00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Professor: “Şuşa Bəyannaməsi sosial və iqtisadi sahələri də önə çıxarır”
Tarix: 15-06-2022 15:52 | Bölmə: Slayd
Professor: “Şuşa Bəyannaməsi sosial və iqtisadi sahələri də önə çıxarır”

Bu gün Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən Şuşa şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci ilin 15 iyununda imzalanan bəyannamənin böyük əhəmiyyəti var. Azərbaycan və Türkiyə dövlətləri Şuşa Bəyannaməsini imzalamaqla əlaqələrini daha üst səviyyəyə qaldırdılar və hətta faktiki olaraq, bir-birinin təhlükəsizliyinə zamin durmuş oldular.

Türkiyədə yaşayan azərbaycanlı professor Toğru İsmayıl Reyting.az-a deyib ki, əslində söhbət çox ciddi bir sənəddən gedir.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalanması ilə 44 günlük savaşdan sonra Azərbaycanı daha da gücləndirib və Türkiyə ilə münasibətlər strateji əməkdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə keçib: “Çox müsbət hal həm də o oldu ki, hər iki dövlətin parlamenti və prezidenti qısa müddətə bu sənədi ratifikasiya etməklə onu qanun halına salmış oldu. Digər tərəfdən, Azərbaycan öz təhlükəsizliyini təmin etdi, üçüncü ölkələr tərəfindən təhlükə fonunda Türkiyə ilə əlaqələrini daha da gücləndirdi”.

Toğru İsmayılın fikrincə, bu bəyannamə regionda sabitliyin və təhlükəsizliyin yaranmasına töhvə versə də, ikili münasibətlərin bütün sahələrini də özündə əks etdirir: “İki ölkə arasında əməkdaşlıq təkcə təhlükəsizlik və hərbi sahədə deyil, eyni zamanda sosial, siyasi, iqtisadi və təhsil sahələrini də önə çıxarır. Bunları kompleks götürsək, Azərbaycan və Türkiyə bu sənədə imza atmaqla qardaşlıq əlaqələrini daha irəli apardılar”.

Professorun sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalanması ilə yanaşı mövcud mexanizmlər imkan verir ki, sənəddə öz əksini tapanlar həyata keçirilsin:

“Öncə bilməliyik ki, bəyannamə dövlət qanunu səviyyəsinə çıxarılıb. Bundan sonra hər iki dövlət daxili mexanizmlərini bir-birinin fəaliyyətinə uyğunlaşdıracaq. Eyni zamanda bu müddət ərzində iki dövlətin Təhlükəsizlik Şurasının birgə iclası, məsləhətləşmələri, qarşılıqlı ziyarətlər, təhsil sahəsində yaxınlaşmanı gördük. Eləcə də iqtisadi və sosial sahələrdə də bunlar özünü göstərəcək. Bu kimi addımlar tədricən reallaşacaq”.

T. İsmayıl əlavə edib ki, Şuşa Bəyannaməsində əsas elementlərdən biri üçüncü dövlətin müttəfiqlərdən birinə hücum olacağı təqdirdə hər iki dövlətin ortaq hərəkət etməsidir: “Mənim qənaətimcə, bu, Azərbaycan üçün olduqca vacib məsələlərdən biridir. Sözsüz ki, belə bir sənədin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da keyfiyyətli olmasının əsasını yaradacaq. Bu sənəd hər iki qardaş ölkənin maraqlarını tam təmin edir”.

T. İsmayıl sonda bu sənədin ildönümü münasibəti ilə hər iki ölkənin vətəndaşlarını təbrik edib.




Bölməyə aid digər xəbərlər