Azərbaycanın səbr kasası daşacaq və diversantlara qarşı... - Partiya sədri
Tarix: 17-07-2021 15:44 | Bölmə: Slayd
Azərbaycanın səbr kasası daşacaq və diversantlara qarşı...

“Erməni tərəfinin atəşkəsi pozmasının səbəbləri var. Əvvəla nəzərə almaq lazımdır ki, baş separatçı Araik Arutyunyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilsə də, Xankəndində separatçı tör-töküntülər qalmaqda davam edir. Onlara qarşı tədbirlər görülməlidir”.

Bu sözləri Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə son günlər istər Ermənistan silahlı qüvvələri, istərsə də Qarabağdakı separatçı silahlı dəstələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələr vəziyyəti gərgin saxlamaq istəyirlər: “Məhz onlar diversiya qrupları göndərərək bizim mövqelərimizə atəş açdırırlar. Hesab edirəm ki, son günlər atəşkəsin pozulmasının səbəbləri bunlardır”.

Partiya sədri hesab edir ki, indiki mərhələdə atəşkəsin pozulmasında Rusiyanın marağı yoxdur. O, buna səbəb kimi hər dəfə atəşkəsin pozulmasında Rusiyanın imicinin aşağı düşməsini göstərir: “Atəşkəsin pozulması Rusiyaya sərf etmir. Atəşkəs pozulanda sülhməramlılara inam azalır. Günün birində Moskvaya sual veriləcək ki, sizin sülhməramlı missiya ərazidə nə iş görür? Əlbəttə, Rusiya ona belə bir sualın verilməsini istəməz. Deməli, məntiqlə atəşkəsin pozulmasını da istəməməlidir”.

Əlizadə bildirib ki, əgər Ermənistanın Baş naziri Nikol Paşinyan orduya nəzarət edirsə, güc strukturları onun tabeliyindədirsə, deməli, onun da bu təxribatlardan məlumatı var: “Yəni Paşinyanın xəbəri olmadan bu hadisələr baş verə bilməz. Bu cür davam edərsə prosesin müəyyən nəticələri ortaya çıxacaq. Əvvəla Azərbaycan rus sülhməramlılarından tələb edəcək ki, onlara verilən səlahiyyətlərdən istifadə edərək vəzifə borclarını yerinə yetirsinlər”.

Partiya sədri əlavə edib ki, belə davam edərsə, Azərbaycanın səbr kasası daşacaq və anti-diversant tədbirləri həyata keçirməli olacaq. Bu zaman ermənilərin ağlı başına gələcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}