaycan iki istiqamətdə zərbə altındadır"

 

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, tanınmış iqtisadçı Oqtay Haqverdiyev "Reytinq"ə deyib ki, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir, bu səbəbdən də Azərbaycanda məzənnənin düşüb qalxmasının dünyadakı proseslərlə bilavasitə əlaqəsi yoxdur.

O.Haqverdiyevin sözlərinə görə, Azərbaycanın xarici ticarəti dollarla həyata keçirildiyi üçün ölkəyə gətirilən malların qiymətinə təsir edir: "Azərbaycanda manatın real qiyməti hələ ki müəyyən olunmayıb. Mərkəzi Bank sosial gərginliyin artmaması üçün bunu qoruyub saxlamağa çalışır. Ona görə də manatı özbaşına buraxa bilmir. Amma görünən odur ki, bu, mümkün olmur. Manatın kütləsi azaldıqca, dollara tələbat artır. Mərkəzi Bank manatı azaldaraq, məzənnəni stabil saxlamağa çalışır. Ancaq digər tərəfdən də, ölkədə dollarlaşma prosesi gedir. Bu səbəbdən də maliyyə bazarında disbalans yaranır. Hər halda, bu ilin axırına kimi iqtisadiyyatın tələbatına görə manat bir az da ucuzlaşacaq. Bəzi iqtisadçılar dolların məzənnəsinin 1,8, bəziləri 2 manat olacağını proqnozlaşdırırlar. Ancaq söhbət bundan getmir, məsələ tendensiyadadır. Mənim proqnozum isə odur ki, dollar bahalaşmaqda davam edəcək".

O.Haqverdiyev nəzərə çatdırıb ki, Azərbaycan iki istiqamətdə zərbə altındadır və iri biznes qurumları qarşıdakı dövrdə ciddi problemlə üzləşə bilərlər.

Tanınmış iqtisadçının fikrincə, heç bir iqtisadi təşkilat kreditsiz inkişaf edə bilməz: "Hazırda elə bir vəziyyət yaranıb ki, heç bir sahibkar öz pulunu investisiya kimi qoymaq istəməyəcək. Çünki bankdan kredit götürüb layihələri icra etmək ən yaxşı variantdır. Hazırda həmin böyük kreditlərin verilməsində çətinliklər yaranır.

İkincisi, bu tendensiya davam etsə, əhalinin həyat səviyyəsi aşağı düşəcək, inflyasiyanın qarşısını almaq mümkün olmayacaq, qiymətlər artacaq.

Ən pisi isə odur ki, əhalinin gəlirləri artmır. Rəsmi göstəricilərə görə, guya artım var, amma reallıq başqadır. Göstərilir ki, guya gəlirlər 8 faiz artıb, amma iqtisadiyyatda 4,5 faiz geriləmə var. Yəni, özləri də bilmirlər ki, nə etsinlər. Bütün bunlar isə ölkədə sosial narazılığı artırır. Çünki bunlar insanlara toxunur. Oyunlar gedir, hərənin öz marağı var".

Ekspert hazırki vəziyyətdən çıxış yolunun olduğunu bildirib. Onun sözlərinə görə, hökumət nümayəndələri problemləri ört-basdır etməkdənsə, kompleks tədbirlər həyata keçirməlidir.

ARDNF: Qeyri-müəyyənlik maliyyə bazarlarına təsir edib 


Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) baş verənlərlə bağlı ötən həftə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Britaniyanın Avropa İttifaqına üzvlüyünün davam etdirilməsi ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub:

"Bu, ilk növbədə özünü qlobal səhm və valyuta bazarlarında göstərib. Baş verənlərdən sonra bütün əsas səhm indeksləri 5 faizdən artıq düşüb, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10 faiz və 3 faiz enib. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib. ARDNF-nin hazırda səhm yatırımları ümumi vəsaitlərin təxminən 10 faizə qədərini təşkil edir. Digər 90 faiz isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib ki, bu aktivlərin dəyəri sabit qalmış və hətta qızılın dəyərində kəskin artım müşahidə olunub".

Valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, açıqlamada bildirilir ki, ARDNF portfelinin aktivlər üzrə olduğu kimi, müxtəlif valyutalar üzrə də diversifikasiyası bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır:

"ARDNF-nin istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırki investisiya portfelinin qorunmasına şərait yaradır".

Açıqlamada daha sonra bildirilir ki, ARDNF-nin investisiya siyasətinə əsasən fondun investisiya portfelinin vəsaitinin 50 faizi ABŞ dolları, 35 faizi avro və 5 faizi ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10 faizi isə Azərbaycan prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş - G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" (Standard and Poor`s, Fitch) və ya "A2" (Moody`s) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

Hökumətin fəaliyyəti yarıtmazdır

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə Reyting.az-a deyib ki, hökumət, Mərkəzi Bank, eləcə də Neft Fondu hazırki situasiyada üzərinə düşən öhdəliyi yerinə yetirmir.

N.Cəfərlinin fikrincə, Mərkəzi Bank real vəziyyəti analiz etmək və konkret qərarlar vermək əvəzinə, manipulyasiya ilə məşğuldur: "Azərbaycanın hökumət və Mərkəzi Bank üzvləri son zamanlar manatla, iqtisadi durumla bağlı çox qəliz dildə açıqlamalar verərək, "qlamur" və çətin terminlər işlədərək öz səriştəsizliklərini bununla pərdələməyə çalışırlar.

Amma mən "tərcüməçi" işimi davam etdirərək, çox sadə dildə, iqtisadçı olmayanlara belə aydın olacaq şəkildə bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm.

Ölkəmizə özünü müxtəlif mal və məhsullarla təmin etmək, xaricdən alıb ölkəyə gətirmək üçün 2015-ci ildə 9,2 mlrd. dollar valyuta lazım olub. Keçən il 2 devalvasiyanın olduğunu, alıcılıq qabiliyyətinin xeyli aşağı düşdüyünü nəzərə alsaq, bu, kifayət qədər böyük rəqəmdir.

2016-cı ilin ilk 5 ayında ölkəyə lazım olan mal-məhsulların alınmasına görə 3,331 mlrd. dollar vəsait xərclənib, bu temp davam etsə, bu il ölkəyə mal-məhsul gətirmək üçün, təqribən, 8-8,5 mlrd. dollar valyuta lazım olacaq.

Keçən il ölkədən kapital axını, turist səfərlərinə gedən vətəndaşlar, olnine alış-veriş, mərc oyunları və s. xərclər şəklində, təxminən, 6 mlrd. dollar çıxmışdı. Bu il kapital axını zəifləyib, turizmdə isə ciddi azalma yoxdur, online alış-verişdə də azalma var - bütün bunları nəzərə alaraq bu il bu rəqəm 3-3,5 mlrd. dollara qədər azala bilər. Bütün valyuta çıxışı səbəblərini toplayanda 2016-cı ildə ölkəyə 11-12 mlrd. dollar valyuta lazım olacaq".

Qeyri-neft sektorunun ixracı "yox" səviyyəsindədir

N.Cəfərli qeyd edib ki, ixracatımızın 94 faizə yaxınını neft, neft məhsulları və qazın təşkil etdiyini nəzərə aldıqda və bunun pulunun da əsasən, Neft Fondunda yığıldığını göz önünə gətirdikdə, Fondun təsdiq edilmiş büdcəsinə baxmaq kifayət edir - 2016-cı ildə Neft Fonduna 6,7 mlrd. manat vəsait daxil olacaq (1,55 məzənnəsi ilə bu 4,3 mlrd. dollar edir).

Ekspert həm də bildirib ki, qeyri-neft sektorunun ixracı "yox" səviyyəsindədir, bu sahədən cəmi 450-500 mln. dolların daxil olması gözlənilir: "Həmişə, əsasən, Rusiyadan orada çalışan soydaşlarımızın ailələrinə göndərdiyi vəsait şəklində ölkəyə valyuta daxil olurdu, 2015-ci ildə bu sahədə də kəskin azalma oldu, bu il isə 500 mln. dolları keçməyəcək. Ölkəyə gələcək bütün valyuta kanallarını toplasaq, 2016-cı ildə Azərbaycana 5,5-6 mlrd. dollar daxil olacaq".

N.Cəfərlinin sözlərinə görə, hesablamalar göstərir ki, 2016-cı ildə valyuta təlabatımız 11-12 mlrd. dollar, valyuta gəlirlərimiz isə 5,5-6 mlrd. dollar olacaq:

"Yəni, xərcləməli olduğumuzun yarısını qazanacağıq, bəs sonra?

Neft Fondu hər həftə 100 mln. dollar vəsait satır, amma büdcəyə 6 mlrd. manat transfer etməlidir, yəni, 4 mlrd. dollar satandan sonra satışları dayandıracaq, Mərkəzi Bankın isə cəmi 4 mlrd. dollar ehtiyatı qalıb, bəs sonra nə olacaq?

Hökumət və MB nümayəndələri "qlamur" terminlərlə danışmaqdansa, çıxıb bunu sadə dillə izah etməlidirlər. Yəni, manata basqıların əsas mənbəyi məhz bu məsələdir - xərclərimiz və təlabatımız çox, qazancımız isə azdır və belə bir şəraitdə manat uzun zaman inzibati məzənnə siyasətinə tap gətirə bilməyəcək. Çox sadə və adi hesablamalar bunu göstərir, əgər etirazı olan nazir, Mərkəzi Bank rəhbərliyindən kimsə varsa, çıxaq AzTV-yə, müzakirə edək".

Azərbaycan kəskin devalvasiyanı həzm edə bilməyəcək

N.Cəfərli həm də təəssüflə qeyd edib ki, manatın taleyi tək bizdən asılı deyil: "Azərbaycan hökuməti nə qədər inkar etsə də, "üzən məzənnə" prinsipi ilə deyil, inzibati qaydada məzənnə müəyyən olunur.

Digər səbəblərdən biri ətrafımızda olan ölkələrin valyuta məzənnələrinin dollara nisbətən tez-tez oynaması və neft qiymətlərində baş verən dəyişikliklərdir. Hər iki sahədə də dünyada ciddi gözləntilər yaranıb. Dünya FED-in növbəti faiz artımını gözləyir. Bu, yaxın zamanlarda başa verəcək. Bu isə dolların dünyada bahalaşmasına səbəb olacaq".

İqtisadçı bildirib ki, neftin qiymətində 49-50 dollar civarında irəliləyiş olsa da, qiymətin belə qalacağına ümid yoxdur. "Amma hesab etmirəm ki, Azərbaycan hökuməti əvvəlki kimi 47, yaxud 34 faizlik kəskin devalvasiyaya getsin. Çünki nəhayət hökumət də anladı ki, kəskin devalvasiyanı həzm etməyə Azərbaycan iqtisadiyyatının gücü yoxdur. Ona görə də bank sektorunda, pərakəndə ticarətdə problemlər var. İndi yumşaq şəkildə manatı gündəlik 2-3 qəpik azaldacaqlar. Azərbaycanda rəsmi məzənnənin ən pik nöqtəsi 1.64 olub. İndi də həmin səviyyələrə doğru gedirik",- deyə N.Cəfərli fikrini tamamlayıb.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər