











Tarix: 01-02-2016 18:36 | Bölmə: Slayd
Dünya Bankı Azərbaycan hökuməti ilə kompleks tədbirləri müzakirə edir. Bu tədbirlərin hökumətin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi, neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlılığın artırılması ilə bağlı olduğu bildirilir.
Bu haqda Dünya Bankının Azərbaycandakı nümayəndəliyi yanvarın 30-da məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır.Belə çıxır ki, Dünya Bankı da danışıqların əsas predmeti kimi, Azərbaycan hakimiyyətinin qarşısında struktur islahatları tələbini səsləndirir.
Qeyd edək ki, son bir ayda ayrı-ayrı deputatlar da bir-birini təkrarlayan dövlət qurumlarının ləğvini və ya birləşdirilməsini təklif ediblər.Hətta ölkə başçısı İlham Əliyev də son müşavirədə belə islahatların anonsunu verib. Bundan başqa, elə ötən həftə İ.Əliyevin özünə iqtisadi islahatlar üzrə yeni köməkçi təyin etməsi də, qarşıda böyük struktur islahatlarının olacağından xəbər verir.
Reyting.az mia-ya istinadən xəbər verir ki, qarşıdakı aylarda Azərbaycanda bir çox nazirlik, komitə və ya xidmətlər birləşdiriləcək. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Maliyyə Nazirliyinə, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə, Diasporla İş üzrə Komitəsinin Xarici İşlər Nazirliyinə birləşdirilməsi real sayılır. Daha sonrakı aylarda Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin, Energetika Nazirliyi ılə "Azərenerji” ASC-nin və SOCAR-ın birləşdirilməsi gündəmə gətiriləcək. Yəni, hökumət belə qurumların sayını 17-18-ə qədər azaltmaqla büdcəyə qənaət etmək istəyir.
Bu islahatların doğuracağı işsizlik probleminə gəldikdə, bildirilir ki, höküməti islahatlardan çəkindirən ən əsas məqam da elə budur: "Hökumət ideoloqları hesab edirlər ki, cəmiyyətin aktiv təbəqəsi olan həmin məmurlar illərlə topladıqları vəsaiti və təcrübəni hakimiyyətə qarşı narazılıqların böyüməsinə yönəldə bilərlər. Ona görə də iqtidar maksimum şəkildə bu prosesi ağrısız həyata keçirməyə çalışır”.
Bölməyə aid digər xəbərlər