Paşinyan Qarabağ danışıqlarından yayınır - Deputat
Tarix: 17-10-2019 14:40 | Bölmə: Slayd
Paşinyan Qarabağ danışıqlarından yayınır

“ATƏT-in Minski qrupunun həmsədrlər regiondadır. Söhbət ondan getmir ki, həmsədrlər hansı təkliflərlə gəliblər, söhbət ondan gedir ki, ermənilər mahiyyət üzrə danışıqlardan boyun qaçırırlar”.

Bu sözləri Reyting.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Minski qrupu həmsədrlərinin regiona səfərini şərh edərkən deyib.

Rasim Musabəyovun sözlərinə görə, ermənilərin danışıqlardan boyun qaçırmasını Xarici işlər naziri Elmar Məmmədyarov açıq formada bəyan edərək deyib ki, bir ay əvvəl Nyu-Yorkda keçirilən təması danışıq yox, görüş adlandırmaq olar. İndi həmsdərlərin səyləri danışıqları bərpa etməyə yönəlib.

Politoloq əlavə edib ki, hazırda danışıqları bərpa etmək mümkün olmur:

“İndi müsbət ab-hava yaratmaq üçün bizim Qarabağda saxlanılan iki girovu Azərbaycanda olan iki erməniyə dəyişməyi həyata keçirmək istəyirlər. Həmsədrlərin bunu bacaracaqlarına əmin deyiləm. Amma bunun üçün çalışırlar”.

Paşinyan Qarabağ danışıqlarından yayınır
R. Musabəyov

Həmsədrlərin fəaliyyətindən xalqın, deputatların, hətta hakimiyyətin narazı olduğunu və onların Bakıda necə qarşılanacağına gəldikdə, R. Musabəyov xatırladıb ki, həmsədrlər nə xalqla, nə də deputatlarla görüşür: “Fərz edirəm ki, həmsdərləri Azərbaycan XİN-də qəbul edəcəklər, böyük ehtimalla cənab Prezident də onları dinləyəcək. Nəzərə alsaq ki, Prezident Aşqabadda Paşinyanla qeyri-rəsmi söhbət edib, bu halda nəyisə dəqiqləşdirmək və müzakirə etməyə zərurət var. Amma dalana dirənən danışıqları ölü nöqtədən tərpətməyin mümkün olacağını demək çətindir. Ona görə ki, Paşinyan heç də Yerevanda özünü arxayın hiss etmir. Paşinyan hər zaman Qarabağ klanı tərəfindən hücuma məruz qalır. Ona görə də, Paşinyanın özünü danışıqlardan kənarda saxlaması hiss olunur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər