











Tarix: 07-03-2016 16:36 | Bölmə: Slayd
Ölkədə iqtisadi böhran başlayandan bəri qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyi bir daha gündəmə gəlib. Amma hökumətin qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafına yönəlik ciddi addımlar atdığı nəzərə çarpmır. Yəqin elə bu səbəbdəndir ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri əsası olmayan, reallıqdan uzaq rəqəmlər açıqlayırlar.
Rəsmi məlumatlara görə, kənd təsərrüfatı məhsullarının ixracı artıb. Amma müstəqil ekspertlər bildirirlər ki, ölkənin ixrac potensialında heç bir artım yoxdur. Çünki bu gün bazardakı məhsulların böyük əksəriyyəti xaricdən gətirilir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyinin iddiaları əsassızdır.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov "Reytinq"ə deyib ki, aparılan araşdırmalara görə, Azərbaycan uzun müddətdir meyvə-tərəvəz ixracı ilə məşğul olur.
V.Məhərrəmov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri aqrar sahənin inkişafı ilə bağlı tədbirlər həyata keçirmək əvəzinə, yalançı statistika ilə ictimaiyyəti aldadırlar:
"Bu ilin yanvar ayında qonşu ölkəyə tərəvəz ixracının 4 dəfəyədək artımını "daha artıq sürətlə istixanaların inkişafı həyata keçirilib",- de-yərək əsaslandırmağa çalışan məmur yaxşı olar ki, heç olmasa, Gömrük Gömrük İdarəsinin məlumatlarına diqqət yetirsin. Son illərdə, 2013-cü və sonrakı illərin yanvar aylarında meyvə-tərəvəz məhsullarının idxal-ixrac əməliyyatlarının inkişaf dinamikasına nəzər saldıqda çox məyusedici bir mənzərə yaranır.
Beləki, 2013--cü ilin yanvar ayında ölkədən 10,2 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac olunduğu halda, 2016-cı ildə bu rəqəm 5,6 milyon dollar artaraq, 15,8 milyon dollar təşkil edib. Bu müddət ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz dəyər ifadəsində ixrac olunan atrımdan 2 dəfə çox olub. 2013-cü ildə ölkəyə 2,1 milyon dollar dəyərində meyvə-tərəvəz idxal olunduğu halda, bu ilin birinci ayında bu göstərici 5 dəfəyə yaxın artaraq 12,4 milyon dollar təşkil edib. Hətta keçən ilin anoloji dövrü ilə müqayisədə meyvə-tərəvəz idxalı 2,3 dəfə artıb. Bu isə kənd təsərrüfatı istehsalında çox ciddi geriləmənin, xüsusən də istixana şəraitində istehsal olunan məhsulun azaldığını deməyə tam əsas verir".
Ekspert bildirib ki, bu sahədən bixəbər olanlar belə göstəriciləri nəzərə almaya bilərlər. Amma "aqrar sahədə inkişaf var",-deməklə mövcud olan problemləri uzun müddət ört-bastır etmək mümkün olmayacaq:
"Diqqətinizəçatdırım ki, ölkə əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyü bir zamanda, həmçinin yanvar ayında qiymətlərin sıçrayışlı artımı və bunun nəticəsində meyvə-tərəvəz istehlakının çox ciddi azalması fonunda bu adda məhsulun idxalının artması, bir daha istehsalın kəskin azalmasından xəbər verir".
V.Məhərrəmov qeyd edib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı cəmi 1,3 milyon dollar dəyərində artdığı halda, bu adda məhsulun idxalı 7,3 milyon dollar dəyərində yüksəlib:
"Digər vacib bir məqamı da nəzərinizə çatdırmaq isəyirəm. Belə ki, son zamanlar apardığımız araşdırmalar göstərir ki, Azərbaycana digər ölkələrdən idxal olunan ərzaq mallarının, kənd təsərrüfatı məhsulları-nın idxal dəyəri dəfələrlə aşağı qiymətə sənədləşdirilir. Əlbəttə, bu halı nəzərə alsaq ölkəyə idxal olunan meyvə-tərəvəz real olaraq ən azı 2 dəfə çoxdur. Meyvə-tərəvəz idxalının 2,3 dəfə çoxalması və ixrac olunan məhsulların da nisbətən artması, ölkəyə gətirilən meyvə-tərəvəzin ciddi artımı ilə əlaqəlidir. "Daha artıq sürətlə istixanaların inkişafı həyata keçirilib",- demək isə yersizdir".
V.Məhərrəmov Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artdığını iddia edən məmura başqa bir istiqamətdən də arqumentli cavab verib. Mütəxəssis ixracda əsas mallar sırasında yer tutan digər üç məhsul üzrə fikirlərini detallı şəkildə bölüşüb:
"2013-cü ilin yanvar ayında çay ixracı 2,1 milyon dollar təşkil etdiyi halda, bu il göstərici 3,5 dəfə azalaraq 0,6 milyon dollar təşkil edib. Şəkər ixracı da çox ciddi şəkildə azalıb. 2014-cü ilin yanvar ayında 13,5 milyon dollar dəyərində bu adda məhsul ixrac olunduğu halda, bu ilin eyni dövründə 6 dəfədən çox azalaraq 2,2 milyon dollar olub. Nəhayət, 2013-cü ilin yanvar ayında 31,3 milyon dollar dəyərində bitki və hey-van mənşəli piylər və yağlar ixrac olunduğu halda, bu ilin birinci ayında bu göstərici 24 dəfə azalaraq 1,3 milyon dollar təşkil edib. Çox təəssüflər olsun ki, son vaxtlar ölkəmizdə belə bir hal dəbə düşüb, əvvəlcə məmur saxta, yalan rəqəm uydurur, sonra onu yavaş-yavaş kütləvi informasiya vasitələrinə ötürür, həmin yalanlar işıq üzü gördükdən sonra özü də inanıb təkrar-təkrar çıxışlarında onu istifadə edır, ifşa olunmadıqda isə uydurduğu yalanı böyütməyə çalışır".
Reyting.az
Bölməyə aid digər xəbərlər