17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Rusiyanın Qarabağ planının detalları üzə çıxır; ABŞ rəsmi Moskvanın oyunundan narahatdır
Tarix: 21-08-2016 14:32 | Bölmə: Slayd


ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqların maraqlı detallarına toxunub.

O, bu barədə ABŞ-ın "Atlantik Council" beynəlxalq əlaqələr sahəsində qeyri-hökumət analitik mərkəzinin saytında yerləşdirilmiş məqaləsində Rusiyanın münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təkliflər barədə məlumat verib.

Diplomat bildirib ki, Dağlıq Qarabağ konflikti də daxil, SSRİ məkanında qızışdırılan etnik münaqişələr Sovet İttifaqının zəifləməsi və ardınca dağılmasını istəyən qüvvələrin qələbəsi idi.

 

Brayzanın fikrincə, əgər prezident Vladimir Putinin planı həyata keçsə, Vaşinqtonun Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq strategiyası iflas təhlükəsi altına düşəcək.

Diplomat bildirib ki, ABŞ üçün bu təkliflər gerçəkdən də gözlənilməzdir və onlara qarşı hansısa kontur tədbirlər qoyulmalıdır.

Brayza hesab edir ki, Putinin bu yaxınlardakı təkliflərinin əsasında 2007-ci ildə Minsk qrupunun təklif elədiyi və "Madrid prinsipləri" kimi tanınan təkliflər dayanır.

Bu sənəd siyasi nizamlama üçün aşağıdakı paket elementləri nəzərdə tutur:

- Ermənistan Dağlıq Qarabağ ətrafında işğal elədiyi 7 rayonu qaytarır;

- Dağlıq Qarabağ "aralıq hüquqi status" qazanır;

- Yekun hüquqi status Dağlıq Qarabağ əhalisinin səsverməsi yolu ilə müəyyən olunur, səsvermənin tarixi sonra müəyyən ediləcək;

- Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat dəhlizi yaradılır;

- Beynəlxalq sülhməramlı qüvvələr Dağlıq Qarabağ əhalisinin və təmas xətti boyu kəndlərin təhlükəsizliyini təmin edir;

- Azərbaycan Ermənistanla nəqliyyat əlaqələrinə tətbiq elədiyi bütün məhdudiyyətləri götürür. 

 

Brayza daha sonra qeyd edir ki, iyunun 20-də Putin Sankt-Peterburqda öz azərbaycanlı və erməni həmkarları ilə görüşdə bu dalandan çıxmağın yolunu tapıb:

"Görünür, o, irəliyə doğru tədricən hərəkət eləməyi təklif edib... Ermənistan iki rayonu qaytarmalı, Azərbaycan isə qarşılığında nəqliyyat əlaqələrini və Ermənistanla iqtisadi əlaqələri açmalıdır.

"Madrid prinsipləri"nin digər aspektləri, o sırada yerdə qalan beş rayon məsələsi sonrakı danışıqların predmeti olacaq.

Həm Əliyev, həm də Sarksiyan Putinin 20 iyun təklifini alqışlayıb - baxmayaraq ki, formal şəkildə onu qəbul da etməyiblər.

Məsələ ondadır ki, hansısa kompromis qərarın rəsmən qəbul olunması siyasi və təhlükəsizlik sferasında risklər vəd edir: ehtimal ki, bu səbəbdən iyulun 17-də bir qrup erməni radikal milliyyətçisi, o cümlədən Qarabağ müharibəsinin veteranları bir polis əməkdaşını öldürüb, bir neçəsini də girov götürməklə İrəvanda polis binasını tutmuşdular".

Diplomat qeyd edib ki, Azərbaycanda da Qarabağ məsələsində sərt xətt müşahidə edilir: "Məsələn, vaxtilə mən Ermənistanla kompromisli anlaşmanın təbliğinə görə bir neçə azərbaycanlı deputatın tənqidinə məruz qalmışdım. "Dağlıq Qarabağ hər iki xalqa məxsusdur. Hər iki xalq regionu öz mədəniyyətinin beşiyi sayır. Hər iki xalq öz tarixinin böyük hissəsində dinc yanaşı yaşayıb. Ermənistandakı və Azərbaycandakı ictimai fikrə zaman lazımdır ki, bunu - Dağlıq Qarabağ anlayışının hər iki xalqın ortaq irsi olduğunu qəbul eləsin".

Vaşinqtona isə səslənən təkliflərə diqqət kəsilməsi lazım. Putinin təklifləri halında ABŞ imkandan yararlanmalı və Minsk qrupunun fəaliyyətini ən yüksək siyasi səviyyədə canlandırmalıdır".

"Qarabağ probleminin mərhələli həllinin əleyhinəyəm"

Məsələ ondadır ki, Azərbaycan siyasiləri Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışaqlara və Azərbaycan tərəfinin diplomatik manevrlərinə birmənalı yanaşmır.

 

Bu barədə fikirlərini "Reytinq"lə bölüşən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin üzvü Araz Əlizadə deyib ki, prezident İlham Əliyev çox güclü diplomatdır və diplomatik oyunları məharətlə açır.

A.Əlizadənin sözlərinə görə, Azərbaycanın maraqlarına uyğun olmayan hər hansı bir addım atılarsa, İ.Əliyev ona adekvat cavab verə bilir:

"Mən, Qarabağ probleminin mərhələli həllinin əleyhinəyəm. Çünki indiyə kimi bütün dünya bizə deyirdi ki, bir-birinizə güzəştə gedin. Əgər 7 rayon bizə qaytarılsa, ermənilər güzəşt etmiş olacaq. Ondan sonra bizə deyəcəklər ki, ermənilər güzəştə getdi, indi növbə sizindir.

Qarabağ bizim torpaqdır, onun geri qaytarılması mərhələli olmamalıdır. Bir dənə mərhələ ola bilər ki, Qarabağdan çıxarılan azərbacanlılar geri qayıtsınlar".

Sarkisyanın Dağlıq Qarabağın heç bir halda Azərbaycana qaytarılmayacağı ilə bağlı bəyanatına gəlincə, A.Əlizadə Ermənistan prezidentindən ondan artıq açıqlama gözləmədiyini deyib:

"Ermənilər heç vax, xüsusən də indiki hakimiyyət dövründə deyə bilməzlər ki, Qarabağ Azərbaycana qayıdacaq. Sarkisyan da, Köçəryan da separatçıların başçıları kimi Ermənistanda hakimiyyətə gəliblər. Ter-Petrosyan da elə bu separatçılıq dalğasında yüksəlmişdi. Bunlar cinayəti törədənlərdir. Sarkisyanla Köçəryan isə hərbi cinayətkardırlar. Təsəvvür edin ki, bunlar hakimiyyətə gəliblər, 20 ildir erməni xalqının başına it oyunu açırlar. İndi birdən-birə desələr ki, Qarabağ Azərbaycan torpağıdır, geri çəkilməliyik, onları didim-didim edərlər".

"Ermənilər istənilən an Rusiyanı sata bilər"

A.Əlizadə deyib ki, əgər Rusiya doğrudan da Qarabağ problemini həllini istəyirsə, Acariyadakı kimi etməlidir:

"Separatçı Abaşidzeni təyyarəyə mindirib Moskvaya apardılar. Eyni şeyi Sarkisyan və Köçəryana etmək lazımdır. Ayrı yolu yoxdur”.

Millət vəkili qeyd edib ki, Rusiya bu məsələdə bir balaca mülayimləşən kimi ermənilər öz iç üzlərini göstərdilər, onlara yem verən əli qapmağa başladılar: "Rusiya da başa düşür ki, ermənilər istənilən an onu sata bilər. Bu səbəbdən də, bir az ehtiyatlı davranır".

"Brayzanın fikirlərini qəbul etmək olmaz"

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şura üzvü, politoloq Əli Orucov isə Reyting.az saytına bildirib ki, Metyu Brayzanın Qarabağ probleminin həlli ilə bağlı yazdığı fikirlərdə həqiqət yükü kifayət qədərdir. Onun sözlərinə görə, bir müddət münaqişənin həllində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olmasını göz önünə alsaq, məsələyə nə qədər hakim olduğunu anlamaq mümkündür:

"Bəri başdan deyim ki, keçmiş səfirin "Dağlıq Qarabağ hər iki xalqa məxsusdur. Hər iki xalq regionu öz mədəniyyətinin beşiyi sayır. Hər iki xalq öz tarixinin böyük hissəsində dinc yanaşı yaşayıb. Ermənistandakı və Azərbaycandakı ictimai fikrə zaman lazımdır ki, bunu - Dağlıq Qarabağ anlayışının hər iki xalqın ortaq irsi olduğunu qəbul eləsin",- fikirlərini qətiyyən qəbul etmək olmaz. Bu, subyektiv və təhrif olunmuş formadadır.

Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb, onlar 18-ci əsrdən etibarən bu ərazilərə köçürülüblər. Nə erməni tarixinin Dağlıq Qarabağa, nə də Dağlıq Qarabağın erməni tarixinə və mədəniyyətinə aidiyyatı yoxdur. Deməli, ortaq irs anlayışından danışmaq da yersizdir.

Faktlar da təsdiqləyir ki, ermənilər nə Qarabağda, nə də Ermənisatan adlandırılan tarixi torpaqlarımızda heç vaxt dinc durmayıblar, normal sülh və mehriban qonşuluq şəraitində yaşamayıblar. Türkə nifrət hissində böyüyüb, aborigen xalq olan bizi terrora, zorakılığa, assimliyasiyaya və repressiyalara məruz qoyublar.

Görünür, Brayza ya Qafqaza, xüsusən də erməni və Türk-Azərbaycan tarixinə, mədəniyyətinə və irsinə bələd deyil, ya da bilərəkdən məsləyə yanlış yanaşır".

BMT böyük dövlətlərin oyuncağıdır

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində ədalətsiz mövqeyi yeni deyil. Onun qənaətincə, hər kəs də etiraf edir ki, bu münaqişəni Rusiya yaradıb və həllinə maneçilik törədir:

"Erməni tərəfinin də danışıqlarda destruktiv mövqeyinə səbəb Moskvanın diqtəsini həyata keçirməsidir. Moskva hər dəfə bir bahənə ilə münaqişənin həllinə imkan verməyib, Bakını və İrəvanı özündən asılı vəziyyətdə saxlamaqda davam edəcək.

Bu münqaişəyə yanaşma bir həqiqəti bir daha təsdiqləyir ki, beynəlxalq hüquq, ən güclü və nüfuzlu qurum sayılan Birləşmiş Millətlər Təşkilatı ya zəif, gücsüz və heç bir təsiri olmayan qurumdur, ya da böyük dövlətlərin oyuncağıdır.

Baxın, Azərbaycanın işğal edilmiş torpaqlarından qoşunların qeyd-şərtsiz çıxması barədə hələ 1995-ci ildə ard-arda BMT Təhlükəsizlik Şurası 4 (822, 853, 874 və 884) qətnamə qəbul etsə də, indiyədək bu qətnamələrə nəinki əməl edilməyib, heç danışıqlar prosesində əsas istinad sənədlərdən biri kimi də götürülməyib. Təbii ki, burada Azərbaycan diplomatiyasının səhvi və dişsizliyi əhəmiyyətli rol oynayır. İndiyədək Azərbaycan tərəfi aparılan danışıqlarda və irəli sürülən təkliflərdə bu qətnamələrin üzərində dayanılmasını başlıca prinsip və şərt olaraq ortaya qoymayıb. Üstəlik, Avropa parlamentinin də Ermənistanın işğalçı kimi tanınması haqqında qəbul etdiyi qətnamə var".

"Madrid prinsipləri”nin yeni variantı əleyhimizədir

Ə.Orucov onu da nəzərə çatdırıb ki, münqaişənin həllini bu qədər çətin vəziyyətə gətirən Azərbaycan iqtidarı da yaxşı anlayır ki, sülh yolu ilə bizi qane edəcək variant yoxdur: "Bundan artıq güzəştə getmək isə risqlidir. Xırda bir xəta, bir səhv hakimiyyətin itirilməsi üçün çox ciddi təhlükə yarada bilər. Ona görə də həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya iqtidarlarına ststus-kvonun saxlanılması ən pis varianlar içərisində ən yaxşısıdır".

Ə.Orucovun fikrincə, "Madrid prinsipləri" adlandırılan münaqişənin həll variantının yenilənmiş forması İrəvanla Moskvanın marqalarına daha uyuğundur: "Baxmayaraq kı, Dağlıq Qarabağa bitişik işğal olunmuş 7 rayon danışıqlar predmeti olmamalıdır, lakin bundan da "bazarlıq" kimi istifadə olunur. Halbuki ərazi bütövlüyü prinsipi birmənalı şəkildə müzakirə masasından çıxarılmalıdır".

Siyasi Şura üzvü hesab edir ki, mövcud iqtidar bu münaqişəni çözə bilməycək, istəsə belə, buna gücü çatmaz. "Münaqişənin həllini Azərbaycan xalqına güvənməklə, demokratik və hüquqi dövlət qurmaqla, ordumuzun və milli etimada, həmrəyliyə güvənməklə qısa müddətdə həll etmək olar", - deyə politoloq fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər