Putinin düşməni xəbərdar edir: növbəti hədəf NATO-dur!
Tarix: 20-06-2022 13:51 | Bölmə: Slayd
Putinin düşməni xəbərdar edir: növbəti hədəf NATO-dur!
Mixail Xodorkovski

Mühacirətdə olan rusiyalı oliqarx Mixail Xodorkovski Rusiyanın Ukraynaya müdaxiləsi uğur qazanacağı təqdirdə prezident Putinin növbəti hədəfini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, vaxtilə Rusiyanın ən varlı iş adamı olan Xodorkovski iddia edib ki, Putin ölkədəki daxili problemlərin həlli üçün NATO ilə müharibəyə başlaya bilər.

Xodorkovski bəyan edib ki, Putin Ukraynanın Donbass bölgəsini ələ keçirmək məqsədinə nail olarsa, Qərblə münaqişə təhlükəsi daha da artacaq.

Analitiklər Xodorkovskinin xəbərdarlığının NATO-nun baş katibi Stoltenberqin Ukrayna müharibəsi ilə bağlı bəyanatından dərhal sonra verilməsini təsadüfi saymırlar.

Dünən Almaniya mətbuatına açıqlama verən Stoltenberq deyib: “Biz müharibənin illərlə davam edə biləcəyinə hazırlaşmalıyıq və Ukraynaya dəstəyi dayandırmamalıyıq. Biz Ukraynanı təkcə hərbi dəstək üçün deyil, hətta xərclər yüksək olsa belə, enerji və ərzaq qiymətlərinə görə də dəstəkləməliyik”.

Ukrayna ordusuna ən müasir silahların verilməsinin Donbass bölgəsinin Rusiyanın nəzarətindən azad edilməsinə kömək edə biləcəyini vurğulayan baş katib son açıqlamasında bildirib ki, NATO Sammitində Ukraynaya yardım paketi ilə bağlı razılaşma gözlənilir.

Digər tərəfdən, Britaniya ordusunun yeni Baş Qərargah rəisi general Ser Patrick Sanders ingilis əsgərlərinə “Avropada döyüşməyə hazır olun”,- mesajını verib.

Sanders, Rusiyanın Ukraynaya təcavüzünün yeni bir təhlükəsizlik dövrünə yol açdığını vurğulayıb: “Hazırda müttəfiqlərimizlə bərabər döyüşdə Rusiyanı məğlub edə biləcək bir ordu yaratmaq imperativi var”.

Əvvəllər Şimali İrlandiya, Kosovo, İraq və Əfqanıstandakı əməliyyatlara komandanlıq etmiş 56 yaşlı general Sanders bəyan edib ki, hərbçilər Avropada döyüşmək üçün yenidən hazırlanmalıdır.

General ordunun modernləşdirilməsi planlarını sürətləndirəcəyini və böhranlara daha tez cavab vermək üçün xaricə daha tez-tez yerləşdirməyi vəd edib.

Qeyd edək ki, Xodorkovskinin son açıqlaması Avropada kifayət qədər ciddi qarşılanır.

Onu da xatırladaq ki, Rusiyanın keçmiş neft maqnatı M. Xodorkovski 2003-cü ilə qədər Rusiyanın ən varlı adamlarından biri idi. Putindən siyasi səbəblərdən ayrılan oliqarx maliyyə ittihamları ilə üzləşib və 9 il həbs cəzası alıb. 2013-cü ildə həbsdən çıxan Xodorkovski o vaxtdan Kreml və Putini tənqid etməsi ilə diqqət çəkir.

Rusiyalı oliqarx 2015-ci ildən İngiltərənin paytaxtı Londonda yaşayır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}