Müsavat başqanlığına iddialılar arasında gərginlik artır: "İsa Qəmbərin çağırışı Arif Hacılını xilas etdi"
Tarix: 09-10-2019 12:03 | Bölmə: Slayd
Müsavat başqanlığına iddialılar arasında gərginlik artır: "İsa Qəmbərin çağırışı Arif Hacılını xilas etdi"

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin partiyanın budəfəki qurultayında başqanlığa namizəd Arif Hacılını dəstəkləməsi və bununla bağlı çağırış etməsi digər namizədləri narazı salıb.

Müsavat Partiyasının Divan üzvü, partiya başqanlığına nazmizəd Yadigar Sadıqlı İsa Qəmbərin bəyanatı ilə bağlı Reyting.az-a açıqlama verib.

O bildirib ki, İsa Qəmbər bir müsavatçı kimi seçim etmək və dəstəklədiyi namizədlə bağlı çağırış etmək hüququna sahibdir, amma bu çağırış digər üzvlərə həddindən artıq təsir edəcək:

"Belə bir məqamda bu çağırışın mənəvi cəhətdən nə dərəcə düzgün olduğunu mən yox, ictimaiyyət qiymətləndirməlidir. Əslində İsa bəyin bu mövqeyi mənim üçün gözlənilməz olmadı. Onun Arif Hacılını deyil, məni dəstəkləyəcəyini gözləmirdim. Ən yaxşı halda bitərəf qalacağına ümid edirdim. Ancaq görünən odur ki, İsa bəy tərəf olmağa qərar verdi. Özü də iddia edir ki, Arif Hacılının qələbəsi şübhə doğurmur. Bununla belə, özü zərurət hesab edərək Arif Hacılını dəstəkləməklə bağlı çağırış edir”.

Y. Sadıqlının sözlərinə görə, əgər A. Hacılının qələbəsi bu qədər labüd idisə, 60 faiz səs topalyıb qalib gələcəkdisə, bu faiz demokratik görüntü yaradardı: “O zaman İsa bəyin çağırışı nəyə lazım idi? Onlar da hakimiyyət kimi 90 faiz səs toplamağa çalışırlar? Əgər Arif Hacılı qələbə çalmağa qadir idisə, bu dəstək nəyə lazim idi? Buradan da görünür ki, Arif Hacılının qalib gəlməsi kifayət qədər sual altında idi. İsa bəyin bu çağırışı Arif Hacılının xilas olmasını, yenidən qalib gəlmə ehtimalını xeyli dərəcədə gücləndirdi. Bu da dolayısı ilə o deməkdir ki, Müsavat Partiyası ən azından növbəti 4 il ərzində zəifləməkdə, tənəzzül etməkdə davam edəcək. Çünki ötən dövr göstərdi ki, Arif Hacılı çox uğursuz başqandır. Amma mən yenə də mübarizəmi davam etdirəcəyəm. Əvvəl tək Arif Hacılıya qarşı çıxırdımsa, indi İsa Qəmbər də daxil olmaqla, onlara qarşı mübarizə aparacağam. Müsavat Partiyasının bu uğursuz ssenariyə yuvarlanmasının qarşısını almaqda israrlıyam. Yenə də qələbə çalıb Müsavatı xilas etməyə çalışacağam".

Reyting.az




Bölməyə aid digər xəbərlər