











Tarix: 07-08-2016 22:43 | Bölmə: Slayd
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi artıq neçəmüddətdir ictimai rəydə müzakirə olunur. Hakim siyasi kursun təmsilçiləri təklif olunan dəyişiklikləri müsbət qiymətləndirsələr də, bunun əleyhinə gedənlər də var.
Sentyabrda keçiriləcək referenduma ən sərt mövqeyi Milli Şura sərgiləyir. Hakimiyyət əleyhdarları olan Milli Şura üzvləri aktiv, dinc və konstitusion mübarizəyə çağırış da ediblər.
Çağırışda, Demokratik Qüvvələrin Milli Şurası referenduma çıxarılan dəyişikliklərin anti-xalq və anti-konstitusion mahiyyəti ilə bağlı öz xüsusi narahatlığını ifadə edir:
"Bu dəyişikliklərin əhəmiyyətli hissəsi mövcud Konstitusiyamızın özü ilə, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə kəskin ziddiyyət təşkil edir. Bu dəyişikliklərdə Azərbaycan vətəndaşlarının mülkiyyət, vətəndaşlıq, məlumat azadlığı kimi fundamental hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulur.
Referendum Aktında nəzərdə tutulan dəyişikliklərin başlıca məqsədi ölkədə onsuz da formal xarakter daşıyan hakimiyyət bölgüsünü aradan qaldırmaq vəxalq təmsilçiliyinin instutusional formatı olan parlamenti dişsiz və qeyri-funksional bir quruma çevirməklə sülalə hakimiyyətinin dayanıqlılığını təmin etmək, insan hüquq və azadlıqlarının sərt məhdudlaşdırılması, dövlət təsisatlarının zəiflədilməsi və xalqın müstəsna hüquqlarının qəsb edilməsi hesabına əbədi hakimiyyət arzusunu gerçəkləşdirməkdir".
Milli Şura öz çağırışında ölkənin bütün ictimai-siyasi qüvvələrini, müxtəlif təbəqə və qruplarını, hər bir Azərbaycan vətəndaşını Konstitusiyanı və respublika prinsiplərini qorumaq üçün aktiv, dinc, konstitusion mübarizəyə çağırıb.
Amma hakim partiyanın nümayəndələri müxalifətin iddialarını əsassız sayır və xalqın bu çağırışlara əhəmiyyət verməyəcəyini bildirirlər.
Bu barədə fikirlərini "Reytinq"lə bölüşən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, müxalifətin ortaya qoyduğu arqumentlərin heç biri ciddi deyil. Onun sözlərinə görə, bunlar sadəcə olaraq, partiya düşüncəsindən kənara çıxmır:
"ABŞ-da yaxın günlərdə Demokratlar Partiyası keçmiş birinci xanım Hillari Klintonu prezidentliyə namizəd gördü. Əsas reytinq bu gün onundur. Əsas olan odur ki, bu xanım cəmiyyətin bir hissəsinin marağındadır.
Göründüyü kimi, bizim müxalifətin Avropanın, Amerikanın demokratik təcrübəsindən yararlanmağa çox böyük ehtiyacı var. Bir qayda olaraq müxalifət Konstitusiya məsələlərinin əleyhinə gedib.
1995-ci il Konstitusiyası qəbul olunanda bildirirdilər ki, bu ana yasa bir neçə il işləməyəcək. Amma sonradan onlar vaxtaşırı öz hüquqlarını qoruyanda Konstitusiyaya müraciət edirlər.
2002-ci ildə dəKonstitusiyaya dəyişikliyinəleyhinə getdilər. Sonradan həmin dəyişikliklə vətəndaşlarımızın Avropa Məhkəməsinə müraciəti salınanda ən çox müraciət edən müxalifət oldu.
2009-cu il dəyişikliyinin də əleyhinə çıxdılar. Burada qeyd olunur ki, vətəndaşın şəxsi əleyhinə olan məlumatlar yayıla bilməz. Sonradan 2010-cu illərdə müxalifət həmin maddəyə müraciət edərək şəxsi mə-sələ ilə bağlı bu və digər şəkildə etirazını bildirirdi.
Göründüyü kimi, bizim Konstitusiya dəyişikliklərimiz vətəndaşlarımızın mənafeyinə xidmət edir. O vətəndaşların içində müxalif düşüncədə olan insanlarımız da var. Şübhəm yoxdur ki, bir neçə il sonra bu dəyişiklikdən yararlananlar və ona istinad edənlər indi həmin dəyişikliyin əleyhinə gedənlər olacaq".
YAP yetkilisinin sözlərinə görə, Konstitusiyaya dəyişikliklər təkcə Azərbaycanda olmur. "Məsələn, ABŞ federativ dövlətdir, ora daxil olan ştatların 20-30 dəfə konstitusiyaları dəyişib. Avropa ölkələrinin hər birində də vaxtaşırı Konstitusiyaya dəyişikliklər edilir. Azərbaycandan fərqli olaraq orada bu dəyişikliklər parlamentin qərarı ilə keçirilir. Ona görə də bunlar diqqəti bir o qədər cəlb etmir.
Yaş senzinin götürülməsi də Avropa təcrübəsinə əsaslanır. Avropa parlamentlərində aktiv və passiv səs hüququ olan hər bir vətəndaşın seçilmək hüququ var. Kimin seçiləcəyi seçicilərdən asılıdır. Buna görə də biz deyə bilmərik ki, 18, 19 yaşında deputatlar olacaq. Deputatlıq fəaliyyəti ilə bağlı tez-tez xarici səfərlərim zamanı çox gənc deputatların seçildiyini görürəm. Anlamalıyıq ki, parlament siyasi karyeranın yüksək səviyyəsi deyil. Bu, bir mərhələdir. O baxımdan hansısa partiya özünün gənc üzvlərini parlamentəburaxmaqla sonradan cəmiyyətin digər sahələrində istifadə edə bilər. Bu gün Avropa ölkələrində siyasi xadimlərin bir çoxu siyasi fəaliyyətə müxtəlif sahələrdən, bələdiyyələrdən, parlamentdən və s. sahələrdən başlayıblar. Hüquq verilir, onun nə dərəcədə reallaşacağı artıq gələcəyin işidir", - YAP yetkilisi fikrini tamamlayıb.
Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa isə ortaq mövqedən çıxış edir. F.Mustafa "Reytinq"ə deyib ki, referendumun təşəbbüskarı olan Yeni Azərbaycan Partiyasının mövqeyi əsaslandırılaraq, cəmiyyətə çatdırılacaq:
"Prezidentin belə bir hüququ var. O, bu hüquqdan istifadəedərək dəyişikliklərlə bağlı referendumun keçirilməsinə görə Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi də qərar verib. Yəni, burada hüquqi cəhətdən hansısa irad bildirməli məsələ yoxdur.
Amma cəmiyyətin rəyiini necə olacağı səsvermənin nəticələrində ortaya çıxacaq. Bizim fikrimiz odur ki, bunun obyektiv, hərtərəfli müzakirəsinə ehtiyac var. Nəyin faydalı, nəyin zərərli olduğu barədə fikirlər o zaman ortaya çıxacaq".
BQP başqanı bildirib ki, ölkənin idarəetməsindəki müəyyən boşluqların aradan qaldırılmasını doğru hesab edirlər: "Amma orada bir sıra nüanslar var ki, təhlükəli nəticələr doğura bilər. Xüsusiylə də torpaq üzərindəki mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı çox problemli məsələ ortaya çıxır. Eyni zamanda, deputat mandatına xitam verilməsi ilə bağlı etik qaydaların pozulması adıyla müəyyən prosedurun tətbiq olunması da narahatlıq yaradır.
Bir neçəbaşqa müddəalar da var. Hər halda, müsbət və mənfi məqamlar ümumilikdə müzakirə olunmalıdır. Ona görə də buna birbaşa pisdir, yaxud yaxşıdır,- deməklə məsələ bitmir. Təbliğat-təşviqat kampaniyası dövründə də bunun lehinə, yaxud əleyhinə olanlar fikirlərini əsaslandırmalıdırlar ki, ortaya faydalı nəticə çıxsın".
Onu da nəzərə çatdıraq ki, irəli sürülən konstitusion dəyişikliklər gənclər üçün yeni imkanlar yaradır. Bu mənada gənclər də referendumda irəli sürülən dəyişiklikləri dəstəkləyirlər.
Qəzetimizin əməkdaşı ilə söhbətləşən YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov deyib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının təqdim edilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu dəyişikliklər Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatındakı dəyişiklikləri, siyasi müasirləşmə prosesinin sürətlənməsini əks etdirir:
"Referendum Aktı layihəsi Azərbaycanda konstitusiya quruluşunun, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ öz əksini tapmış, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident və parlament seçkilərində yaş məhdudiyyətlərinin aradan qaldırılması demokratiyanın inkişafına xidmət edir: Dəyişikliklər sübut edir ki, biz yeni mərhələyə qədəm qoyur, həmçinin, vətəndaşlarımızın təhlükəsiz yaşamasına, dövlət və milli maraqlarımızın daha etibarlı qorunmasına, tərəqqisinə yönəlib. YAP gəncləri də bu işdə fəal iştirakı ilə yadda qalacaq, üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəklər".
Reyting.az
Bölməyə aid digər xəbərlər