İran prezidenti Xamnəidən 1 milyard dollar istəyir
Tarix: 28-03-2020 18:36 | Bölmə: Slayd
İran prezidenti Xamnəidən 1 milyard dollar istəyir

İran prezidenti Həsən Ruhani Tehranda təşkil edilən Koronavirusa Qarşı Mübarizə Mərkəzində ölkədəki epidemiya haqqında açıqlamalar verib.

Reyting.az
-ın xəbərinə görə, prezident son 6 ildə ölkədə səhiyyə sistemini gücləndirdiklərini bildirib.

Həsən Ruhani deyib ki, hökumət koronavirusa yoluxanlar və xəstəxanalara müraciət edənlərin xərclərinin 90 faizini tibbi sığorta vasitəsilə qarşılayacaq: “Xəstə xərclərinin sadəcə, 10 faizini vətəndaşlar ödəyəcək”.

İran prezidenti ölkədə qida və ərzaq mallarına çıxışda hər hansı problemin olmadığını, bununla bağlı təlimat verdiyi rəsmilərin vəziyyətə nəzarət etdiyini bildirib.

ABŞ tərəfindən tətbiq edilən sanksiyalar səbəbindən İran xalqının çətin şərtlər altında yaşadığını xatırladan Ruhani bəyan edib ki, bu ilin dövlət büdcəsinin 20 faizi koronavirusla mübarizəyə ayrılıb: “Ağır sanksiyalara məruz qalan bir ölkənin bunu necə edəcəyi dünyaya təəccüblü gələ bilər. Bunun xaricində xəstəxanalar tam təchiz edilib və tibbi pesonalın motivasiyası yüksəkdir”.

Prezident əlavə edib ki, əxlaqi və mədəni davranış olaraq insanlar bir-birinin hüquqlarına hörmət göstərməlidir: “Əgər bir nəfər koronavirusa yoluxsa və yaxınlarına bu haqda deməsə, bu, xəyanət içərisində olduğu anlamına gəlir. Koronavirusa yoluxduğunu düşünənlər vaxt itirmədən səhiyyə qurumlarına müraciət etməlidir.

Epidemiyadan qorunmağın ən yaxşı yolu sosial məsafə şərtlərinə əməl etməkdir”.

Qeyd edilir ki, İran prezidenti ötən gün koronavirusla mübarizədə istifadə etmək üçün Milli İnkişaf Fondundan Səhiyyə Nazirliyi və İşsizlikdən Sığorta Təşkilatına 1 milyard dollar maliyyə ayrılması üçün Ali Dini Lider Seyid Əli Xamnəi qarşısında məsələ qaldırıb.

Onu da qeyd edək ki, koronavirus İranda 2517 insanın ölümünə səbəb olub, 35500 nəfər epidemiyaya yoluxub, 11679 nəfər isə epidemiyadan müalicə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}