Türkiyə Ali Hərbi Şurasının kritik iclası başlayıb; TSK-nın iki generalı istefa verib
Tarix: 28-07-2016 13:55 | Bölmə: Slayd

 


Baş nazir Binali Yıldırımın rəhbərliyi ilə Türkiyə Ali Hərbi Şurasının iclası başlayıb.

Reyting.az saytı Modern.az-a istinadən bildirir ki, B.Yıldırımın ilk dəfə qatıldığı Ali Hərbi Şuranın toplantısı Çankayadakı iqamətgahda başlayıb və hazırda davam edir.

İclasda Türkiyə Silahlı Qüvvələrində təltif və təyinatlarla yanaşı, fətullahçıların uğursuz dövlət çevrilişi cəhdi də ətraflı şəkildə müzakirə ediləcək. Eyni zamanda Silahlı Qüvvələrlə bağlı mühüm qərarlar qəbul olunacaq.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı "Çaxmaq salonu"nda keçirilən iclasa həmçinin milli müdafiə naziri Fikri Işık da ilk dəfə qatılıb.

Baş nazir, nazir və generallar iclasdan əvvəl Anıtqəbir mavzoleyini ziyarət edib. B.Yıldırım xatirə dəftərinə ürək sözlərini yazıb.

Ziyarətdə Şura üzvlərinin yanında ilk dəfə zabitlər yer almayıb.

Şuranın üzvü, general-leytenant Akın Öztürk və 2-ci ordu komandanı, general-leytenant Adem Huduti fətullahçılarla bağlı aparılan istintaqa görə həbsdə olunduqlarından iclasa qatılmayıblar.

Dövlət çevrilişi cəhdindən sonra səhhətində problemlər yaranması səbəbindən Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, general-leytenant Qalip Mendi də iclasda iştirak etmir.

Bu iclas əvvəlki illərdən fərqli olaraq bir gün olacaq və qərarlar ölkə prezidentinin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq.

Bu arada Türkiyə mediası Türkiyə Silahlı Qüvvələrində (TSK) gözlənilməz istefaların başlaması ilə bağlı mzlumat yayıb:

"Quru Qoşunları Komandanlığının qərargah rəisi, general İhsan Uyarla Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının komandanı, general Kamil Başoğlu vəzifələrindən istefa veriblər".

Türkiyənin bəzi media qurumları hər iki generalın ordudakı yenidənqrumaya və çevrilişdən sonra kütləvi həbslərin ordunun imicinə ciddi zərbə vurmasını əsas gətirərək, postlarını təhvil verdikləri iddiasını irəli sürüblər.

Reyting.az

 

 





Bölməyə aid digər xəbərlər