00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Ukraynanı satan, Krım türklərini təqib edən gözəlçə sürgün edilə bilər
Tarix: 14-06-2022 16:13 | Bölmə: Slayd
Ukraynanı satan, Krım türklərini təqib edən gözəlçə sürgün edilə bilər

2014-cü ildə - Ukraynaya xəyanətdən sonra Ukrayna Baş Prokurorluğunun Cinayət Proseslərində Hüquq Mühafizəsinə Nəzarət Baş İdarəsinin keçmiş prokuroru Nataliya Poklonskaya ilə bağlı yeni məlumat yayılıb.

Reyting.az
xəbər verir ki, Rusiya prezidenti Putin tərəfindən əvvəlcə Krıma “Baş prokuror” təyin edilən, daha sonra Dövlət Dumasının deputat mandatına sahiblənən Poklonskaya 8 il ərzində əvvəlcə siyasi, daha sonra diplomatik və ya məmur kimi karyera qurmaq şansı qazansa da, hazırda işsizdir. İyunun 13-də Kreml rəhbəri Poklonskayanı “Rossotrudniçestvo” rəhbərinin müavini vəzifəsindən qovub.

2014-cü ildə yarımada Rusiya ordusu tərəfindən ələ keçirilən zaman ilhaq edilmiş Krımın “Baş prokuroru” vəzifəsini qəbul etməyə razılaşan Poklonskaya bununla Ukraynaya xəyanət edib. Ukraynanın Krım Muxtar Respublikası prokurorunun müavinləri - Vyaçeslav və Pavlov bu vəzifədən imtina etsələr də, Poklonskaya öz hərəkətləri ilə ilahqın leqallaşdırılmasına köməklik göstərib.



Ukrayna Baş Prokurorluğundan qovulan Poklonskaya qarşı hakimiyyətin ələ keçirilməsinə şəriklik və dövlətə xəyanətə görə cinayət işi açılıb. İstintaq yalnız 2021-ci ildə tamamlanıb və hazırda iş məhkəmədədir.

2014-cü il martın 25-də Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykanın əmri ilə 33 yaşlı Poklonskaya “Krım Respublikası”nın işğalçı orqanlarının qondarma “Baş prokuroru” təyin edilib və iki gün sonra o, Rusiya ədliyyəsinin baş məsləhətçisi rütbəsinə layiq görülüb, bir ay sonra Çayka ona Rusiya Baş Prokurorluğu əməkdaşının arayışını verib. Bir il sonra o, Putinin fərmanı ilə üçüncü dərəcəli dövlət ədliyyə müşaviri olub.

Bu müddət ərzində ilhaq edilmiş yarımadada Krım tatarlarına qarşı təqiblər başlayıb. Məclisin sədri Refat Çubarovun Krıma və Rusiyaya girişinə qadağa qoyulub, Rusiyada terror təşkilatı kimi tanınan Krım Tatar Xalq Məclisinin fəaliyyəti ləğv edilib

Bundan sonra gözəlçə prokuror çirkli işlərinə görə mükafatlandırılıb. 18 sentyabr 2016-cı ildə Poklonskaya siyasi karyerasına başlayıb. O, Krımda hökumətyönlü “Vahid Rusiya” partiyasından seçildiyi Rusiya Federasiyası Dövlət Dumasının deputatı kimi mandat alıb. Bundan sonra Poklonskaya ilə rus siyasətçilər arasında insidentlər başlayıb. Poklonskaya gələcək imperator II Nikolayın balerina Matilda Kşesinskaya ilə sevgi münasibətindən bəhs edən “Matilda” bədii filminə hücumu ilə yadda qalıb.



Poklonskaya Rusiya Federasiyasının Baş Prokurorluğuna filmin yaradıcılarının hərəkətlərində, daha dəqiqi, tarixin təhrif edilməsində mümkün pozuntular barədə 43 müraciət yazıb. Amma onun prokurorluqdakı keçmiş həmkarları heç bir qanun pozuntusu aşkar etməyiblər. Nəticədə Poklonskaya 25 oktyabr 2017-ci ildə Moskvadakı Qırmızı Meydanda Rusiya Federasiyasının Baş prokuroru Çaykaya müraciət yazmaq qərarına gəlib. Yəni xainliyinin qarşılığında mandat alan deputat Poklonskaya Putinin ən sadiq adamını fəaliyyətsizlikdə ittiham edib.

Bundan başqa, Poklonskaya Rusiyanın getdikcə pisləşən demoqrafik böhran fonunda həyata keçirməli olduğu pensiya islahatının əleyhinə səs verən “Vahid Rusiya” fraksiyasının yeganə üzvü olub. Nəticədə Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverov ona səlahiyyətlərinə xitam vermək üçün “qərar verməyi” tövsiyə edib.

Poklonskaya səlahiyyət müddətinin sonuna qədər Dövlət Dumasında oturub və 2021-ci il seçkiləri üçün “Vahid Rusiya” daxilində keçiriləcək praymeriz üçün sənədlər təqdim edib. Lakin əvvəlcə təşkilatçılar onun bütün sənədləri vaxtında təqdim etməyə vaxtının olmadığını bildiriblər, sonra isə keçmiş prokuror guya yeni işə düzəlmək üçün namizədliyini geri götürüb.

Xainin yeni işi Afrika adası - Kape Verde Respublikası olmalı idi. 2021-ci il oktyabrın 13-də Putin Poklonskayanı oraya səfir təyin edib. Lakin o, adaya ayaq basmayıb. Ukrayna bu təyinata cəld reaksiya verib və Rusiyanın xarici dövləti ələ keçirməsinə şərait yaratmaqda ittiham olunan diplomatın gəlişi ilə bağlı Kabo-Verde hakimiyyətinə etiraz göndərib.

Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, səfir təyin edildikdən sonra qəbul edən dövlət razılaşma (əvvəlcədən razılıq) vermədiyi üçün xain səfir postunu tuta bilməyib.

“Niyə vəzifəyə başlamadım? Şəxsi şəraitim dəyişib. Həmişə deyirəm, təkrar edirəm: ölkəmizə faydalı olmaq istəyirəm. Ona görə də dövlətə faydalı olacağım istənilən vəzifəyə hazıram”, - Poklonskaya o vaxt yazırdı.

Daha sonra Kreml qərara alıb ki, Poklonskaya “Rossotrudniçestvo” rəhbərinin müavini kimi daha faydalı olacaq. Bu agentlik Müstəqil Dövlətlər Birliyinin (MDB) uzun müddət fəaliyyət göstərməyən strukturları ilə əməkdaşlıq edir. Poklonskayanın bu ölü quruluşda nə edəcəyi məlum deyildi. Lakin o, federal agentlikdə cəmi dörd ay işləyib.

Müşahidəçilər qeyd edir ki, onun bu işdən qovulmasına səbəb Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mövqeyidir. Hələ aprel ayında Poklonskaya Telegram səhifəsində “xüsusi əməliyyatı” üstüörtülü qınayıb və çağırışçıların müharibəyə göndərildiyini təsdiqləyib.



“Əsgərlər, sadə insanlar həyatını itirir, çoxları şikəst olur, daha nə qədəri olacaq? Nə qədər hərbi əsir, nə qədər dərd... Bunların hamısının adı fəlakət, faciədir...”, - Poklonskaya Ukrayna savaşı haqqında yazıb.

Görünür, Ukraynanın xaini sadəcə unudub ki, o, indi azad ölkədə yaşamır. Kremldəki ağalarının isə indi onun üçün hansı yer tapacağı məlum deyil.

Poklonskayanın Ukrayna ərazilərdində qurulan saxta respublikalara “sürgün” edilməsi mümkündür. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko martın əvvəlində Poklonskayanın Xerson vilayətində göründüyünü yazıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər