Üçmərhələli böhran təhlükəsi; iqtisadi böhranın ardınca ölkədə sosial və siyasi böhran başlaya bilər
Tarix: 02-02-2016 17:16 | Bölmə: Slayd
İqtisadi böhran səbəbindən Azərbaycanın bölgələrində baş qaldıran lokal narazılıq səngisə də, ölkə vətəndaşlarının mövcud iqtisadi vəziyyətdən əziyyət çəkdiyi danılmazdır.Maraqlı məqamlardan biri də odur ki, uzun illər cəmiyyətin aktivləşmədiyindən, etirazını açıq şəkildə ifadə etmədiyindən gileylənən siyasi qüvvələr hazırda meydanda deyillər.

ADP sədri Sərdar Cəlaloğlu bu barədə fikirlərini «Reytinq»lə bölüşərkən deyib ki, Azərbaycanın hazırkı durumunu şərh edərkən demək olar ki, proseslər üç mərhələdən ibarət inkişaf edəcək - əvvəlcə iqtisadi böhran, sonra sosial böhran, onun ardınca isə siyasi böhran başlayacaq.

S.Cəlaloğlu bildirib ki, müxalifət yalnız üçüncü mərhələdə, siyası böhran dönəmindəsiyasi səhnəyə çıxmalıdır:

"Hazırda Azərbaycanda iqtisadi böhran dərinləşir, hələlik sosial böhrana keçməyib. Əgər hökumətin yanlış siyasəti nəticəsində böhran təbii axarı ilə gedəcəksə, sosial böhran, onun ardınca isə siyasi böhran başlayacaq. O zaman siyasi qüvvələr, müxalifət prosesə daxil olacaq. İndiki mərhələdə siyasi qüvvələrin prosesə daxil olmasının perspektivi və əhəmiyyəti yoxdur».

Partiya sədri onu da qeyd edib ki, müxalifət olaraq, hakimiyyəti xəbərdar ediblər. Onun sözlərinə görə, hökumət situasiyaya uyğun düzgün qərar verməsə, islahatlar aparılmasa, bir-birinin ardınca sosial və siyasi böhran olacaq:

«Biz də iqtisadi böhrandan sosial böhrana keçid olmadan siyasi islahatların aparılmasını təklif edirik. Ancaq onu da nəzərə çatdırım ki, siyasi böhran dövrü başlayanda yükün ağırlığı yalnız müxalifətin üzərinə düşməyəcək, iqtidarın da boynuna yük düşəcək. Mənə elə gəlir ki, iqtidarda da müəyyən mənada mütərəqqi düşüncəli insanlar var, müxalifətdə də müəyyən qüvvələr var ki, bu iki qüvvənin birliyi Azərbaycanı düşəcəyi siyasi böhrandan çıxara bilər. Təəssüf ki, müxalifətin indiki mərhələdə vahid mövqedən çıxış etməsi mümkün deyil, çünki müxalifət daxilindəki müəyynə qüvvələr ölkədəki proseslərin indiki axarla getməsində, həm sosial, həm də siyasi böhranın yetişməsindəmaraqlıdır. Ona görədəonlar ümumiyyətlə, ölkəni böhrandan çıxarmaq üçün hakimiyyətlə hər hansı dialoqa getməkdə maraqlı deyillər. ADP və bizim kimi düşünən bir qrup adam var və hesab edirik ki, ölkə kataklizmdən keçmədən dəyişilə bilər. Buna ümid edirik və bu ümidimizi də açıq-aşkar bəyan edirik. Əgər hakimiyyət bizim səsimizi eşitməcə, onda ikinci qrupun dediyi olacaq, baş verə biləcək hadisələr qanlı və ağır nəticələrə gətirib çıxaracaq».

Borcalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bildirib ki, prespektiv strateji planlaması yanlış olan iqtisadi siyasət məntiq etibarı ilə ölkəmizi bu dalana dirəməli idi. Onun sözlərinə görə, neftə güvənc yeri kimi baxan və bütün fəaliyyətini bununla bağlayan iqtidarı həmin dəyər cəzalandırmaqdadır: «İnsanlarımızın evində oturduğu an hesabladığı büdcəsi bir günün içərisində 50 faiz göyə sovruldu. Kütləvi etirazlar başladı. Professional siyasi partiya institutu təəssüf ki, iqtidarın apardığı aqressiv düşüncə ilə yox dərəcəsindədir. Bu gün müxalifət sanki siyasi məhbəsdəki siyasi məhbusa bənzəyir. Ancaq partiya üzvləri, on minlərlə demokratiya uğrunda mübarizə aparan insanlar var. Bu vəziyyət YAP da daxil siyasi sistemin tənəzzülüdür. Eyni zamanda mövcud iqtidarın tənəzzülünü qaçılmaz edir”.

Z.Məmmədlinin fikrincə, müxalifətin bu mərhələdə ehtiyatlı davranışı da başadüşüləndir. Quba, İsmayıllı hadisələri uzaq keçmişdə baş verməmişdir. «Hiss olunan odur ki, hakimiyyət çıxılmaz vəziyyətdədir. Kin və nifrətini üzərinə tökməyə məkan axtarır. İndiki zamanda zəif görünsə də, alternativsiz istinad nöqtəsi yenə müxalifətdir. Proseslər milli və dövlət maraqlarımızı artan xətt üzrə təhdid etməkdədir. Sağlam milli qüvvələrin bir araya gəlməsi, dayanıqlı funksional əməkdaşlıq formasının tapılması çox önəmlidir. Əgər bütün resurslar ölkəmizdə demokratiya və istiqlalın tək qarantı olan milli qüvvələri məhv yolunu tutarsa, hesab edin ki, Azərbaycanın dövlət olaraq varlığı ciddi sual altında qala bilər. Müxalifət indiki zamanda milli və dövlət təhlükəsizliyimiz, siyasi oriyentasiyanın təxirəsalmadan müəyyənləşməsi, Türkiyənin olduğu məkana alternativsiz olaraq inteqrasiya, ciddi demokratik islahatlar kimi prioritet istiqamətlərdə uzunmüddətli əməkdaşlıq formalarını tapmalıdır. Hakimiyyətlə münasibətlərin zor müstəvisinə daşınmasına qətiyyətlə yol vermək olmaz.Bu modelin reallaşması üçün ciddi mərkəzlərin iş aparması realdır.Çox ehtiyatlı davranmağın tərəfdarıyam», - deyə müsahibimiz fikrini tamamlayıb.

 

Politoloq Mayis Güləliyevin fikirlərinə gəldikdə, deyib ki, indiki iqtisadi şəraitdən müxalifətin hər hansı formada istifadəsi ölkə üçün olduqca ziyanlı ola bilər. Onun sözlərinə görə, müxalifətin iqtisadiyyatın inkişafı ilə bağlı konkret və elmi cəhətdən əsaslandırılmış proqramı yoxdur:

«Hakimiyyətə gəlmək məqsədilə narazılardan istifadə etmək ölkəni daha da pis vəziyyətə sala bilər. Hətta bu qarmaqarışıqlıqdan Ermənistan da sui-istifadə edər. Mən tam əminliklə deyirəm ki,indiki iqtisadi vəziyyət müxalifətin təsvir etdiyi qədər pis və çıxılmaz deyil. Sadəcə, keçənilkinə və ya iki il bundan əvvəlkinə nisbətən çətindir, lakin dözülməz deyil. Odur ki, nə qədər mümkünsə, ölkədə əmin-amanlığın saxlanmasına çalışmaq lazımdır. Hazırda hökumətin planlaşdırdığı iqtisadi tədbirlər normaldır. Bundan yaxşısını müxalifət təklif edə bilməz. Əgər varsa, buyursunlar, təklif etsinlər».

M.Güləliyev hesab edir ki, hazırkı şəraitdə əsas çıxış yolu bütün qüvvələrin cari vəziyyəti düzgün və elmi cəhətdən qiymətləndirməyə çalışmasıdır:

«Mən tam əminliklə deyirəm ki, nəyin və necə baş verdiyini əksər məmurlar və əhalinin əksəriyyəti hələ tam anlamır. Təəssüf ki, əksər müxalifət liderləri və onlara inanan sadə narazılar da bunun fərqində deyillər. Odur ki, əvvəl vəziyyəti tam anlamaq lazımdır. Siyasi qüvvələr birinci bunu müəyyən etməlidirlər».

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev suallarımıza cavabında bildirib ki, yaranmış vəziyyət kifayət qədər mürəkkəbdir. Onun qəaətincə, dövləti vəziyyətdən çıxarmaq üçün bütün qüvvələr, o cümələdən iqtidar və müxalifət siyasi yetkinlik nümayiş etdirməlidir:

«Ölkədə yaranmış real vəziyyətə, hələlik yalnız müxalifət adekvat reaksiya nümayiş etdirir.Spontanetiraztədbirləri nəzərə alınmasa, hələlik cəmiyyət müşahidə aparır. Etiraf etmək lazımdır ki, hakimiyyət də insanların susması üçün priventiv görünən, lakin vəziyyətə tam mütənasiblik təşkil etməyən təbliğat qurub. Vəziyyətin ciddiliyini, 10 faiz qalxmış maaşla vətəndaş, 50-80 faiz arası qiymətləri yüksəlmiş bazara daxil olduqda hiss edəcək. Bu isə fevralın ilk günlərində baş verəcək. Əsl total narazılıq ondan sonra yüksələcək. Bu günə qədər devalvasiyanı yalnız əlində pulu olan və yaxud kredit borcu olanlar başa düşürdüsə, fevraldan kasıb təbəqə hansı oyuna salındığının fərqində olacaq».

VİP sədri onu da nəzərə çatdırıb ki, müxalifət cəmiyyəti, onun narazı potensialını normal və qanuni siyasi mübarizəyə yönəltməyi bacarmalıdır. Ə.Əliyevin qənaətincə, əks halda son 20 ildə olmayan narazı enerji yükünün həm də dağıdıcı gücünü hamımız hiss edə bilərik: «Bu enerji seli siyasi proseslərə yönəldilməsə, dövlətin müqəddəratı sual altına düşə bilər. Müxalifət ona görə məsuliyyətini dərk etməli, proseslərin yanında olmalı, cəmiyyətlə maarif işi aparmalı və onu daha çox siyasiləşdirməyi bacarmalıdır. Bildiyim qədər, ölkə qanunvericiliyi siyasi rəqabəti hələlik qadağan etməyib. Siyasi qüvvələrin hakimiyyət, əhalinin simpatiyaları uğrunda mübarizəsi qanunlarla müdafiə edilir. Bir halda ki, hakim komanda yaşadığımız acı reallıqlara müəlliflik edir, bizim onu dəyişmək istəyimiz, ən azı bu yöndə fəaliyyətimiz vəzifəmiz qədər də, təbii və qanuni haqqımızdır. Lakin yalnız qanuni və demokratik üsullarla».

Ə.Əliyev hesab edir ki, bu yöndə siyasi qüvvələrin təmərküzləşməsi vacibdir. Onun sözlərinə görə, yaranmış vəziyyət, reallıqlar qarşımızda çox sadə 2 yol açır: «Ya ölkə Suriya, İraq, Liviya , ya da böhrana tuş gəlmiş Yunanıstan, İspaniya, Portuqaliya yolu ilə gedəcək. Təbii ki, 1-ci yol arzuolunmazdır.

Təəssüf ki, bu acı perspektivdən sığortalanmamışıq. Nəzərə alsaq ki, ən azı qonşularımız sırasında bunu arzulayanlar kifayət qədərdir, ehtiyatımız daha da yüksəlməlidir.

Onu da qeyd edim ki, ağır və təhlükəli versiyanın baş tutması yalnız bir halda - hakimiyyətin inadkarcasına problemi ört-basdır etməsi və böhranı yaratmış komandanı hakimiyyətdə saxlaması təşəbbüsü zamanı reallaşma ehtimalı çox yüksəkdir. Bizim Vətəndaş və İnkişaf partiyası birinci yolun baş tutmaması üçün istənilən addıma hazırdır. Bu, illərlə bizim bəyan etdiyimiz və nümayiş etdirdiyimiz mövqedir.

İkincisi, daha sivil inkişaf yolunun baş tutmasının bir neçəssenarisi mövcuddur. Bunlardan ən doğrusu iqtisadi islahat və dəyişikliyə yol açacaq siyasi islahatlara gedilməsidir. Hakimiyyətin mövcud siyasi qüvvələrlə dialoqu, bunun nəticəsi kimi növbədənkənar parlament seçkiləri və onun sonuncu olaraq, koalision hökümət. Cəmiyyətdə konsensusun yol xəritəsi budur. O vaxta qədər müxalifət daxilində də güclər bölünməlidir. Çünki bir qrup siyasi müxaliflər mövcud hakimiyyətlə heç bir kompromisi mümkün saymır, vəziyyətin radikal dəyişməsini vəziyyətdən çıxış yolu görür, bir sözlə, inqlab istəyir. Digər qrup müxalifətdaxili təşkilatlar inkişafı radikal dəyişikliklərdə görür, təkamül yolunu tərcih edirlər. Son illərdə müxalif düşərgənin daxilində bu sərhəd aşkar sezilir, yalnız rəsmiləşməsi qalıb. Hesab edirəm ki, hakimiyyət islahat tövrü nümayiş etdirsə, müxalifətin təsnifat prosesi qısa müddətdə bitəcək. Müxalifət daxilində təşkilatlanma, hadisələrin gələcək inkişaf ssenarisi zəminində baş tutmalıdır və tutacaq da. İnqlabçılarla təkamülçülərin təmərküzləşməsi müxalifət daxilində sürətlənməlidir. Son hadisələr bu prosesin ləng də olsa, getdiyini sübuta yetirir. Qarşıdan gələn dövr, prosesin təcilverici amillərini şərtləndirəcək».


Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə "Reytinq”in sualına cavabında deyib ki, ölkədə krizis var, bu krizisi yaradan da mövcud hakimiyyətdir. Onun fikrincə, bu səbəbdən də daha çox ortada məhz iqtidar olmalı və sərt suallar da ona yönəldilməlidir.

«Müxalifət olduğu yerdədir, toparlanmağa çalışır. Əsas məsələ xalqın bir yerdə olmasıdır. Müxalifətin tərkibi də, düşüncələri də fərqlidir. Həm də müxalifət bütövlükdə küncə sıxılsa da, böhranla bağlı toparlanmağa çalışır, hakimiyyətə təkliflərini verir və s. Siz böhranı yaradan, qanunları tapdayan, Azərbaycanın sərvətlərini dağıdan iqtidarın üzərinə düşün, yoxsa küncə sıxışdırılmış müxalifətə söz deməyə nə var ki», - deyə BAP sədri fikrini tamamlayıb.

 Reyting.az

 





Bölməyə aid digər xəbərlər