Rusiya-Ukrayna döyüşləri daha da şiddətlənəcək - Hərbi ekspert
Tarix: 21-06-2022 11:04 | Bölmə: Slayd
Rusiya-Ukrayna döyüşləri daha da şiddətlənəcək

“Rusiya ordusunun Donbasda müəyyən təşəbbüsləri ələ alması, irəliləməsi haqda xəbərlər çoxalır. Amma mənim fikrimcə, bunu böyük irəliləyiş kimi təqdim etmək strateji baxımdan səhv olardı. Niyə? Çünki az qala iki aydır ki, rus ordusu kiçik bir şəhəri nəzarətə götürə bilmir. Mən Severdonetsk yaşayış məntəqəsini nəzərdə tuturam. Ən yaxşı halda 3-5 kilometr irəliləyə bilirlər. Həm də, bunun üçün ordunun bütün gücünü və resursunu sərf edirlərsə, buna irəliləmək demək olmaz”.

Bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə Ukrayna-Rusiya müharibəsi ilə bağlı real vəziyyəti şərh edərkən deyib.

Ukrayna Silahlı Qüvvələrinin hansısa ərazini tərk edən ana qədər düşmənə ciddi zərbələr vurmağa çalışdığını bildirən A. İsazadənin fikrincə, yuxarıda qeyd etdikləri düşünülmüş formadır və bu cür də davam edəcək:

“Üstəlik, unutmayaq ki, Xerson istiqamətində Ukrayna ordusunun əks-həmlə əməliyyatı davam edir, bəzi kəndlər və məntəqələr azad edilir. Ukrayna tərəfinin rəsmi məlumatına görə, ölkə ordusu Xersonun bir neçə kilometrliyindədir. Amma baş verənlər göstərir ki, savaş tədricən mövqe müharibəsinə çevrilir. Rusiya çalışır ki, Qərb ölkələrindən gətirilən silahlar Ukrayna ordusuna çatdırılana qədər maksimal əraziləri nəzarətə götürsün”.


A. İsazadə

A. İsazadənin ehtimalına görə, əsas savaş və hərəkətlənmə Qərb silahlarının Ukrayna ordusunun əlinə çatmasından sonra başlayacaq: “Bu halda Ukrayna əks-hücuma keşə bilər. İndi Ukrayna ordusu çalışır ki, yeni silahları əldə edənə qədər minimum ərazilər itirsin, əsas mövqeləri qoruyub saxlasın, xüsusilə strateji nöqtələri əldən verməsin. Problem ondadır ki, Qərb silahları Ukraynaya tədricən gətirilir və bu proses ləng gedir. Bu isə yaxşı hal deyil. Amma güman edirəm ki, Ukrayna ordusu yeni silahlara sahibləndikdən sonra vəziyyət daha ağır olacaq, döyüşlər şiddətlənəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}