00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Tofiq Zülfüqarov: “Əvvəl-axır Ukrayna qalib olacaq”
Tarix: 23-05-2022 14:08 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Əvvəl-axır Ukrayna qalib olacaq”

“Ölkəmizdə müharibəyə uyğun olaraq həm Rusiya təbliğatı var, həm də Ukrayna maraqlarına xidmət edən Qərb təbliğatı. Bu səbəbdən də real mənzərəni görmək çox çətindir. Amma mənim təhlilim üçün əsas olan bu təbliğat deyil, müharibənin xəritəsidir”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ukrayna-Rusiya müharibəsinin mümkün nəticələrindən danışarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın böyük qələbəsi, paytaxt Kiyevdə parad təşkil etməsi və bu istiqamətdə digər məqsədləri keçmişdə qalıb, artıq mümkün deyil: “Amma hazırda Rusiyanın qarşısında prioritet kimi məsələlər görünür. Donetsk və Luqansk regionlarının inzibati sərhədlərinə çıxmaq, buranı nəzarətə götürmək və Krıma quru yolu açılan ərazini nəzarətdə saxlamaq. Və bəlkə də Odessaya doğru irəliləmək. Mənim təhlilim göstərir ki, indi Rusiya bunun üçün çalışır”.

T. Zülfüqarovun fikrincə, artıq müharibənin taktikası da dəyişir:

“Əvvəllər Rusiyanın tətbiq etdiyi səhv taktika və ukraynalıların partizan səviyyəsindəki aktivliyi ruslar üçün böyük itkilərə səbəb olurdu. Artıq ruslar başqa taktikaya əl atıb: hərbi əməliyyatları tam şəkildə həyata keçirmək. Aydındır ki, Ukrayna buna tab gətirə bilməz, çünki imkanları çatmır. Buna baxmayaraq, mən istisna etmirəm ki, hansısa mərhələdə tərəflər sülh əldə edilməsinə və atəşkəsə razılaşacaq”.

Keçmiş nazir deyib ki, Qərbin Ukraynaya hərbi dəstəyini nəzərə aldıqda, bu dəstəyin gəlməsi, şəxsi heyətin formalaşması, sistemlərin yaradılması, müharibədə istifadə üçün şəxsi heyət, onun təminatı və öyrənməsi, digər ordu birləşmələri ilə koordinasiyası və digər vacib məsələlərin həlli lazımdır: “Bunun üçün aylar, bəlkə də illər tələb olunur. Ona görə də Ukraynaya zaman lazımdır. Yəni müvəqqəti olaraq atəşkəs rejimi qeyd etdiyim hərbi strukturun yaradılması üçün vacibdir. Özü də yeni əsaslarda. Amma təəssüflər olsun ki, müharibə apararkən ordu yaratmaq çətindir, bəlkə də mümkünsüzdür”.

T. Zülfüqarov sonda əlavə edib ki, əvvəl-axır Ukrayna qalib olacaq: “Amma indiki mərhələ Ukrayna üçün təhlükəlidir. Burada mənim münasibətim deyil, təhlilim əsasdır. Biz hamımız istəyirik ki, Ukrayna ərazi bütövlüyünü təmin etsin. Amma bizim istəklərimiz ayrı, real vəziyyət ayrıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər