Millət vəkilləri Konstitusiya dəyişikliyini müzakirəyə çıxardı
Tarix: 19-07-2016 13:25 | Bölmə: Slayd


Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncama reaksiyalar verilir.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə məsələni şərh edərkən SİA-ya deyib ki, Konstitusiyamıza dəyişikliklərlə bağlı İ.Əliyevin təklifləri Azərbaycanda hüquqi sistemin daha da təkmilləşdirilməsinə xidmət edir.

 

A.Mirzəzadənin sözlərinə görə, təklif edilən dəyişikliklər Azərbaycanın qarşısında duran problemləri daha səmərəli həll etmək imkanı verəcək: "Azərbaycan müstəqil dövlətçiliyinin bərpasının 25 illiyini yaşayır və ölkəmizdə inkişaf yüksək sürətlə gedir. Bu gün dünyanın inkişaf etmiş demokratik ölkələrinin dəyərləri Azərbaycan cəmiyyətində daha çox oturuşur. Bu dəyişikliklər zamanın tələbini əsas qanunda nəzərə almaq zərurəti yaradır”.

Verilən təkliflərin iki istiqamətdə olduğunu deyən A.Mirzəzadə bildirib ki, bunlardan birincisi demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha güclü qorunması, ikincisi isə Azərbaycanda idarəetmə mexanizminin günün tələblərinə cavab verən formaya gətirib çıxarılmasıdır: "Artıq Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. Bu isə əhalisi çox olan ölkələr qrupudur. Bütün bunlar 25 il bundan əvvəlki idarəetmə mexanizminin daha yeni mərhələyə qalxmasına ehtiyac yaradır.

Azərbaycan üçün yeni olan vitse-prezidentlər institutunun tətbiq edilməsi də nəzərdə tutulub ki, artıq vitse-prezidentlər dövlətçiliyin bir sıra vacib sahələrinə konkret cavabdeh olacaqlar. Bu isə həmin sahələrdə qarşıya çıxan məsələlərin daha yüksək səviyyədə həll edilməsinə imkan verəcək”.

Millət vəkili söyləyib ki, Konstitusiya dəyişikliyində eyni zamanda Azərbaycan dövlətçiliyinin inkişafından irəli gələn bir sıra məsələlər də öz əksini tapır: "Dəyişikliklərlə bağlı təkliflərdə deputat seçkisi ilə bağlı yaş məhdudiyyətinin götürülməsi yer alıb. Artıq bütün dünyada seçib-seçilmək, aktiv və passiv seçki hüququ olan şəxslərin parlamentə seçilmək hüququ var. Yaş məhdudiyyətin götürülməsi ilə əlaqədar Azərbaycanda da yeni demokratik düşüncəli, enerjili gənclər meydana gələr. Onlar bu və ya digər formada öz potensialından istifadə etməklə inkişafımıza böyük dəyər verə bilərlər. Ümumiyyətlə, təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini daha açıq, demokratik və beynəlxalq birliyə inteqrasiya etmiş səviyyəyə qaldırar. Cəmiyyətdən gələn ilk reaksiyalar da seçicilərin təklif edilən dəyişiklikləri dəstəklədiyini göstərir”.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə Referendum Aktı layihəsini şərh edərkən AzNews.az-a deyib ki, bu sərəncamda əsas məqsəd vitse-prezident institutunun yaradılmasıdır və Azərbaycanda ciddi islahatlar həyata keçiriləcək: "O cümlədən də prezident yaşının 35-dən 30-a, millət vəkillərinin isə yaş həddinin 25-dən 18-ə endirilməsi məsələləri önə çəkilib. Bundan başqa, struktur islahatlarının həyata keçirilməsinə başlanılacaq. Hesab edirəm ki, prezident bu islahatlarla bağlı vaxtında addım atdı”.

V.Əhmədov bildirib ki, Azərbaycanda vitse-prezident institutunun yaradılmasına ehtiyac var:"Bu institutların yaradılması daha çox konkret məsələlərlə məşğul olmaq, həm xaricdə, həm daxildə Azərbaycanın maraqlarını müdafiə etmək və s. Referendum Aktında öz əksini tapacaq. Hesab edirəm ki, bu, müsbət addımdır”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə Referendum Aktı imzalayıb. Təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub.

Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.
Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezident vaxtından əvvəl vəzifədən getdikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.
Bundan əlavə,layihədə Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18 nəzərdə tutulub.

Reyting.az





Bölməyə aid digər xəbərlər