











Tarix: 09-02-2016 13:22 | Bölmə: Slayd
Son bir həftə ərzində Mərkəzi Bankın manatın dollara nisbətdə olan məzənnəsi ilə bağlı elan etdiyi rəqəmlər milli valyutanın güclənməsi istiqamətində düşüncələr yaradır. Belə ki, 1,60-dan yuxarı qalxan dolların son bir həftə ərzində ucuzlaşması diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpası, eyni zamanda, bu sahədə maliyyə intizamının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır:"Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi cənab Prezidentin müəyyən etdiyi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək. Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi bərpa olunacaq".
Hökumət rəsmiləri bunu manatın güclənməsi kimi dəyərləndirsələr də, müstəqil ekspertlər milli valyutanı daha bir təhlükəli dönəmin gözlədiyini iddia edirlər.
AXCP funksioneri, iqtisad elmləri namizədi Nemət Əliyev "Reytinq"ə deyib ki, indiki şəraitdə manatın güclənməsindən söhbət gedə bilməz. Onun sözlərinə görə, əgər Azərbaycn hökumətindən kimlərsə manatın güclənməkdə olduğunu iddia edirsə, onlara yazıqlar olsun!
N.Əliyev bildirib ki, manat çox ciddi şəkildə dəyərdən salınıb və bu, hökumətin təşəbbüsü ilə baş verib: "Bu vəziyyət uzunmüddətli yanlış iqtisadi-sosial siyasətin nəticəsində yaranıb. Manat təxminən iki dəfədən çox dəyər itirib. Söz yox ki, burada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi faktoru da var. Son bir ilə ekskursiya eləsəniz, sualın cavabını tapmaq olar".
İqtisadçı-alim qeyd edib ki, son bir ildə Mərkəzi Bankın hökumətlə birləşmiş qüvvələri əhalini, Azərbaycan banklarında depozit saxlayan maliyyə və qeyri-maliyyə təşkilatlarını, hətta xarici investor və iş adamlarını bir neçə gün əvvəldən inandırmağa çalışıblar ki, manat çox ciddi valyutadır: "Amma bunun üstündən bir gün keçmədi ki, bir gecənin içində manat xarici valyutalar qarşısında dəyərdən salındı. Növbəti analoji proses dekabrın 21-də baş verdi. Bu dəfə isə daha böyük həcmdə - manat 48 faiz dəyərdən düşdü. Sonrakı mərhələdə də proses dayanmadan inkişaf etməyə başladı. Nə baş verdi? Əhali və depozitini banklarda saxlayan qurumlar çox ciddi itkiyə məruz qaldılar. Hökumət yarıtmaz siyasəti nəticəsində büdcədə böyük yırtıq yaratmışdı və bunu doldura bilmirdi, çıxış kimi də ucuz yolu seçməli oldu. Üst-üstə iki devalvasiyada 6 milyarda yaxın itki oldu. Burda məqsəd pul yığmaq idi".
N.Əliyev hesab edir ki, son günlər manatı süni şəkildə gücləndirmək siyasətinin arxasında növbəti məkrli plan dayanır. Hətta iş o yerə çatıb ki, Mərkəzi Bank sədri, maliyyə naziri camaatın evində, yastığının altındakı son manata da göz dikib: "İndi də bütün planlarını insanların əlində qalan vəsaitləri almağa yönəldiblər. Bu səbəbdən də növbəti bir yalan ovqat yaratmaq istəyirlər".
Müsahibimizin iddiasına görə, bu yaxınlarda növbəti devalvasiyanın şahidi olacağıq: "Maliyyə naziri deyir ki, gəlirləri iki milyard artırmağı nəzərdə tutmuşuq. Bunu nəyin hesabına edəcəklər? Fikirləşirlər ki, özəlləşmə həyata keçirsinlər, bir də Azərbaycanın aktivlərini satsınlar. Hələki bu istiqamətdə ortlıqda real bir şey yoxdur. Azərbaycan elə bir vəziyyətdədir ki, kimsə bura gəlib nəsə almaz. Yəni, qısa zamanda nəsə satmaq mümkün deyil".
N.Əliyev bildirib ki, bir variant da xarici borc almaqdır: "4 milyardlıq borcla bağlı ağız açdılar, onu da verən olmadı. Ümid bir şeyə qalıb - yenidən əhalini aldadıb əllərindəki vəsaitləri alsınlar".
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, ADR Hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu isə düşünür ki, Mərkəzi Bankın son siyasəti bazarda panikanın aradan qaldırılmasına yönəlib. Onun qənaətincə, bu məqsədlə Azərbaycan manatının rəsmi məzənnəsi son 10 gündə 2 qəpik bahalaşdırılıb:
"Mərkəzi Bank manatın məzənnəsini inzibatı yolla tənzimləmə siyasətində son 10 gündə etdiyi dəyişiklik qısamüddətli dövrdə manatın xeyrinə olsa da, bütövlükdə bazar münasibətlərinin ziyanınadır. Məqsədi panikaların idarə edilməsi olan bu siyasətlə heç vaxt hədəfə çatmaq mümkün deyil. Nə qədər ki, iqtisadiyyatda böhran simtompları və pisləşən trendlər var, bir o qədər də bazarlarda panikalar müşahidə olunacaq. Bu, milli valyutası sürətlə dəyərsizləşən, xüsusilə də tez-tez böyük faizlərlə devalvasiya ilə qarşılaşan ölkələrin əhalisi üçün həssas və xarakterikdir. Bir də unutmaq olmaz ki, panikalar idarəolun-mazdır. Odur ki, yanvarın 25-dən başlayaraq, süni yolla manatın məzənnəsini ABŞ dollarına nisbətdə bahalaşdıran Mərkəzi Bankın yeni siyasətinin arxasında iqtisadi məntiq yoxdur. Hətta bunu Maliyyə Nazirliyinin istiqraz siyasətinə dəstək kimi də qiymətləndirmək mümkün deyil. Çünki yenə də valyuta bazarında starteji ehtiyatlar küləyə sovrulur və hərbi dildə ifadə etsək, sonuncu güllələr havaya atılır".
Q.İbadoğlu hesab edir ki, manatın məzənnəsini bir və ya bir neçə gün əvvəldən elan etməklə yanaşı, daxili bazarda manatla pul kütləsini və valyuta satışını məhdudlaşdıran Mərkəzi Bankın başqa bir yanaşması məntiqsiz və sistemsiz siyasətin tərkib hissəsidir.
"Diqqət edin, 21 dekabr devalvasiyasindan dərhal sonra açıqlama verən Mərkəzi Bank sədri qeyd edirdi ki, "bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz, həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra artıq bazara auksi-onlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq".
Görəsən, bir və ya bir neçə gün əvvəldən məzənnəni müəyyənləşdirən Mərkəzi Bank tələb-təklif proporsiyasına əvvəlcədən necə nəzər salır? Olmaya Mərkəzi Bank da falçılıqla məşğuldur, öncəgörmə qabliyyətinə malikdir, yoxsa sabahkı məzənnəni bu gün necə bilmək olar ki?
Dəfələrlə qeyd etsək də, yenə də təkrarlamaq məcburiyyətindəyik, manatın sabitləşməsi və ona etimadın bərpa olunması üçün yeganə yol onun digər valyutalara nəzərən gerçək məzənnəsinin müəyyənləşdirilməsindən asılıdır. Bu isə yalnız valyuta bazarının liberallaşmasından və manatın məzənnəsinin tələb-təklif əsasında real hərraclar vasitəsilə təyin edilməsi ilə mümkündür",- deyən Q.İbadoğlu xatırladıb ki, nə qədər ki, manatın gerçək məzənnəsi bəlli deyil, bir o qədər də manata inam bərpa olunmayacaq və bazarlarda panikalar aparıcı rol oynayacaq: "Eyni zamanda gerçək məzənnə bilinməyincə, ölkədə sabit maliyyə və mötəbər bank sistemi formalaşmayacaq, investisiya və işgüzar fəallıq aşağı düşəcək. Bütün bunlar isə iqtisadi böhrandan çıxışa deyil, onun dərinləşməsinə xidmət edəcək".
Qeyd edək ki, hökumət manatın güclənməsi imcini yaratmağa çalışsa da, milli valyutanın qorunması istiqamətində hələ də səylərini davam etdirir. Sözsüz ki, bu proses də valyuta ehtiyatlarını "yeyir".
İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, yanvar ayında təkcə Mərkəzi Bankın ehtiyatlarının 12 faiz (600 milyon dollar) "əriməyib”, həm də iqtisadiyyatın pul bazası 1 ayın içərisində 16 faiz (1.1 milyard ma-nat) azalaraq 5.8 milyard manata enib. Onun sözlərinə görə, mexanizm aydındı, yəni əvvəlki illərdə ölkəyə irimiqyaslı valyuta axınları dövründə təkcə dövlət büdcəsinin və Neft Fondunun büdcəsinin icrası məqsədilə hər il 13-14 milyard dollar valyuta manata konvertasiya edilirdi. Mərkəzi Bank dolları ehtiyata yığıb uyğun həcmdə manat kütləsini büdcə icrasına yönəldirdi:"İndi əks proses baş verir - öz ehtiyatlarını dövriyyədəki manat kütləsinə dəyişir, bazardan dollar müqa-bilində aldığı manatı isə anbarına yığır. Həmin manat kütləsini banklar vasitəsilə yenidən iqtisadiyyata qaytarmaq mümkündür - amma iqtisadiyyat manat kütləsinin istehlaka deyil, yeni dəyərin yaradılmasına (istehsala) yönəltmək potensialında olmalıdır. Həmin kütlənin əhəmiyyətli hissəsi birbaşa büdcə vasitəsilə maaş və sosial ödənişlərin artırılmasına yox, kredit, alınan avadanlıq və texnologiyalar qiyafəsində sahibkara gedib məhsul yaratmaqla həmin məhsulun dəyərinin bir hissəsi kimi əmək haqqı forma-sında, məvacibdən ödənən sosial ödəmə formasında maaş və pensiyaya çevrilməlidir. Hələ başqa tərəfi də var - əhali qazandığı pulu əmanət kimi etibar edib yatırdığı bank sektoru, qiymətli kağızlar bazarı olmalıdır ki, dollar almağa həvəslənməsin, ya da məcbur qalmasın. Aydındır ki, bu institutlar da yoxdur. Mərkəzi Bank isə bilir ki, Azərbaycan iqtisadiyyatının hazırkı strukturu pulun yeni dəyər yaratmasına imkan vermir. Bunun aşkar sübutu "pul multiplikatoru" deyilən göstəricidir. Bu göstəricinin mahiyyəti odur ki, dövriyyəyə buraxılan milli valyuta vahidinin hər bir vahidi banklar vasitəsilə əlavə neçə vahid pul yarada bilir. Məsələn, hazırda Azərbaycanda Mərkəzi Bankın emissiya elədiyi hər manat ən yaxşı halda 30 qəpik əlavə pul yaradır. Yüksək inkişaf etmiş ölkələrdə 1 dollar ən azı 6-7 dollar, bəzi keçid ölkələrində isə ən azı 3-4 dollar yaradır".
R.Ağayev nəzərə çatdırıb ki, pul bazasının ən yüksək həddi 2014-cü ilin yayında olub - 11.7 milyard manat. Hazırkı səviyyə həmin həddən təxminən iki dəfə azdır: "Bir müqayisəyə diqqət yetirin - 2014-cü ilin yayında dövriyyədə olan bütün manat kütləsini dollara çevirmək lazım gəlsəydi, bu, 15 milyard dollar edərdi. Hazırkı manat kütləsi ilə maksimum 3.5 milyard dollar edir. Ona görə də iqtisadiyyatı bu şəkildə pulsuzlaşdıran Mərkəzi Bankın bir hədəfi məhz elə budur - valyuta bazarında dollar almağa nə qədər az manat varsa, ölkənin valyuta ehtiyatlarının tükənmə tempi də o qədər aşağı düşür. Amma əgər 1 ayda iqtisadiyyatın pul bazası 16 faiz məhdudlaşırsa, bu, iqtisadi fəallığın tamamilə aradan qalxdığını sübut edir".
Ekspert bildirib ki, manat kütləsinin görünməmiş dərəcədə məhdudlaşdırılması hökumətin iqtisadiyyatı stimullaşdırmaq üçün imkanlarının görünməmiş dərəcədə məhdud olmasının sübutudur:
"İndiki şəraitdə manat kütləsinin məhdudlaşıdırılması bəlkə də ən doğru yoldur. Onsuz da hökumət genişmiqyaslı kreditləşmə proqramına start versə, həmin pullar yenə də rəqabətli mühitdə fəaliyyət göstərən müstəqil sahibkarlara deyil, siyasi maraqları təmsil edən monopol iqtisadi qrupların əlinə keçəcək".
Müsahibimiz başqa bir müqayisə də gətirib. Deyib ki, regionun digər iki resurs ölkəsi iqtisadiyyatın "pulsuzlaşdırılması" siyasətindən qaçmağa çalışıblar.Məsələn, Rusiyada 2014-cü ilin yayında nağd pul kütləsi 7.8 trilyon rubl olub, hazırda isə 8.5 trilyon rubl təşkil edir. Yaxud Qazaxıstanda 2014-cü ilin yayında nağd pul kütləsi 1.7 trilyon təngə olub, hazırda isə 1.5 trilyon təngə edir - yəni azalma çox kiçikdi. Ən maraqlısı odur ki, 2014-cü ilin payızından indiyədək Qazaxıstanın Mərkəzi Bankının və Neft Fondunun ehtiyatları cəmi 11 faiz və ya 11 milyard dollar azalaraq 103 milyard dollardan 92 milyard dollara enib: "Amma bu müddətdə Azərbaycanın məcmu ehtiyatları 16 milyard dollar və ya 30 faizədək azalaraq təxminən 37 milyard dollar ətrafında qərarlaşıb. Ən sadə səbəb odur ki, hər iki resurs ölkəsində Azərbaycanla müqayisədə "puldan pul yaradan" sahibkarlıq mühiti daha rəqabətli və alverişlidir".
Bölməyə aid digər xəbərlər