Sabiq nazir: “Qarabağdakı ermənilər alətə çevrilmək istəmir və bölgəni sürətlə tərk edirlər”
Tarix: 13-09-2021 15:09 | Bölmə: Slayd
Sabiq nazir: “Qarabağdakı ermənilər alətə çevrilmək istəmir və bölgəni sürətlə tərk edirlər”

“Biz təkcə ermənilərdən deyil, həm də onların Rusiya və Minsk Qrupundakı tərəfdaşlarından danışırıq. Kənar oyunçuların məqsədi erməni strategiyası ilə üst-üstə düşür: onlar da uzunmüddətli münaqişələrin idarə edilməsi mexanizmi olaraq Qarabağdakı mövcud vəziyyəti “dondurmaq” istəyirlər”.

Bunu Reyting.az-a Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T. Zülfüqarovun fikrincə, Qarabağda qalan ermənilər bu oyunda alətə çevrilmək istəmir və bölgəni sürətlə tərk edirlər: “Buna görə sual yaranır, bundan sonra nə etməli, münaqişələrin idarə edilməsi mexanizminin işləməsi necə təmin olunmalı?

Prinsipcə, iki növ strategiya mümkündür:

Birincisi, qalan ermənilərin böyük hissəsini ərazidən münaqişəsiz çıxarmaqla “Qarabağ mövzusu”nu bağlamaq.

İkincisi, bundan sonra münaqişənin Ermənistan-Azərbaycan dövlət sərhədi zonasına köçürülməsi. Bu mövzu həmsədrlərin hər birinin istifadə etmək üçün mövzu və obyekt formalaşdırma potensialına malikdir.

Üçüncüsü, Qarabağ bölgəsində genişmiqyaslı hərbi əməliyyatların bərpası. Bunun təşəbbüskarı, əlbəttə ki, “sülhməramlıların arxası”ndan “sülhməramlılar qoruğunun” sürətlə boşalmasını müşahidə etməyə hazırkı vəziyyətin imkan verdiyi Azərbaycan olmayacaq”.

T. Zülfüqarov bildirib ki, təşəbbüskarlar, ilk növbədə, həmsədrlərlə razılaşaraq yenə saxta soyqırımı kampaniyası ilə qarşıdurmalara səbəb ola bilərlər: “Bu addımın əsas məqsədi, 10 noyabr razılaşmalarını yenidən nəzərdən keçirmək və hər şeydən əvvəl sülhməramlı əməliyyatın mahiyyətini sülhün təmin edilməsi əməliyyatına çevirməklə yeni bir qarşıdurma reallığını formalaşdırmaq istəyi olacaq. Yəni, Azərbaycanın bu ərazi üzərində süverenliyini tamamilə itirməsi və “sülhə məcbur edilənlərin” tam və praktiki olaraq məhdudiyyətsiz nəzarətinə keçməsi”.

Sabiq nazir əlavə edib ki, bu yaxınlarda ya yeni müharibə, ya da erməni əhalisinin Qarabağdan tamamilə çıxması ilə bağlı fikir səsləndirən erməni siyasətçilərinin bəyanatı belə başa düşülməlidir: “Bu barədə danışmağa başladılarsa, vəziyyətin ciddiliyini başa düşürlər. Yeganə sual budur ki, yenə başqasının oyununda bazarlıq “çipi” olmağa razı olacaqlar, ya yox?”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}