











Tarix: 28-08-2016 16:43 | Bölmə: Slayd
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda aktivlik nümayiş etdirən Rusiya prezidenti Putinin vəya Moskvanın hər hansı rəsmi nümayəndəsinin bu yöndə verdiyi açıqlamaya ölkəmizdə daha çox diqqət yetirilir.
Bir neçəgün əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözləri də elə bu səbəbdən Azərbaycanda əsas mövzulardan birinə çevrildi.
Xatırladaq ki, brifinqdə jurnalistin "ABŞ dövlət katibi Con Kerrinin Moskvaya son səfəri zamanı Kremlə Suriya məsələsindən əlini çəkmək müqabilində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında liderlik rolunun verilməsi təklif olunub. Bu, nə dərəcədə həqiqətdir?"- sualına M.Zaxarova belə cavab verib: "İnanmıram ki, ABŞ hansısa məsələdə liderliyi Rusiyaya verməyə razı olsun. Belə olsa, bu, əsl irəliləyiş olardı".
Göründüyü kimi, Qarabağ düyünü dünyanın iki nəhəng dövləti - Rusiya və ABŞ-ı da üz-üzə qoyub.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, prosesə ilk növbədə "Putin, ümumiyyətlə, Qarabağ problemini həll etmək istəyirmi?",- kontekstindən baxmaq lazımdır:
"Xatırlayırsınızsa, Vladimir Putin 2000-ci ildə Rusiyada hakimiyyətə gəldikdə, ilk xarici səfərini Azərbaycana reallaşdırdı, keçmiş prezident Heydər Əliyevlə geniş fikir mübadiləsi apardı. O illərdə Çeçenistanda müharibə gedirdi və Moskva çeçen savaşçılara xarici ölkələrdən dəstək verildiyini iddia edirdi. Moskva o illərdə hesab edirdi ki, çeçen savaşçılara yardımın bir hissəsi Azərbaycan üzərindən həyata keçirilir. Putin bu mövzuda Bakıda Heydər Əliyevlə müzakirə apardı. Bundan sonra Bakıda Çeçenistanın keçmiş prezidenti Aslan Mashadova bağlı nümayəndəlik qapadıldı.
Aydındır ki, rəsmi Bakı bunun qarşılığında Putinin də Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasını, strateji müttəfiqi Ermənistana təsir etməsini istəyirdi. Ancaq bu baş vermədi. Əksinə, Putinin hakimiyyətdə olduğu illərdə Dağlıq Qarabağ münaqişəsi daha çox konservləşdirildi”.
Putinin iki müddət prezidentliyindən sonra Rusiyada hakimiyyətə Dmitri Medvedev gətirildi. Politoloqun fikrincə, Medvedev Putindən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox maraq göstərib:
"Medvedev 3 il ərzində Azərbaycan və Ermənistan prezidentərini 10 dəfə bir araya gətirdi, intensiv danışıqlar aparıldı. Ancaq 3 ölkənin prezidenti münaqişənin həlli ilə bağlı geniş müzakirələr apararkən Rusiyanın o zamankı baş naziri Vladimir Putin dəErmənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşürdü".
E.Şahinoğlu düşünür ki, həmin vaxt heç bir dövlət vəzifəsində çalışmayan Köçəryanla Rusiya baş nazirinin görüşünü Medvedevə təzyiq kimi qiymətləndirmək olar: "Yəni, Putin Köçəryanla mütəmadi görüşməklə demək istəyirdi ki, Ermənistanın maraqları əleyhinə Dağlıq Qarabağ münaqişəsini həll etmək olmaz".
Ekspert deyir ki, hazırda Putinin Azərbaycan prezidenti İlham Əliyevlə də mehriban münasibətləri var. Ancaq Putin xarici siyasətdə şəxsi hisləri ilə hərəkət etmir:
"O, bəlkə də Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyir, ancaq Kreml sahibi müttəfiqi olan Ermənistanın bu həll yolundan məğlub çıxmasını istəmir. Ermənistanın danışıqlardan məğlub çıxmaması isə Dağlıq Qarabağda referendum məsələsinin separatçıların xeyrinə həlli deməkdir. Belə olan halda danışıqların məğlub tərəfi Azərbaycan olmalıdır".
Müsahibin fikrincə, Putinin Ukrayna siyasəti göstərir ki, Rusiya prezidenti qonşu ölkələrin Kremlə tabe olmasını istəyir. Əks halda Rusiya prezidenti həmin ölkəyə qarşı aqressiv siyasət aparır. Gürcüstanla Ukrayna da Qərblə yaxınlıq etdiklərinə və müstəqil siyasət yürütdüklərinə görə Moskva tərəfindən cəzalandırılıb.
Politoloqun sözlərinə görə, Putinin Bakıdan da eyni istəkləri var:
Birincisi, Azərbaycan bütövlüklə Rusiyanın regional maraqlarını nəzərə almalı və ən azı Avrasiya İqtisadi Birliyinə qoşulmalıdır;
İkincisi, Azərbaycan NATO-dan uzaq durmalı, Xəzərdə Qərbin bu və digər formada hərbi varlığına imkan verməməlidir;
Üçüncüsü, Azərbaycan Rusiyanın maraqları əleyhinə Xəzərin dibi ilə Türkmənistana boru xətti çəkməməlidir.
E.Şahinoğlunun iddiasına görə, əslində, rəsmi Bakı Putinin bu istəklərini nəzərə almağa hazırdır:
"Ancaq Azərbaycan hakimiyyəti Putinin bu ağır şərtlərini yerinə yetirəcəyi halda Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəkmi?
Bu suala rəsmi Bakı Kremldən dəqiq cavab ala bilmir".
Reyting.az
Bölməyə aid digər xəbərlər