00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Rasim Musabəyov: “Sərhədlə bağlı danışıqlar uzun çəkəcək”
Tarix: 24-05-2022 14:16 | Bölmə: Slayd
Rasim Musabəyov: “Sərhədlə bağlı danışıqlar uzun çəkəcək”

Mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bir araya gəlib. Tərəflər 5 saata yaxın müzakirə aparıb, sonda bir sıra məsələlərə dair razılaşma əldə edilib. Məhz bu görüşün nəticəsidir ki, artıq hər iki dövlətdə sərhədin delimitasiya və demorkasiyası üçün komissiya yaradılıb.

Xatırladaq ki, aprelin 6-da da Brüsseldə eyni tərkibdə görüş keçirilmiş, bir sıra məsələlərə dair razılıq əldə edilmişdi. Sonradan İrəvan razılaşmaları pozdu. Hətta Moskvada keçirilməli olan komissiyaların görüşü baş tutmadı. O zaman bəzi mütəxəssislər iddia etdilər ki, görüşdə əldə olunan razılaşmaları Rusiya pozub.

Bəs 22 mayda Brüsseldə əldə olunmuş ikinci razılaşmanı necə, Rusiya yenə prosesi poza bilərmi?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Reyting.az-ın bununla bağlı sualına cavabında deyib ki, hər halda Moskva ilə Brüssel arasında rəqabət var:

“Brüssel görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışdı. Amma elə məsələlər var ki, bu, rəsmi Moskva üçün fərq etmir. Tutaq ki, sərhədlərlə bağlı danışıqlara Moskvada və ya iki ölkənin sərhəddində başlanmasının fərqi yoxdur. Bu, elə məsələ deyil ki, tərəflərin görüşməsi ilə problem həll olunur. Sonda da elan olunsun ki, Brüssel bu məsələni yoluna qoydu. Əksinə, sərhədlə bağlı danışıqlar uzun çəkəcək. Adətən sərhədi hissə-hissə bölüb razılaşdırırlar. Bir hissə razılaşdırılır və protokol imzalanır. Belə protokolların sayı çox ola bilər. Əsas odur ki, bu danışıqlara başlasınlar. Brüsseldə də deyilib ki, bu proses başlanmalıdır. Düşünmürəm ki, bu məsələ qısqanclıq yaratsın”.

R. Musabəyov ikinci məqam kimi nəqliyyat məsələsinə diqqət yönəldib. O, ehtimal edir ki, bu məsələ rusların iştirakı olmadan mümkünsüzdür: “Bildiyiniz kimi, Ermənistan sərhədlərini rus hərbçiləri qoruyur. Hər bir halda onların iştirakı olmadan bu məsələ keçməyəcək. Ona görə də, bu məsələdən arxayındırlar.

Nəqliyyat və komunikasiyalara gəldikdə, aydındır ki, Ermənistanın dəmiryollarını Rusiya dəmiryolları idarə edir. Razılaşmaya görə, təhlükəsizliyi Rusiyanın sərhəd qoşunları təmin etməlidir. Odur ki, bu məsələ də ruslarsız həllini tapmayacaq”.

Sülh müqaviləsi ilə bağlı danışıqlara gəldikdə, R. Musabəyov əlavə edib ki, xarici işlər nazirləri danışıqlara başlamalıdır:

“Hiss olunur ki, Sergey Lavrov hansısa formada bu danışıqlarda iştirak etmələrini istəyərdi. Amma mənim qənaətimcə, buna ehtiyac yoxdur. Tərəflər özləri bu məsələni müzakirə etməlidirlər. Lavrovun və ya onun təmsilçisinin belə müzakirələrdə iştirakına ehtiyac duyulmur. Çünki onlar bu prosesdə iştirak etsələr, suyu bulandırmaqla məşğul olacaqlar”.

Politoloq sonda diqqətə çatdırıb ki, ruslar bu prosesi pozmasalar da, uzada bilərlər:

“Ermənilərə məsləhət görə bilərlər ki, hansısa bir məsələdə təkid edin və s. Yəni onlara lazımdır ki, ortaya problemlər çıxsın, onlar da gəlib problemləri həll etmək əvəzinə, uzadılmasına çalışsınlar”.

Reyting.az






Bölməyə aid digər xəbərlər