16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya-NATO hərbi qarşıdurması reallaşmaq üzrədir - İlk hücum Litvaya ola bilər
Tarix: 21-06-2022 16:55 | Bölmə: Slayd
Rusiya-NATO hərbi qarşıdurması reallaşmaq üzrədir - İlk hücum Litvaya ola bilər

Litvanın Avropa Birliyinin sanksiyasına məruz qalan Rusiya məhsullarının tranzitinə qadağa qoyması regionda böhranı dərinləşdirib və Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riskini artırıb.

Reyting.az
diqqətə çatdırır ki, Ukrayna müharibəsi səbəbindən Avropanın (AB) Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaları dəstəkləyən Litvanın bəzi malların Rusiyanın Kalininqrad ərazisinə daşınmasını qadağan etməsi böhrana səbəb olub. Dünən həm Kremlin sözçüsü Dmitri Peskov, həm də Rusiya Xarici İşlər Nazirliyi Litvanın bu addımına sərt reaksiya veriblər.

Xatırladaq ki, Litva hakimiyyəti sanksiyalar siyahısında olan kömür, metallar, tikinti materialları və yüksək texnologiyalı məhsulların öz ərazisi vasitəsilə Kalininqrada keçirilməsini qadağan edib. Söhbət Rusiyanın bir ərazisindən digər ərazisinə tranzit yolla daşınan mallardan gedir. Bu mallar Litva vasitəsilə daşınır ki, artıq buna qadağa tətbiq edilib.

Kremlin sözçüsü Peskov deyib ki, Litvanın bu qərarı hər şeyin pozulmasıdır: “Biz başa düşürük ki, bu, Avropa Birliyinin sanksiyaların tranzitə də şamil edilməsi ilə bağlıdır. Biz bunu qanunsuz hesab edirik. Vəziyyət ciddidir. Hər hansı bir profilaktika və qərar verməzdən əvvəl onu çox dərin təhlil etmək lazımdır. Bir neçə gündən sonra vəziyyətə aydınlıq gətiriləcək. Vahid münasibət üçün bölmələr arasında görüşlər keçiriləcək”.

Litvanın rus mallarının qarşısını kəsməsinə Rusiya Xarici İşlər Nazirliyi daha sərt reaksiya verib və rəsmi Vilnüsu təhdid etməkdən çəkinməyib: “İyunun 20-də Litvanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Vilnüs tərəfindən Litva ərazisindən Kalininqrad vilayəti üzərindən əvvəlcədən xəbərdarlıq edilmədən müxtəlif malların dəmir yolu ilə daşınmasına qoyulan qadağaya etiraz edərək, bu məhdudiyyətlərin dərhal aradan qaldırılması tələb olunub. Biz bildirmişdik ki, Litvanın beynəlxalq hüquqi öhdəliklərini pozmaq barədə təxribatçı və düşməncəsinə qərarını nəzərə alırıq. Bununla bağlı qeyd edilib ki, son vaxtlar Litva üzərindən Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının qalan əraziləri arasında materialların tranziti tam bərpa olunmazsa, Rusiya öz milli maraqlarını qorumaq üçün hərəkət etmək hüququnu özündə saxlayır”.

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev də Kalininqradın təhlükəsizliyini müzakirə etmək üçün bu gün bölgəyə gedib. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis isə AB sanksiyalarını tətbiq etdiklərini bildirərək qərarı müdafiə edib.

Onu da xatırladaq ki, Baltik dənizi sahilində Rusiya ilə Rusiyanın Kalininqrad ərazisi arasında yeganə dəmir yolu Litva ərazisindən keçir. Rusiyanın NATO və Aİ üzvü Litvaya sərt xəbərdarlığı Ukrayna müharibəsi ilə Rusiya-NATO münaqişəsi riskinin artdığını və hərbi ittifaqın müharibəyə cəlb oluna biləcəyindən narahatlığını gündəmə gətirib.

Rusiyanın Litvaya və ya hər hansı alyans üzvünə qarşı müdaxiləsi NATO tərəfindən bütövlükdə alyans üçün “müharibə elanı” kimi qiymətləndirilir.

“Politico” nəşri isə yazır ki, hazırda Suvalki dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. NATO ilə müharibə olacağı təqdirdə bu ərazi Rusiya hakimiyyətinin ilk hədəfi ola bilər. Qeyd olunur ki, Litvanın cənub-şərq sərhədində yerləşən dəhliz strateji əhəmiyyətə malikdir. Qərb hərbi planlaşdırıcıları xəbərdarlıq edirlər ki, bu ərazi Putinin ilk hədəfi ola bilər. Analitiklər Moskvanın Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə biləcəyinin nəzərə alınmasına diqqət çəkirlər.

Sonda onu da qeyd edək ki, Almaniya kansleri Olaf Şolts bu ay NATO-nun Litvada yerləşən qərargahına səfər edib. O, buradakı alman əsgərləri ilə görüşüb və daha sonra Kiyevə gedərək Ukraynaya dəstəyini sərgiləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}