00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Henri Kissincer: “Ukrayna Rusiyanın şərtlərini qəbul etməli, ruslara torpaq verməlidir”
Tarix: 24-05-2022 14:57 | Bölmə: Slayd
Henri Kissincer: “Ukrayna Rusiyanın şərtlərini qəbul etməli, ruslara torpaq verməlidir”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin Davosda keçirilən Dünya İqtisadi Forumunda “Avropa Ukraynanı Rusiyanın şərtləri ilə razılaşmağa məcbur etməli, Kiyev Moskvaya torpaq verməlidir”,- sözləri dünya siyasətində ciddi müzakirələrə səbəb olub.

Reyting.az
xatırladır ki, 1970-ci illərdə Riçard Nikson və Cerald Fordun rəhbərliyi altında çalışmış, soyuq müharibə dövründə ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynamış keçmiş dövlət katibi Henri Kissincerin “Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir”, - bəyanatı birmənalı qarşılanmayıb.

Dünya İqtisadi Forumunda çıxış edən 98 yaşlı keçmiş dövlət katibinin dediyi sözlər bu gün Qərb mediasında müzakirə predmetinə çevrilib.

Böyük dövlət xadimi çıxışında Qərbi Ukraynada Rusiya qüvvələrini əzmək səylərindən əl çəkməyə çağırıb və bunun Avropanın uzunmüddətli sabitliyi üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib.

Qərbin bu anın əhval-ruhiyyəsinə qapılmasının və Rusiyanın Avropa güc balansındakı yerini unutmasının ölümcül olacağını vurğulayan Kissincer, müharibənin uzanmasına icazə verilməməsinin vacibliyini söyləyib.

Avropanın Ukraynanı danışıqların şərtləri ilə hesablaşmağa məcbur etməsini vacib sayan Kissincer bildirib ki, yaxın iki ay ərzində gərginlik yaratmadan danışıqlara başlanmalıdır: “İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı. Bu andan etibarən davam edən müharibə Ukraynanın azadlığından yox, Rusiyaya qarşı başladılan yeni bir müharibə olacaq”.

Kissincer əlavə edib ki, Rusiya 400 ildir Avropanın əvəzolunmaz hissəsi və kritik dövrlərdə Avropanın güc balansının qarantı olub. “Avropa liderləri bu uzunmüddətli əlaqələri gözdən qaçırmamalı və Rusiyanı Çinlə davamlı ittifaqa itələməməlidir”, - Kissincer bildirib.

Keçmiş dövlət katibinin “Avropa Ukraynanı Rusiyanın şərtlərinin qəbuluna məcbur etməlidir”,- sözləri bu gün Qərb mediasında geniş əks-səda doğurub. Britaniyanın “Teleqraf” və “Daily Mail” qəzetləri Kissincerin sözlərini “Ukrayna Rusiyaya torpaq verməlidir”, - başlığı ilə dərc edib.

Ukrayna prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya liderlərinə videokonfrans vasitəsilə müraciət edib. Ukraynada hər gün 100-ə yaxın mülki vətəndaşın həyatını itirdiyini deyən Zelenski, “Müharibə mənasız və çox axmaq hərəkətdir. Bizim bir-birimizlə döyüşməyimiz üçün heç bir səbəb yoxdur. Bu, bizim üçün böyük faciədir. Var olmaq üçün mübarizə aparmalıyıq”,- ifadələrini işlədib.

Rusiya prezidentinin dialoqda maraqlı olmadığını deyən Zelenskinin sözlərinə görə, Putini onların düşüncələri maraqlandırmır. “Kobud güc danışmır, öldürür. Rusiyanı qlobal iqtisadiyyatdan tamamilə kəsməliyik. Belə olmalıdır. Rusiya ilə ticarət yoxdur. Rusiya neftinə tam embarqo qoyulmalı, bütün Rusiya bankları qlobal sistemlərdən kənarlaşdırılmalıdır. Dünyanı kobud güc tətbiq edənlər idarə edə bilməz”, - Zelenski deyib.

Qərb mətbuatının Kremldəki mənbələrə əsaslanaraq verdiyi məlumata görə, Moskva müharibənin bitməsi üçün 6 şərt irəli sürür. Rusiya bəyan edir ki, Ukrayna NATO-ya üzv olmamalı və neytrallığını qorumalıdır.

2014-cü ildə ilhaq olunmuş Krımın Rusiyanın tərkibində tanınmasını tələb edən Moskva Donetsk və Luqansk “xalq respublikalarına” da müstəqillik verilməsini istəyir.

“Ukrayna Rusiyaya təhlükə yaradan silahlardan təmizlənməlidir”,- deyən rəsmi Moskva rus dilinin Ukraynada ikinci dil kimi tanınmasını da tələb edir.

Rusiyanın tələblərindən biri də rus dilindən istifadəni qadağan edən qanunların ləğvidir.

Qeyd edək ki, Rusiya Krım, Donetsk və Luqanska təzyiqlərini davam etdirsə də, Ukrayna bu bölgələrdən çəkilmir. Ukrayna prezidenti Zelenski isə sülh danışıqlarının uğurlu olması üçün Rusiyanın işğaldan əvvəl saxladığı torpaqlara qayıtmasını və bunun Ukrayna üçün “qırmızı xətt” olduğunu bəyan edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər