











Tarix: 26-01-2016 14:59 | Bölmə: Slayd
Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərkən ölkədə islahatların davam etdiriləcəyini bildirib. O, qeyd edib ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır.
İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov aznews.az-a açıqlamasında bildirib ki, 2016-ci il Azərbaycanda neftdən asılı olmayan bir büdcə formalaşdırmaq ili kimi tarixə düşəcək: "İslahatlar artıq başlayıb, amma dərin iqtisadi islahatlara da göstəriş verildi. Bu, çox ciddi məsələdir, ciddi addımdır”.
Millət vəkili bildirib ki, yalnız bundan sonra dərin iqtisadi-islahatlara gedə biləcəyik. Onun sözlərinə görə, buna paralel olaraq, ölkədə struktur və iqtisadi islahatlar da aparılmalıdır.
V.Əhmədovun fikrincə, son vaxtlar sərəncam, fərman və qanunlara edilən dəyişikliklər və bir sıra təzə qanunların qəbulu artıq yeni islahatlara doğru atılan addımdır: "Bununla əlaqədar prezidentin göstərişləri var. Azərbaycanın Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi müəyyən işlər aparır. Əsas da
idxal-ixrac
əməliyyatları, liberallaşma, inhisarçılığı aradan qaldırmaq, struktur idarəetmə
və struktur islahatları aparmaq, bir sıra nazirlikləri, komitələri və s. ləğv
etmək, yaxud da birləşdirilməsi məsələsinə baxmaq, bank sistemində çox ciddi
islahatlar aparmaq, bankların böyük kredit portfelini təmin edilməsinə şərait
yaratmaqdır. Əgər biz bu islahatları struktur islahatları ilə paralel aparsaq, çox ciddi
inkişafa nail ola biləcəyik”.
V.Əhmədov qeyd edib ki, hazırda regionların inkişafı üçün münbit şərait var: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq,
yerli icra hakimiyyəti orqanlarının məsuliyyətini artırmaq lazımdır. Rayonlarda
bu sektorun inkişafı üçün münbit şərait var”.
Bölməyə aid digər xəbərlər