











Tarix: 05-08-2016 17:50 | Bölmə: Slayd
Mərkəzi Bank (MB) öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir.
Reyting.az xəbər verir ki, cari ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq edib və bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradıb.
Mərkəzi Bankdan verilən məlumata görə, milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar edib. Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirib, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlayıb.
Cari il və orta müddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meyilləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirib. Mərkəzi Bankın İdarə Heyəti 8 avqust 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına imkan yaradacaqdır.
Reyting.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov Modern.az-a açıqlamasında Mərkəzi Bankın uçot dərəcəsini artıracağının gözlənilən olduğunu deyib:
"Mərkəzi Bankın intervensiya dərəcəsinə uyğun olaraq uçot dərəcəsini qaldırmaqda məqsədi manatla yığımlara təsir göstərməkdir. Baş bank tərəfindən uçot dərəcəsinin mütəmadi olaraq artırılması məhz bununla bağlıdır.
Uçot dərəcəsinin qaldırılması uyğun bölüşdürülən kreditlər, manatla yığımlar üzrə faizin artırılması deməkdir. Praktik olaraq bu, yığımlara, eyni zamanda mərkəzləşdirilmiş kredit resurslarının həcminə və faizinə təsir göstərəcək. Bununla belə uçot dərəcəsinin 9,5 faizə qaldırılması manatla yığımlarda kəskin dəyişikliklərin gözlənildiyi anlamına gəlmir.
Bu, Mərkəzi Bankın depozit hərraclarına təsir göstərə bilər. Amma kommersiya banklarının, əhalinin manatla yığımlarına ciddi təsiri gözlənilmir”.
V.Bayramov bildirib ki, uçot dərəcəsinin artırılması ilə yanaşı mili valyutaya inamın formalaşdırılmasına ehtiyac var: "Çünki,son dövrlərdə dollarlaşma prosesi kəskin artıb. Bu konteksdən artırılmış uçot dərəcəsi vətəndaşların, şirkətlərin, kommersiya banklarının manatla yığımlarına təsir göstərəcək.
Məqsədlərdən biri manatla yığımların artırılması və manatla depozitləri təşviq etməkdən ibarətdir. Çünki, nə qədər çox ödəniş ediləcəksə, manat artacaq.
Həm də Mərkəzi Bank bu addımı atmaqla inflyasiyaya uyğunlaşmağa da çalışır. Amma bunun maliyyə və valyuta bazarında ciddi dəyişikliklərə səbəb olacağını proznozlaşdırmaq mümkün deyil”.
Reyting.az
Bölməyə aid digər xəbərlər